Modern.az

Qafqaz Müsəlmanları İdarəsindən etiraz

Qafqaz Müsəlmanları İdarəsindən etiraz

Təhsil

13 Sentyabr 2012, 16:30

ABŞ-da çəkilmiş və Həzrəti Məhəmmədin (s) xoşagəlməz formada təqdim olunduğu “Müsəlmanların məsumluğu” filmi İslam aləmində ciddi etirazlar doğurub.

Liviya, Misir və Yəməndə ABŞ-ın səfirliklərinə silahlı basqınlar edilib, ölən və yaralananlar var.

Sözügedən ekran əsəri müsəlman ölkəsi olan Azərbaycanda da hiddət doğurub. Modern.az saytının məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məsələyə münasibət bildirməyə hazırlaşır və bununla bağlı qurumun bəyanatı olacaq.

QMİ-nin sədr müavini Qəmər Cavadlı əməkdaşımızla söhbət zamanı bildirib ki, “İslam dövlətlərinin olayla bağlı mövqeyi necədirsə, bizim də mövqeyimiz eyni olacaq. Amma QMİ-nin rəsmisi olaraq əlavə şərh vemək istəmirəm”.

Q.Cavadlı deyib ki, QMİ məsələyə münasibətini hadisələrin gedişindən aslı olaraq, müxtəlif şəkildə bildirəcək.

***

Məhəmməd Peyğəmbəri təhqir edən filmin internetdə yayılmasından sonra İslam ölkələrində baş verən ixtişaşlara bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə münasibətini açıqlayıb.

Bütün Qafqazın şeyxi ANS vasitəsilə bəyan edib ki, İslam Peyğəmbəri haqqında anti-islam filmi çəkən şəxslər beynəlxalq sülhü şübhə altına almış olurlar. O qeyd edib ki, onların qarşısı tez bir zamanda vətəndaşları olduqları dövlətlərin rəsmi strukturları tərəfindən alınmalıdır. Bununla yanaşı, Hacı Allahşükür Paşazadə hesab edir ki, İslamı terrorla eyniləşdirmək cəhdlərinə də yol vermək olmaz. Birləşmiş Ştatların Liviyadakı səfirinin öldürülməsi ilə nəticələnən ixtişaşları pisləyən Şeyx dünya müsəlmanlarını təxribatlara uymamağa çağırıb.

“İslam Peyğəmbərinin təhqir olunması yolverilməzdir! Bunu törədən şəxslər dinlərarası dostluğa və mehriban əməkdaşlığa böyük zərbə vururlar. Azərbaycan və bütün dindarlar Misirdə, Benqazidə baş verən hadisələrə, ümumilikdə terrorizmə qarşı çıxır. Azərbaycan xalqı terrorizmin nə oldugunu yaxşı bilir və onun bütün növlərinə etiraz edir”, - deyə, Şeyxülislam vurğulayıb.

Bütün Qafqazın şeyxi belə hadisələrdə din xadimlərinin üzərinə böyük bir məsuliyyətin düşdüyünü xatırladıb və yaranmış vəziyyətlə əlaqədar dünyanın aparıcı dövlətlərinin iştirakı ilə dünya din xadimlərinin təcili toplantısının çağırılmasına ehtiyac yarandığını bəyan edib: “Dünya din xadimləri bu məsələnin aydınlaşması üçün konfrans çağırmalı, siyasi xadimlər isə məsələyə dair öz sözlərini deməlidir”.

***
 "Məhəmməd Peyğəmbəri təhqir edən “Müsəlmanların Məsumluğu” adlı filmə qarşı etiraz aksiyalarını təbii bir proses hesab edirəm. Əlbəttə ABŞ-ın Liviyadakı səfirinin və əməkdaşlarının öldürülməsini təqdir eləmirəm. Amma bütün hallarda filmi çəkən qüvvələr bunu nəzərə almalı idilər".
Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı yəhudilərin maliyyə dəstəyi hesabına başa gələn "Müsəlmanların Məsumluğu" adlı filmin doğurduğu etirazlara münasibət bildirərkən deyib. Onun fikrincə belə bir filmin çəkilməsi, üstəlik onun yəhudilər tərəfindən maliyələşdirilməsi müsəlman aləmində qıcıq doğurmaya bilməzdi. Partiya sədri hesab edir ki, Qərb qüvvələrinin karrikatura olayının ardınca Məhəmməd peyğəmbəri təhqir edən film çəkməsi İslama qarşı planlı bir hücumun tərkib hissəsidir və bu hücum əsrlərdir davam edir. AİDP olaraq bu hadisəni pislədiklərini bildirən T.Abbaslı hesab edir ki, Qafqaz Müsəlmanları İdarəsi də bu olaya biganə qalmamalıdır. Bununla belə AİDP sədri diplomatların öldürülməsini düzgün hal saymır:
"Mənə elə gəlir ki, Qərbin, konkret olaraq yəhudilərin belə bir addımına sivil yollarla cavab vermək, ictimai qınaq yaratmaq lazım idi. Onsuz da Qərbin İslama hücumları baş tutmayacaq. İslama və onun Peyğəmbərinə olan münasibəti dəyişmək mümkün deyil. Əksinə belə hadisələr xristianların İslama axınını artırır".

Mail Ağaxanov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır