Modern.az

“Şəhid valideynlərinin əsas istəyi övladlarının adının unudulmamasıdır” 

“Şəhid valideynlərinin əsas istəyi övladlarının adının unudulmamasıdır” 

13 Aprel 2021, 15:50

"Bu gün şəhid valideynlərinin əsas istəyi övladlarının adının unudulmamasıdır. Məsələ ilə bağlı təmsil etdiyim Bərdə rayonundan olan şəhid ailələrindən çoxsaylı müraciətlər alıram. Şəhid valideynləri öz övladlarının adlarının yaşadıqları ərazi üzrə məktəblərə, küçələrə, müxtəlif təşkilatlara verilməsinə köməklik göstərilməsini bizdən xahiş edirlər".

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında çıxış edən deputat Fatma Yıldırım deyib. O bildirib ki, təsdiq olunmuş müvafiq qərara əsasən müraciətlərin həllində müəyyən çətinliklər yaranır:

 

"Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən Milli Qəhrəman olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhidlərin adlarının əbədiləşdirilməsi mümkündür. Qeyd etmək lazımdır ki, həmin qərar 1990-cı illərin əvvəllərində təsdiq olunub. O dövrdə müstəqilliyimizi yeni qazanmışdıq. Amma artıq uzun illər keçib və bu gün Azərbaycan güclü, qüdrətli, ən önəmlisi zəfər çalmış dövlətdir. Bu baxımdan, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun təkmilləşdirilərək, mövcud meyarlara yenidən baxılması məqsədəuyğundur. 

 

Eyni zamanda qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan uğurla inkişaf edib, rayonlarda, xüsusilə kəndlərdə dövlətimizin tərəfindən, həmçinin, Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı yeni məktəblər, uşaq bağçaları açılıb və həmin müəssisələrə vətən uğrunda şəhid olmuş oğullarımızın adları verilə bilər. Təklif edirəm yeni imkanlar dəyərləndirilsin, yaranmış zərurət nəzərə alınaraq Nazirlər Kabinetinin qərarında qeyd olunan meyarlara yenidən baxılsın və mövcud vəziyyətə uyğunlaşdırılsın".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub