Modern.az

Bəzi nazirliklərdəki İctimai şuralar az qala mətbuat xidməti rolunu oynayır - İDDİA

Bəzi nazirliklərdəki İctimai şuralar az qala mətbuat xidməti rolunu oynayır - İDDİA

Aktual

14 Aprel 2021, 09:36

“Nazirliklər yanında yaradılmış İctimai şuralar dünyada qəbul olunmuş fəaliyyətə ictimai nəzarət alətlərindən hesab olunur . Amma bizdə bəzən bu eksperimentin əksi müşahidə edilir”.

 

Bunu Modern.az-a açıqlamasında Konsitutisya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev dövlətə məxsus müəssisələrin idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində yaradılan İctimai şuraların effektivliyi barədə danışarkən bildirib.

 

Nazirliklər problemləri öz bildikləri kimi “həll edirlər”

 

Onun sözlərinə görə, bəzi vəzifəli şəxslər şuraların fəaliyyətinə maneə yaradır:

 

““İctimai iştirakçılıq haqqında” qanunun müəllifi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişilə Konstitusiya Araşdırmaları Fondudur. Daha sonra qanun parlamentdə qəbul olundu. Qeyd edim ki, bir çox nazirliklərin vəzifəli şəxsləri, eyni zamanda vətəndaş sektorunun nümayəndələri tərəfindən İctimai şuraların yaradılmasına müdaxilələr baş verir. Müdaxiləyə cəhdlər bir neçə istiqamətdədir. Birincisi, nazirliklərin rəhbər şəxsləri inzibati resurslardan istifadə edərək, QHT nümayəndələrini həm seçkilərə daxil etməyə, həm də, QHT-lərdən ibarət ayrı-ayrı qruplar yaradaraq, həmin şuralara təsir etməyə çalışırlar. Bir sözlə, nazirliklər qarşıya çıxan problemləri beləcə “həll edirlər”. Təəssüf ki, belə hallar çoxdur”.

 

“Bəziləri arabanın beşinci təkəri rolundadır”

 


Ə.Nuriyevin sözlərinə görə, hətta bəzi qurumlardan ayrı-ayrı şəxslərə vətəndaş cəmiyyəti sektorunda müəyyən təchizatlara təsir göstərmək üçün inzibati sturkturlarla birbaşa məsləhətləşmələr aparılması tapşırılıb:

 

“Belə olan halda İctimai şuralar üzərlərinə düşən vəzifələrin icrasını effektiv həyata keçirə bilmirlər. Onlar yalnız həmin nazirliklərin ya göstərişlərinə ya da onları təyin edən şəxslərin ağzına baxırlar.

Şuralar bir neçə funksiyanı həyata keçirməlidir. Həm həmin qurumun fəaliyyətinə ictimai nəzarət etməli, monitorinq aparmalı, həm də qarşıya çıxan problemlərin müzakirəsinə çalışılmalıdır. Qurumun fəaliyyəti barədə cəmiyyəti məlumatlandırmalı, cəmiyyətlə dövlət qurumu arasında körpü rolunu oynamalıdırlar. Çox təəssüf ki, bəzi şuralarda təmsil olunan vətəndaş cəmiyyəti bu işin öhdəsindən gələ bilmir. Bir tərəfdən həmin qurumun basqısı, digər tərəfdən seçkinin ədalətli olmaması buna gətirib çıxarır. Bəzi nazirliklərdəki ictimai şuralar elə təəssürat yaradır ki, sanki həmin qurumun əlavə İctimaiyyətlə əlaqələr departamentidirlər.

Müşahidə Şuraları ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər, nəninki arabanın beşinci təkərinə çevirilməlidirlər”.

 

“İctimai şuralarına müstəqillik verilməlidir”

 

Ə.Nuriyev qeyd edib ki, şuralara nəzarətin gücləndirilməsi istiqamətində iş aparılır:

 

“Prezident Administrasiyası, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən İctimai şuraların yaradılması ilə bağlı açıq müzakirələr aparıldı və müvafiq kriteriyaların yaradılmasının vacibliyi qeyd olundu. Bu istiqamətdə müəyyən fəaliyyətlərin genişləndirilməsinə başlanılıb. Artıq yerli İcra hakimiyyətləri yanında İctimai şuraların yaradılmasına start verilib. Hazırda monitorinqlər aparılır. 2020-2022-ci illər üçün milli fəaliyyət planı hazırlayanda İctimai şuraların yaradılmasının sürətlənməsində bizim platformanın təklifi də fəaliyyət planına daxil edildi.

Eyni zamanda, açıq hökumət platforması olaraq, bütün dövlət qurumlarına müraciət edərək bildirmişik ki, İctimai şuraların yaradılması zamanı ödənişsiz olaraq, bütün konsultativ və metodik dəstəyi verməyə hazırıq. Reklam Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komistəsi bununla bağlı bizə müraciət edib.

Çox yaxın günlərdə Prezident Adminstrasiyasının iştirakı ilə yerlərdə müşavirələr keçiriləcək. Məsul olan şəxslərə qanunvericilik, prosesin mahiyyəti izah ediləcək ki, qeyri-obyektivlik olmasın.

Çünki ölkə Prezidenti tərəfindən də ictimai nəzarətin gücləndirilməsilə bağlı hər zaman açıq mesajlar verilir. Biz nəzarəti gücləndirmək üçün həmin şuralara müstəqillik verməliyik. Eyni zamanda, ixtisaslaşmış şəxslərin həmin şuralarda təmsili vacibdir. Bütün mərkəzi, yerli icra orqanlarına müraciət edərək bildiririk ki, biz bütün dəstəyi verməyə hazırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü