Modern.az

İctimaiyyət dövlət universitetlərində pullu təhsilin ləğvini istəyir - RƏYLƏR

İctimaiyyət dövlət universitetlərində pullu təhsilin ləğvini istəyir - RƏYLƏR

14 Sentyabr 2012, 09:59

Yaxın zamanlarda Azərbaycanın dövlət ali məktəbləri  ödənişdən azad oluna bilər. Türkiyə dövlət universitetlərində ödənişli təhsilin ləğv olunması Azərbaycanda dövlət universitetlərini bu məsələyə yenidən baxmağa vadar edib. Hətta millət vəkilləri də məsələyə biganə qalmayıblar. Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Abel Məhərrəmov da ali təhsil sistemində ödənişin ləğv olunması fikrinə münasibət bildirib. O, deyib ki, Türkiyənin pulsuz ali təhsil təcrübəsi Azərbaycanda da tətbiq edilə bilər. Rektorun sözlərinə görə, dövlətin siyasəti gənclərin sosial məsələlərinin həll edilməsinə, tələbələrin təhsil haqlarından tədricən azad edilməsinə yönəlib. Deputat qeyd edib ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da tələbələr təhsil haqlarından tam azad edilə bilərlər.

Tələbələr və valideynlər də ali məktəblərin ödənişli olmasının əleyhinədirlər. Onlar da pullu təhsilin ləğv olunmasını istəyirlər. Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil alan Gülnar Şamilova dövlət ali məktəblərinin pullu olmasından tələbələrin uduzduğunu söyləyir. Onun sözlərinə görə, tələbələr dərsdən əlavə həm də maddi problemlərlə yüklənirlər.
”Ona görə də dərsdən yayınırlar. Pullu əsaslarla oxuyan tələbə təhsil haqqını ödəmək üçün valideynlərinə “əl tutmağa” məcbur olur. Tələbələrin maddiyyat ardınca getməsi sonradan təhsili atması ilə də nəticələnir. Ona görə də dövlət universitetlərində ödənişin ləğv olunmasının tərəfdarıyıq”.

İqtisad Universitetində təhsil alan Taleh Şahverdiyev də dövlət universitetlərinin ödənişdən azad olunmasını istəyir:

“Biz hər şeydə xarici təcrübəyə əsaslanırıq. Amma yaxşı şeylərin tətbiqində geri qalırıq. Türkiyə və başqa qonşu ölkələr dövlət universitetlərində ödənişi ləğv ediblər. Bizdə isə tam əksinə. İldən-ilə təhsil haqları qalxır. Bizim də universitetlər Türkiyə təcrübəsindən yararlansalar, daha yaxşı olar”.

Valideynlər də ali məktəblərin pulsuz olmasını arzulayırlar.

2 övladını ödənişli əsaslarla oxudan Aybəniz Alməmmədova da bu  yükdən azad olmağını istəyir:

“Hər il böyük çətinliklə təhsil haqqını ödəyirik. Dövlət belə bir addım atsa, bu yükdən azad olarıq”.

Rauf Ələkbərov deyir ki, övladı ali məktəbə bu il qəbul olub:

“Heç məktəb açılmayıb amma canımı qayğı alıb. Bir il elə tez keçir ki, heç çür çatdırmaq olmur. Bilmirsən ki, 250 manat əməkhaqqı ilə ailə dolandırasan, yoxsa tələbə oxudasan? Dövlətin buna imkanı çatırsa, niyə də belə bir addım atmasın. Universitetlərin ödənişdən azad olunması həm tələbələri, həm də valideynləri sevindirər”.

Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin (hazırkı adı Könüllülərin Beynəlxalq İctimai Birliyi) rəhbəri Elnur Məmmədov da dövlət universitetlərinin ödənişdən azad olunmasının tərəfdarı olduğunu deyir. Onun sözlərinə görə, dövlət universitetlərinin ödənişli olması bir qədər qəribə haldır:

“Mənim fikrimcə, bu tamamilə yolverilməz bir şeydir. Azərbaycan yeni müstəqillik qazandığı illərdə təhsilin pullu olması normal hal idi. Çünki maddi çatışmazlıqlar, müəllimlərin maaşlarının azlığı və bu kimi səbəblər var idi. Amma indi belə problemlər yoxdur. Millət vəkillərinin də səsləndirdiyi kimi, dövlət ali məktəblərində pulsuz sistemə keçmək üçün dövlətin kifayət qədər imkanı var. O səbəbdən də dövlət universitetlərində pullu təhsili tətbiq etmək bir qədər normal deyil. Həm də dövlət ali məktəblərində ödənişlər də yüksək səviyyədədir. Bu həm insanların təhsil almaq istəklərinin qrşısına sədd çəkir, həm də onların valideynlərinin yaşayışına çətinlik törədir. Hesab edirəm ki, Azərbaycanda dövlət universitetlərinin ödənişsizə keçməsinin vaxtı çatıb. Bu yöndə addımlar atılmalıdır”.

E.Məmmədov onu da deyir ki, vaxtilə universitetlərin ödənişli olmasının müvəqqəti olacağını söyləyirdilər. Hətta bir müddətdən sonra ləğv olunacağı haqda da fikirlər səslənirdi. Amma tam əksinə olaraq ilbəil təhsil haqları bilinməyən səbəblərdən artır:

“Hər il təhsil haqları artırılanda Tarif Şurası belə bir addım atmadığını və bundan xəbərsiz olduğunu deyir. Qiymətlərin artma səbəblərini soruşanda isə heç bir səbəb açıqlamır. Mənə elə gəlir ki, dövlət universitetlərində pullu təhsil tədricən ləğv olunmalı və bu yöndə addımlar atılmalıdır. Çünki buna dövlətin kifayət qədər imkanı çatır”.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər