Modern.az

Xaricdəki hansı səfirimiz Vətən müharibəsi zamanı daha çox fəallıq göstərdi...

Xaricdəki hansı səfirimiz Vətən müharibəsi zamanı daha çox fəallıq göstərdi...

14 Aprel 2021, 12:01

İkinci Qarabağ Müharibəsi dönəmində Azərbaycanın həm döyüş meydanında, həm də informasiya savaşında yeritdiyi siyasət hər kəsin diqqət mərkəzinə çevrilmişdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin xarici KİV-lərə verdiyi müsahibələr Vətən müharibəsinin gedişatında əhəmiyyətli rol oynadı. Ali Baş komandanın istənilən suala hazırcavablığı, diplomatik məntiqi Azərbaycanın informasiya savaşında üstünlüyü üçün vacib məqamlar idi. Prezidentin hər müsahibə zamanı diplomatik-taktiki gedişləri, beynəlxalq hüququn qətnamə və qərarlarına söykənən dəqiq və əsaslandırılmış səlis cavabları, ağıllı arqumentləri heç şübhəsiz xaricdə diqqətlə izlənilirdi.


Diplomatiyadan söz düşmüşkən, bəs Azərbaycanın xaricdəki səfirlikləri xalqımızın  44 günlük haqq mübarizəsinə hansı töhfəni verə bildilər?

Azərbaycanın xaricdəki səfirlərinin həmin dövr ərzindəki fəaliyyətini necə qiymətləndirmək olar?


Modern.az
-ın əməkdaşı bu sualı bir neçə siyasət yazarlarına ünvanlayıb.


“Azpost.info”
saytının baş redaktoru Xaqani Səfəroğlunun fikrincə, ABŞ və Böyük Britaniyadakı səfirlərimiz gündəmi daha aktiv tuturdular:


“Müharibə dövründə diplomatik cəbhəmiz öz fəaliyyətini daha da gücləndirmişdi. Azərbaycan diplomatları xaricdə verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Çünki diplomatiya elə bir sahədir ki, yalnız dövlət rəhbərlərinin qeyd etdiyi siyasi prioritet və tezislərin icrası ilə məşğul olurlar. Qarabağ savaşında bəzi böyük dövlətlərdə olan səfirliklərimizin üzərinə xüsusilə ağır yük düşürdü. ABŞ, Böyük Britaniya, Çin, Fransadakı səfirliklərin üzərində böyük məsuliyyət var idi. Bunlar içərisində ABŞ və Böyük Britaniyadakı səfirliklərin fəaliyyəti daha qabarıq oldu və gündəmi daha aktiv tuturdular. Beynəlxalq mətbuata müharibə ilə bağlı çıxışlarında müsbət nəticə əldə edirdilər. Digər səfirliklər də imkan daxilində işləyirdi.

Türkiyədəki səfirimizi qeyd etməyə ehtiyac yoxdur, çünki o ilk gündən bu məsələnin içərisində ən fəal çıxış edənlərdəndir. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilk gündən öz mesajları ilə prosessdə fəal idi.

Əgər onların ictimai rəyə olan təsirindən danışsaq, bu, həmin ölkənin apardığı siyasətindən asılıdır”.


Jurnalist  İmdad Əlizadə bildirib ki, diplomatik boşluqların yaranmaması üçün xaricdəki diaspor təşkilatlarının nümayəndələri bu prosesi öz üzərlərinə götürmüşdülər:


“Müharibə dövründə Azərbaycan xalqı, xaricdə olan səfirliklərimiz, diaspor təşkilatlarımız düşmənə qarşı bir yumruq kimi birləşmişdi. Səfirlərin fəaliyyətinə gəldikdə, onlar Bakıdan verilmiş tapşırıqlar əsasında iş görürlər. Diplomatların əsas işi həm müharibə, həm də post-müharibə dövründə Azərbaycan həqiqətlərini təmsil olunduqları ölkənin ictimaiyyətinə çatdırmaqdır.

Müşahidələrimə görə, müharibə zamanı xaricdəki səfirlərimiz çox fəal çalışırdılar. Xüsusilə Azərbaycanın Los Angelesdəki Baş Konsulluğunu, İtaliyadakı, Türkiyədəki, Gürcüstandakı səfirliklərin fəaliyyətini yüksək qiymətləndirirəm.

Hesab edirəm ki, səfirliklər qarşıya qoyulan vəzifəni yerinə yetirə biliblər. Amma Azərbaycanın xaricdəki diaspor nümayəndələri çox böyük işlər görüblər. Diaspor nümayəndələrimizin təşkil olunan aksiyalarda, tele-debatlardakı çıxışları onu göstərdi ki, müharibə ilə bağlı doğru informasiyanın yayılmasında boşluğun yaranmasına imkan vermədilər. Əgər diaspor təşkilatlarının fəaliyyəti olmasaydı, böyük bir boşluq yaranardı.

Hansı ölkədə diplomatik nümayəndəliyimiz zəif olubsa, o ölkədə diaspor təşkilatlarımız həmin vəzifəni öz üzərlərinə götürüblər ”.


“Ayna.az”
saytının əməkdaşı Anar Bayramoğlu səfirlərin fəaliyyətini o qədər də yüksək qiymətləndirmədiyini qeyd etdi:


“Öncə onu qeyd etmək istəyirəm ki, bizim xaricdə və ölkəmizdə aparılan təbliğatımızın əsas nümayəndəsi Prezident İlham Əliyev oldu. Çünki onun 44 gün ərzində müxtəlif xarici ölkələrin jurnalistlərinə müsahibələr, açıqlamalar verməsini göz önündə idi.

Düzünü desəm, xaricdəki səfirimizin hansınınsa fəal işlədiyini görə bilmədim. Minsk qrupuna daxil olan dövlətlərdəki səfirlərimiz daha fəal işləməli idilər. Bizim üçün əsas dövlət Rusiya idi. Çünki ermənilər orada kompakt halda yaşayırlar. Oradakı səfirimiz Polad Bülbüloğlu daha fəal iştirak etməli idi. O, prezident İlham Əliyev dedikdən sonra atasının evi ilə bağlı fikir bildirdi. Hətta, Polad Bülbüloğlu Rusiya mətbuatına xoşagəlməz açıqlamalar vermişdi. 

ABŞ-dakı səfirimizin də fəaliyyətini o qədər yüksək qiymətləndirmirəm. Gündəlik məlumatları və sosial şəbəkələri izləyən şəxs kimi Fransadakı səfirimizin adını belə bilmirəm.

Qeyd etmək istəyirəm ki, Azərbaycanın haqq davasını beynəlxalq aləmdə ən çox İlham Əliyev və Hikmət Hacıyev təbliğ etdi”.

 

Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?