Modern.az

İlham Əliyev informasiya müharibəsinin də önündədir

İlham Əliyev informasiya müharibəsinin də önündədir

14 Aprel 2021, 16:05

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans çərçivəsində nüfuzlu diplomatların, dünyanın aparıcı araşdırma mərkəzlərinin rəhbərlərinin və təmsilçilərinin suallarına cavab olaraq səsləndirdiyi fikirlər, işğaldan azad edilmiş ərazilərimiz, regionda və dünyadakı geosiyasi vəziyyət, dövlətimizin gələcəyi, xalqımızın strateji hədəfləri ilə bağlı bütün məqamlara aydınlıq gətirilməsinə imkan yaradır.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Detputat qeyd edib ki, 44 günlük müharibə dövründə olduğu kimi, Prezident İlham Əliyev bu gün də erməni yalanlarına qarşı informasiya müharibəsinin önündədir və şəxsi liderlik keyfiyyətləri, natiqlik məharəti, strateji düşüncə tərzi ilə yanaşı, Azərbaycan xalqının yüksək intellektual potensialını, mədəni simasını da bütün dünyaya nümayiş etdirir:

 

“Prezident İlham Əliyev bütün çıxışlarında, müsahibələrində olduğu kimi, ADA Universitetində keçirilən konfransda da xalqımızın qürurunu yüksəklərə qaldırdı. Verilən suallar ən müxtəlif istiqamətləri əhatə edirdi. Cənab Prezidentin cavabları o qədər əhatəli, arqumentləşdirilmiş idi ki, konkret istiqamətlərlə bağlı heç bir əlavə suala imkan yaratmırdı”. 

 

Azər Kərimli Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın bir zaman kəsiyində yürütdüyü siyasətin və bu siyasəti himayə edənlərin mahiyyətini açdığını vurğuladı:

 

“Dövlətimizin başçısı Ermənistanın Birinci Qarabağ müharibəsində də ağır müharibə cinayətləri törətdiyini,lakin həmin dövrdə informasiya mühitinin fərqli olduğunu, vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktların sənədləşdirilmədiyini və sənədləşdirilsə belə, beynəlxalq ictimaiyyətə çatdırılmadığını bildirdi. Yəni Ermənistanın Azərbaycana, Azərbaycan xalqına qarşı cinayətlərinin miqyası o qədər genişdir ki, əgər bütün faktlar sənədləşdirilsəydi, o zaman indikindən daha dəhşətli mənzərənin şahidi olardıq. Ermənilərin, Birinci Qarabağ Müharibəsində yalnız əsir və girovlara qarşı amansız, qəddar, insanlıqdan uzaq davranışları, onların tarixdə misli görünməmiş cinayətlərə əl atdıqlarını sübuta yetirir. Amma bu cinayətlərin əksəriyyəti barədə məlumatlı deyilik və çox güman ki, işğldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri zamanı bu cinayətlərin bir hissəsi torpağın altından üzə çıxacaq və dünya Quba soyqırım kompleksində gördüklərindən daha dəhşətli mənzərələrin şahidi olacaq”.

 

Azər Kərimli deyib ki, bu gün Azərbaycan Prezidentinin öndərliyi ilə həyata keçirilən informasiya siyasəti, ermənilərin son illər ərzində, xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə həyata keçiridikləri ağır müharibə cinayətlərinin izini silməyə imkan vermir:

 

“Biz İkinci Qarabağ savaşının ilk günlərindən Ermənistanın həyata keçirdiyi müharibə cinayətlərinin dərhal qeydə alındığının, sənədləşdirildiyinin, bütün dünyaya nümayiş etdirildiyinin şahidi olduq. Prezident İlham Əliyevin olduqca ağır, mürəkkəb bir dövrdə döyüş əməliyyatlarına rəhbərlik etməklə yanaşı, diplomatiya və informasiya sahəsindəki mücadilənin də ön cərgəsində dayanması, yüksək liderlik keyfiyyətləri nümayiş etdirməsi Ermənistana öz cinayətlərini ört-basdır etməyə imkan vermədi. Ermənistanın, erməni diasporunun və ölkəni himayə edənlərin nəhəng informasiya resursları Prezident İlham Əliyevə məğlub oldular. ADA Universitetində keçirilən konfrans da, düşünürəm ki, Azərbaycan Prezidentinin informasiya sahəsindəki Zəfər yürüşünün önəmli bir hissəsidir. Bu yürüş isə Prezidentimizin liderliyi ilə davam edəcək və bizi yeni uğurlara ilhamlandıracaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir