Modern.az

Tələbə adının məsuliyyəti…

Tələbə adının məsuliyyəti…

14 Sentyabr 2012, 12:48

Hər il olduğu kimi, bu il də minlərlə abituriyent tələbə adını qazandı. Minlərlə tələbənin ailəsində sevinc hissləri yaşandı. Valideynlər övladları ilə qürur duydular, keçirdikləri həyəcan, intizar artıq geridə qaldı. Müəllimlər də sevindi, onların da etimadları doğruldu, çəkdiləri zəhmət hədər getmədi. Tələbə adını qazananlarsa özlərini çox xoşbəxt hesab edirlər. Valdeynlərinin, müəllimlərinin, əzizlərinin, yaxınlarının - bir sözlə, onlardan xoş cavab gözləyənlərin ümidlərini doğrultduqları üçün sevinirlər. Bəlkə də, sevinclərinin səbəbləri sırasına fərqli mühitə düşmə, yeni-yeni dostlar, tanışlar qazanma duyğusu da daxildir. Həm də yuxusuz, gərgin gecə və gündüzlərin, stress və narahatlıqların artıq arxada qalması düşüncəsi onları fərəhləndirir. Bəli,  onlar tələbə adını qazanmaq şərəfini yaşayırlar…

Mən isə Bakı Dövlət Universitetinin məzunu olduğum üçün bu il BDU-nu seçən tələbələrə burada təhsil almağın şərəfindən, məsuliyyətindən azacıq da olsa bəhs etmək istəyirəm.
Həqiqətən də, Bakı Dövlət Universitetinin tələbəsi adını qazanmaq isə bir başqa duyğudur. Çünki çoxlarına nəsib olmayan, ancaq arzusunda olduğu bir məbədin üzvünə çevrilmək insana qürur verir. Müsəlman şərqində  ilk Avropa tipli ali məktəb olan Bakı Dövlət Universiteti yetirdiyi dövlət, elm və mədəniyyət xadimləri ilə, ümumilikdə fəaliyyəti ilə dövlətin və dövlətçiliyin inkişafına birbaşa dəstək olan müqəddəs ali təhsil ocağı kimi qəbul edilir. Düşünürəm ki, bu fikirlərimizin sübutu kimi universitetimizin məzunu olmuş ümummilli lider Heydər Əliyevin «Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir» kəlamını xatırlatmaq kifayətdir. Ulu öndər çıxışları zamanı Bakı Dövlət Universitetinin məzunu olduğunu fəxrlə ifadə etmişdir. Prezident İlham Əliyev də universitetə çox böyük önəm verir. BDU-nu  Azərbaycanın aparıcı təhsil ocağı hesab edərək, onun xüsusi çəkisi olduğunu, bu gün universitetin inkişafının yeni mərhələsini yaşadığını, həm təhsilin keyfiyyətinin, həm də universitetin maddi-texniki bazasının möhkəmləndiyini vurğulayır. Düşünürəm ki, BDU-ya verilən bu dəyər hər birimizdə, o cümlədən yenicə universitet ailəsinin üzvünə çevrilən tələbədə qürur hissləri oyatmaqla yanaşı, məsuliyyət hissini daha da artırmalıdır.

Universitetimizin rektoru, akademik Abel Məhərrəmov mütəmadi olaraq tələbələrlə görüşlər keçirir və bu görüşlər zamanı çox dəyərli fikirlər səsləndirir. Gələcəkdə peşmançılıq keçirmək istəməyən, böyük nailiyyətlərə imza atmaq niyyətində olan hər bir tələbə bu məsləhətlərdən faydalanmalıdır. Yeni dərs ili ərəfəsində  akademik Abel Məhərrəmovun tələbələrlə görüşü zamanı dediyi bir fikri xatırlatmaq yerinə düşərdi. Rektor həmişə tələbələri oxumağa, öyrənməyə, elmin, biliyin faydasını dərk etməyə səsləyir. Təhsil illərinin əhəmiyyətindən bəhs edərkən o, dörd il ərzində qazanılan biliklərin qarşıdakı ən azı 60 ilin tələbatlarını, qayğılarını ödəməyə yetəcəyini söyləyir. Akademik universitetin böyük sərvətlərə malik bir məkan olduğunu bildirərək, tələbələri bilik «torbalarını» bu sərvətdən istifadə edərək nə qədər çox doldursalar, bir o qədər dəyərli həyat yaşayacaqlarına əmin edir. Məncə, bu dəyərli sözlər həyatın mənasını azca da olsa, dərk edən tələbəyə çox böyük stimul ola bilər. 

Təəssüflər olsun ki, bəzi gənclərimiz tələbə adını qazandıqdan sonra kitab-dəftərdən uzaqlaşırlar. Sanki onlarda bir rahatlıq, laqeydlik, səhlənkarlıq yaranır. Əslində isə bu adı, bu etimadı doğrultmaq daha böyük zəhmət tələb edir. Bu baxımdan hər bir tələbə çalışmalıdır ki, oxuduğu günlərin, ayların, illərin qədrini bilsin və bu illərdən maksimum faydalansın. Universitetin bütün imkanlarından istifadə edərək mükəmməl elm, yüksək bilik əldə etsin, təcrübə toplayaraq, hərtərəfli, kamil bir insan kimi yetişsin.

Bakı Dövlət Universiteti hər gün inkaşaf edir, yeniləşir. Gələcəyini düşənən hər bir gənc bu inkişafa dəstək olmalı, yeniliklərdən bəhrələnməlidir. Universitetimizdə müntəzəm olaraq elmi-praktik konfranslar təşkil edilir, tələbələrin ölkə daxilində və ya beynəlxalq konfranslarda təmsil olunmaları üçün imkanlar yaradılır, tələbə təşkilatları, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün bir sıra dərnəklər fəaliyyət göstərir. Bütün bunlardan yaralanmaq, istedadını, qabiliyyətini daha da inkişaf etdirmək isə tələbənin öz ixtiyarındadır.

Yazımı akademik Abel Məhərrəmovun dəyərli bir fikri ilə tamamlamaq istərdim. Rektor həmişə istənilən vəzifədə çalışan insanları vəzifəsinin şərəfini yox, məsuliyyətini hiss etməyə səsləyir. Mən  hər bir tələbəyə qazandığı bu şərəfli adın məsuliyyətini dərk etməyi arzulayıram

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı