Modern.az

Bilik günü məktəblərdə necə qeyd olunacaq?

Bilik günü məktəblərdə necə qeyd olunacaq?

14 Sentyabr 2012, 13:04

Sabahdan ölkədə yeni dərs ili başlayır. 3 aylıq istirahətdən sonra şagirdlər yenidən biliklərini zənginləşdirmək üçün ümumtəhsil məktəblərinə oxumağa gələcəklər. Bəs Bilik günü məktəblərdə necə keçiriləcək?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı Modern.az saytına açıqlamasında bildirib ki, 15 sentyabr Bilik günü olduğundan Bakı məktəblərində xüsusi tədbirlər keçiriləcək, qonaqlar olacaq.

“Eləcə də ilk zəng çalınacaq. Qonaqlar arasında valideyinlərin də çıxışı gözlənilir. Bilik gününün yarım və ya bir saatı tədbirə həsr olunacaq. Daha sonra siniflərdə şagirdlər müəllimlərlə Bilik günü, Azərbaycan, təhsil, tədris barədə danışacaqlar. Sabah heç bir fənn keçilməyəcək.

Nəzərə alsaq ki, ilk dərs günü şənbə gününə təsadüf edir, ona görə həmin günü Bilik bayramı kimi qeyd edəcəyik”.
Z.Əliqızı deyib ki, yeni tədris ilində  Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinflərinə  33.000-dən çox I sinif şagirdinin gedəcəyi gözlənilir. Ötən dərs ilində isə I sinfə qəbul olunan şagirdlərin sayı 32 min 818 nəfər idi. 

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov da bildirib ki, bütün məktəblərdə tədbirlər keçiriləcək. İlk zəng çalınacaq.
“Müəyyən açılış mərasimləri olacaq, tədbirdən sonra isə dərslər cədvəl üzrə davam edəcək”.

Yeni dərs ilinin başlaması münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tədris müəssisələrində tədbirlər keçiriləcək. Belə ki, 15 sentyabr saat 12.00 - Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli Musiqi Məktəbinin əsaslı təmir-bərpadan sonra açılışı (Nərimanov rayonu, Natiq Şahbazov küçəsi 42) olacaq. Eyni zamanda 17 sentyabr saat 10.00 - Azərbaycan Turizm İnstitutunda yeni tədris ilinin başlanması ilə əlaqədar təntənəli mərasim keçiriləcək, saat 14.00 - Bakı şəhər 28 nömrəli Uşaq Musiqi Məktəbinin, saat 15.00 - Bakı şəhər 5 nömrəli Uşaq İncəsənət Məktəbinin binasının əsaslı təmir-bərpadan sonra açılışı olacaq (Hər iki məktəb Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşir.)

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər