Modern.az

Əgər qazancın 25%-dən çoxu ərzağa xərclənirsə... - Yoxsulluqla bağlı hökumətə TƏKLİF

Əgər qazancın 25%-dən çoxu ərzağa xərclənirsə... - Yoxsulluqla bağlı hökumətə TƏKLİF

15 Aprel 2021, 12:10

Sizdə də maaş hər ay qapıdan girib, bacadan çıxır? Siz də maaşı alan kimi ora-bura bölüb ayının sonunu zar-zor gətirirsiniz? Yoxsa elə bilirsiniz bu problemi təkcə siz yaşayırsınız? Narahat olmayın, siz tək deyilsiniz. Elə rəsmi rəqəmlər də vəziyyətimizin ürəkaçan olmadığını göstərir. Küçədə qaş-qabaqlı gəzən, avtobuslarda bir-birini diri-diri yeməyə hazır olan vətəndaşın psixoloji vəziyyətinin gərginliyinin əsas səbəbi məhz budur. Aldığı maaşı yeməyə, gündəlik tələbat mallarına və nəqliyyata xərcləyən vətəndaşın təbii ki, əyləncəyə, kinoya, teatra, restorana getməyə pulu qalmır. Bəziləri deyə bilər pandemiyadır. Guya pandemiyadan əvvəl hər gün restorana, kinoya pul xərcləyirdilər?..

Görək rəsmi rəqəmlər nə deyir?

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, bu ilin yanvar-mart aylarında əhali pərakəndə ticarətdə 9 mlrd. 525 mln. manat pul xərcləyib. Bu vəsaitin 4 mlrd. 429 mln. manatını sırf ərzağa, 549 mln. manatını spirtli içki və tütün məmulatlarına, 514 mln. manatını yanacağa, 216 mln. 100 min manatını isə əczaçılıq məhsulları və tibbi ləvazimatlara sərf edib.

 

Dünyada qəbul olunmuş standartlara görə, əgər əhali qazancının 20-25%-dən çoxunu ərzağa xərcləyirsə, deməli o ölkə kasıbdır. Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda yoxsulluq səviyyəsi rəqəmlərdə 5 faizdir, reallıqla uzlaşmır:

 

“Rəqəmlərlə ciddi oynanılır ki, yoxsulluq göstəricisinə uyğunlaşdırılsın və daha aşağı faizlər alınsın. Çünki bizdə kasıblığın və yoxsulluğun hesablanması texnikaları çox köhnəlib. Əhalinin gündəlik ərzaq səbətinə daxil olan məhsulların kalorisi əsasən çörək və kartofla hesablanır. Çünki bu qidaların kalorisi yüksək, dəyəri azdır. Nəticə etibarilə də səbətə görə guya, kalori ehtiyacı ödənilir. Ölkədə yağ və ət istehlakı olduqca aşağıdır. Gündəlik yağ istehlakı ümumilikdə 17 qram, həftəyə 2 yumurta və s. Burada hansı ehtiyacın ödnilməsindən söhbət gedir? Bunlar çox aşağı göstəricilərdir. Bura internet xərcləri daxil edilməyib. Dörd nəfərlik bir ailəyə həftəyə 1 saatlıq internet istifadəsi nəzərdə tutulub. Yəni vətəndaş aldığını ərzağa, dərmana verir, təhsil, mədəniyyət, əyləncəyə heç nə qalmır. Bu, həm də insanların psixoloji vəziyyətinə mənfi təsir edən amildir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin əksəriyyətində ərzaq səbətinə daxil edilənlər bizdə daxil edilmədiyindən çox aşağı göstərici alınır. Aşağı göstərici hesabına da yoxsulluğun daha aşağı fazilə ifadə olunmasına çalışılır. Əslində normal hesablamalar aparılsa, Azərbaycan əhalisinin təqribən 1/3-nin, 30 faizinin kasıblıq həddində yaşadığı üzə çıxar”.

 


N.Cəfərli Nazirlər Kabinetinə yeni istehlak səbətinin hesablanması ilə bağlı qərar verməsini təklif edib:


“Mən Almaniya, Norveç standartlarını tətbiq etsinlər demirəm. Çünki bu, real deyil. Ən azından qonşu dövlətlərin - Qazaxıstan, Rusiya, Gürcüstan, Türkiyənin təcrübələrindən yararlanaraq, yaşayış minimumu və yoxsulluğun hesablama qaydalarını nəzərdən keçirib yeni indikatorlar hazırlanmalıdır. Hesablamalar aparılandan sonra yaşayış minimumu artacaq. Bunun da müqabilində minimum əmək haqqı, minimum təqüdlər artırılmalıdır. Nəticə etibarilə kasıblıq həddinin yeni metodika ilə hesablanması, digər sahələrdə də artımlara səbəb olacaq. İndiki rəqəmlərlə oynayaraq, elə bir mərhələyə gətirib çıxarıblar ki, yaşayış minimumundan daha üst dolanışıq göstəriciləri göstərərək, bu rəqəmi 5 faizə salmaq mümkün olub. Əslində bir çox ölkələrdəki kimi 4 nəfərlik bir ailənin aylıq gəlirləri əsas götürülərək, hesablanmalıdır”.

 

Ekspert həmçinin deyib ki, vətəndaşlar yüksək bank faizlərindən əziyyət çəkirlər:


“Dünya ölkələrində insanlar istehlak kreditlərindən yararlanırlar. Amma bank faizləri olduqca aşağıdır. Bu gün Avropada, ABŞ-da istehlak və gündəlik ehtiyac kreditlərinin dərəcəsi 2 faiz civarındadır. Bizdə isə istehlak kreditləri 20-30 faiz arasındadır. Bunlar isə çox yüksəkdir. Əgər bizdə də bank kreditləri 2-3 faizlə verilsə, əhali əziyyət çəkməz. Problem ondadır ki, insanlar ehtiyacdan kredit götürür və keditlərin faiz dərəcəsinin yüksəkliyindən onu ödəyə bilmirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...