Modern.az

Səfir: “Ən böyük istəyimiz Bakının görkəmli yerində Nuru Paşaya heykəl ucaldılmasıdır”

Səfir: “Ən böyük istəyimiz Bakının görkəmli yerində Nuru Paşaya heykəl ucaldılmasıdır”

14 Sentyabr 2012, 13:31


Bu gün Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç media rəhbərləri ilə vida görüşü keçirib. Modern.az-ın verdiyi məlumata görə, media qarşısında çıxış edən  Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç 1918-ci il sentyabrın 15-də Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın heykəlinin Bakının ən görkəmli yerində ucaldılmasını təklif edib:

“ Türkiyənin Bakıdakı səfirliyinin həyətində Nuru Paşanın heykəli qoyulub. Amma bizim ən böyük istəyimiz onun Bakının görkəmli bir yerində də heykəlinin ucaldılmasıdır”.

Səfir başqa bir təkliflə də çıxış edib. O, 15 sentyabrın Azərbaycanda rəsmi olaraq “Bakı bayramı” günü kimi qeyd olunmasını istədiklərini deyib. Kılıçın sözlərinə görə, 15 sentyabr Bakının daşnak-bolşevik birləşmələrindən azad edildiyi gündür. Diplomat həmin günün “Bakı bayramı” kimi təsis olunmasını və  rəsmi bayram kimi qeyd edilməsini istədiyini də dilə gətirib. O qeyd edib ki, belə bir addımın atılması Azərbaycan üçün çox önəmlidir.

Daha sonra vida mərasimində çıxış edən millət vəkili Jalə Əliyeva bunu möhtəşəm və təkrarolunmaz vida mərasimi adlandırıb:

“ Yeganə mətbuat konfransıdır ki, səbəbkara heç bir sual verilmir. Bu da Hulusi bəyin hesabatının bitdiyi yerdir. Yəni onun dörd illik fəaliyyəti müddətində iki dövlət üçün əlindən gələn bütün işləri gördü. Bura onun ata-ana yurdudur. Bura üçün necə çalışdığı göz qarşısındadır”.


Anar Kəlbiyev    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir