Modern.az

“Ramil Səfərov da, Qurgen Markaryan da Qarabağ münaqişəsinin qurbanlarıdır”

“Ramil Səfərov da, Qurgen Markaryan da Qarabağ münaqişəsinin qurbanlarıdır”

14 Sentyabr 2012, 13:57

Ramil Səfərovun əfv edilməsi cəmiyyətin uzunsürən erməni təcavüzünə etirazının ifadəsidir

“Avropa Parlamentinin Ramil Səfərovun məsələsi ilə əlaqədar Azərbaycana aid qətnaməsi, yumşaq desək, obyektiv deyil. Əvvəla, Ramil Səfərovun Prezident İlham Əliyev tərəfindən əfv edilməsi müvafiq beynəlxalq konvensiyalara, habelə ölkə qanunvericiliyinə, bütünlüklə uyğundur”.
Modern.az bildirir ki, bu barədə YAP –in icra katibi Əli Əhmədov hakim partiyanın rəsmi saytına müsahibəsində bildirib..

İcra katibi bildirib ki,  Ramil Səfərovun işinə, onun tam mahiyyətini başa düşmək üçün  kompleks halında yanaşılmalıdır.
 “Avropa Parlamentinin məlum qətnaməsində məhz elə bu kompleks yanaşma çatmır. Ramil Səfərovun işi Ermənistanın Azərbaycana təcavüzünü, 10 minlərlə insanın həlak olmasının, o cümlədən Ramil Səfərovun onlarla yaxın qohumlarının qatillərinin cəzasız qalmasının, 20 ildən çox Azərbaycan torpaqlarının işğal altında qalmasının, 1 milyondan çox insanın məcburi köçkün vəziyyətində yaşamasının birbaşa nəticəsidir. İstənilən cinayət hadisəsinin dərk edilməsi onun motivlərinin dəqiq müəyyənləşdirilməsini tələb edir.
Beynəlxalq hüquq da, insan haqları da Ermənistanın Azərbaycana təcavüzü, Xocalı qətliamı, Azərbaycanlıların etnik təmizlənməsi zamanı pozulub. Ramil Səfərov məsələsi səbəb yox, nəticədir. Təəssüf ki, Ramil Səfərovun məsələsində məhz elə bu hallar nəzərə alınmamışdı və ona heç cür haqq qazandırılması mümkün olmayan sərt cəza verilmişdi. Hesab edirəm ki, cənab Prezidentin sərəncamına yalnız bu mövqedən yanaşılmalıdır. Əgər zamanında Budapeşt məhkəməsi qeyd etdiyim ədalətsizliyə yol verməsəydi, indi bu qədər hay-küyə səbəb olmuş əfv qərarının verilməsinə də ehtiyac qalmazdı”.

Ə. Əhmədov qeyd edib ki,. erməni zabiti Qurgen Marqaryanı on minlərlə digər qurbanlar kimi “Qarabağ münaqişəsinin qurbanıdır.  
“Elə Ramil Səfərov bir növ bu münaqişənin qurbanı sayıla bilər, çünki ömrünün 9 ilini həbsxanada keçirməli olub”.

“Azərbaycan Prezidentinin Ramil Səfərovu əfv etməsi ölkə rəhbərinin ictimai əhval-ruhiyyəyə adekvat reaksiyası idi. Təsəvvür edin, Prezidentin əfv sərəncamı hamı tərəfindən təqdir edilir, başa düşülür və qiymətləndirilir. Əslində, bütün cəmiyyət, qeyri-hökumət təşkilatları, siyasi partiyalar Ramil Səfərovun əfv edilməsini müsbət qiymətləndirdi. Deməli, Prezident Azərbaycan zabitini əfv etməklə bütün cəmiyyətin iradəsini əks etdirmiş oldu. Əslində, Ramil Səfərovun əfv edilməsi də, insanların ona emosional münasibəti də cəmiyyətin uzun sürən erməni təcavüzünə etirazının ifadəsidir”.

YAP rəsmisi bildirib ki, Avropa strukturlarının çoxu kimi, Avropa Parlamenti də belə bir reallığa göz yummaqda davam edir ki, Azərbaycanla Ermənistan arasında gərginliyin yeganə səbəbi məlum münaqişə və Azərbaycan torpaqlarının 20 ildən artıq işğal altında olmasıdır.
“Avropa Parlamentinin yaşadığımız bölgədə gərginliyin artmasından narahatlıq keçirməsi özlüyündə təqdirəlayiq sayılmalıdır. Lakin onların narahatlıq keçirmələri səmimi olsaydı, 20 il ərzində münaqişənin aradan qaldırılması üçün təsirli addımlar atardılar. Ermənistanın təcavüzünü aradan qaldırılmaq yönündə real bir iş görmədən gərginliyin artmasından narahatlıq ifadə etmək, yumşaq deyilsə, qeyri – səmimiliyi ilə insanı təəccübləndirir.
Azərbaycan cəmiyyətinin Ramil Səfərovu qəhrəmanlaşdırması məsələsinə gəldikdə, hesab edirəm, Avropa Parlamenti yenə də, həqiqəti yarımçıq şəkildə ifadə edir. Yarımçıq həqiqət isə yalandan betərdir”.

Ə. Əhmədovun sözlərinə görə, Azərbaycan cəmiyyətinin Ramil Səfərov məsələsinə münasibəti, kimin necə qiymətləndirməsindən asılı olmayaraq, erməni təcavüzü və onun ağır nəticələri güzgüsündə əks olunur.
“Qeyd etdiyim kimi, on minlərlə azərbaycanlıların qatilləri, Xocalı soyqırımının günahkarları ədalət məhkəməsi qarşısında cavab vermədiyindən, insanların bu haqsızlıqlara reaksiyası Ramil Səfərova məlum münasibət şəklində ortaya çıxır. Haqsızlığın qarşısı qanuni yollarla və ədalətli şəkildə alınmadıqda, həmin haqsızlığa qarşı istənilən etiraz forması böyük emosional rezonans yaradır. Tam qətiyyətlə deyə bilərəm ki, Ramil Səfərova ictimai rəydə olan alternativsiz münasibət yalnız və yalnız Azərbaycana qarşı edilmiş təcavüzün bu günə qədər aradan qaldırılmaması ilə əlaqədardır. Digər tərəfdən isə o da var ki, Azərbaycanlılara qarşı qəddarlıqlar etmiş nə qədər erməni Ermənistanda qəhrəman sayılır. Elə götürək Xocalıda yüzlərlə qoca, qadın, uşaq qatillərini. Onlar nəinki öz ölkələrinin qəhrəmanı olublar, hətta bu qətllər üzərində öz karyeralarını qurublar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi