Modern.az

Amerika-Rusiya qarşıdurmasında biz NƏ ETMƏLİYİK?

Amerika-Rusiya qarşıdurmasında biz NƏ ETMƏLİYİK?

16 Aprel 2021, 10:12

SSRİ süqut etdikdən sonra ABŞ başda olmaqla bütün dünya ictimaiyyəti elə güman edirdi ki, sovet rejimindən qurtulan Rusiya dərhal Qərbyönlü idarəetmə və təsərrüfat sisteminə keçəcəkdir. Boris Yeltsinin siyasi hakimiyyətdə olduğu illərdə, doğrudan da  belə görüntü hiss olunurdu. Lakin Vladimir Putinin siyasi iqtidara gəlişi ilə ölkənin siyasi kursu  başqa istiqamətə yönəlməyə başladı. Sovet hökumətinin yoxluğunda monopolyar mənzərə şəklini almış dünya tədricən yenə də ikiqütblü  siyasi arenaya çevrilməyə başladı. Başqa sözlə, Rusiya dövləti yenidən ABŞ-a ciddi siyasi rəqibə çevrildi.


2018-ci ildən başlayaraq Rusiya bütün siyasi rəqiblərinə, o cümlədən ABŞ-a, açıq-aşkar şəkildə onun sərhədlərinin sadəcə Rusiya Federasiyasının dövlət sərhədlərindən ibarət olmadığını, keçmiş SSRİ-nin bütün məkanını öz nüfuz dairəsi şəklində gördüyünü və bütün dövlətlərə də bunu siyasi reallıq olaraq qəbullanmalarını bildirir. Ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiya, keçmiş SSRİ-nin, indi müstəqil dövlət kimi BMT-yə daxil olan sabiq respublikaların heç birinin NATO ilə bu və ya digər şəkildə iməkdaşlıq etməsini nəinki istəmir, hətta  Şimali Atlantik Hərbi İttifaqı ilə tərəfdaşlıq yaratmağa çalışan ölkələri əməlli-başlı cəzalandırır da.

Abxaziyasız və Cənubi Osetiyasız qalmış qonşu Gürcüstan, Krımı, Donbası, Luqansksı itirmiş Ukrayna, Dnestryanı ərazilərindən qoparılmış Moldova bunun bariz  nümunəsidir.

2019-cu ildə  Venesuelada böhran kritik ana çatanda hamı fikirləşirdi ki, N. Maduro tam fiyaskoya uğrayacaq, amma Rusiya işə müdaxilə etdi. Suriya diktatoru ona qarşı olan ölkə əhalsinin bütün müdaxilələrinə rəğmən hələ də öz taxt-tacındadir. Azyaşlı uşaq da bilir ki, Rusiyanın dəstəyi olmasa  Bəşar Əsəd bir saat da olsun Suriyada iqtidarda qala bilməz. ABŞ-la Rusiyanın Suriya məsələsində mənafeləri ziqqiyyət təşkil elədiyindən orada sular durulmaq bilmir.

Dövlət mənafelərinin  və strateji hədəflərinin toqquşmasına görə iki supergüc arasında münasibətlər  zaman-zaman gərginləşsə də  BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, qorxunc nüvə silahı arsenallarına sahib  ABŞ-la   Rusiyanın “tet a tet” ( təkə-tək ) hərbi qarşıdurmaya gedəcəyi  real görünmür. Hər iki tərəf bir-birinin hərbi potensialına yaxşı bələd olduğundan müəyyən mərhələdə ümumi dil tapır, amma kənar dövlətlər bundan zərər çəkir.

Barak Obamanın və Donald Trampın prezidentlikləri zamanlarında Rusiya- ABŞ münasibətində   normallaşmağa doğru ciddi addımlar atılırdı. Məsələn, Rusiya Əfqanıstanda hərbi əməliyyatlar aparan ABŞ-a əfqan silahlı birləşmələri barədə kəşfiyyat məlumatları verirdi,  İranın nüvə tədqiqatları dair müzakirələrdə iştirak edirdi.  C. Baydenin  Ağ evə gəlməsiylə normallaşmış kimi görünən Rusiya- ABŞ münasibətləri yenidən gərginləşməyə başlayıb. ABŞ-ın 46-cı prezidenti Co Bayden hələ vitse-prezident olarkən  Rusiyanın dövlət başçısı haqqında kəskin ifadələrlə gündəmə gəlmişdi. 2011-ci ilin iyun ayında Kremldə V. Putinlə görüşdə ona “Mən düşünmürəm ki, sizin qəlbiniz var—I don’t think you havə a soul,” söyləmiş,  Putin də gülümsəyərək “Biz bir-birimizi anlayırıq” cavabı vermişdir.

(Bax: //www.reuters.com/article/us-usa-russia-biden-idUSKBN0FQ1CU20140721 )

Ötən ilin seçki kampaniyasında Bayden  hətta diplomatik etiket qaydalarına məhəl qoymayaraq Rusiya dövlət başçısının DTK-dakı fəaliyyətini xatırladaraq  onu “DTK qulduru- KGB thug”  adlandırmış  və Rusiyanı ABŞ üçün  ən böyük təhdid  olaraq dəyərləndirmişdir: “Russia is the biggest threat to the United States.” (Bax: //www.washingtonpost.com/world/europe/russia-biden-trump-election/2020/10/31/1186305c-184f-11eb-8bda-814ca56e138b_story.html )

Putin administrasiyasının sözçüsü D. Peskov bu söz duelini açıqlayarkən“ABŞ Prezidenti Rusiya ilə münasibətlərin yaxşılaşmasını qətiyyən istəmir” – deyərək təəssüfləndiyini bildirmişdir. Təmkinini pozmamağa çalışan V. Putin isə onu  “qatil- killer” adlandıran Baydeni  “Rossiya 24” kanalında, canlı yayında teledebata dəvət etmişdir: “Ya cümə, ya da bazar ertəsi- hazırlıqsız, mətnsiz, mərd-mərdanə -  gəl canlı yayında qarşılaşaq. Bu həm Rusiya, həm də Amerika xalqları üçün maraqlı olar.”

(Bax: //openmedia.io/om_tv/putin-vyzval-bajdena-na-razgovor/ )

V.Putinin səs tonundan onun çox hiddətləndiyi açıq- aşkar sezilirdi. Bu zaman V. Putin hətta məhəllə uşaqlarının mübahisə zamanı tez-tez bir-birinə söylədikləri “кто как обзывается, тот так и называется"- Adımı sənə deyim, səni yana-yana qoyum” deyimini də xatırlatmağı lazım bilib. Bu ifadənin “Meymun baxar güzgüyə, adını qoyar özgəyə”  mənasında işləndiyini ehtimal etmək o qədər də çətin iş deyil.  

Amerikan tərəfi Rusiyanı 5 dekabr 1994-cü ildə imzalanmış Budapeşt memorondumunu pozmaqda təqsirləndirir. Cəmi 6 maddədən ibarət o memorandumun 2-ci maddəsinə  görə, ABŞ, Rusiya, Böyük Britaniya və  Şimali İrlandiya bütün şərtlərdə Ukraynanın ərazi bütövlüyünü tanıyacaqlarına və ona əməl edəcəklərinə dair öhdəlik götürmüşlər. ( “The United States of America, the Russian Federation, and the United Kingdom of Great Britain and Northern Ireland, reaffirm their obligation to refrain from the threat or use of force against the territorial integrity or political independence of Ukraine, and that none of their weapons will ever be used against Ukraine –  ABŞ, Rusiya Federasiyası, Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya  Ukraynanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdidkar davranmayacaqlarına və ya ona qarşı silaha əl atmayacaqlarına, habelə,  onlardan heç biri heç bir  zaman Ukraynaya qarşı silah işlətməyəcəklərinə dair  öhdəliklərini öz imzalarıyla təsdiq edirlər. (Bax: //www.pircenter.org/media/content/files/12/13943175580.pdf )  


2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi tərəflər arasında ciddi  narazılığa səbəb olub. Xatırladaq ki, Rusiya 21 iyul 1774-cü ildə Osmanlı dövləti ilə bağlanmış Kiçik Qaynarca müqaviləsinə görə, de-fakto,  8 yanvar 1784-cü ildə əldə olunmuş razılaşmaya görə isə, de-yure olaraq Krımı özünə birləşdirmişdir. Bu hadisəyə o vaxt sadəcə Fransa etiraz edib nota verəndə Rusiyanın o zamankı Xarici İşlər Kollegiyasının başçısı İ. A. Osterman fransızlara  söyləmişdi ki, siz Korsikanı ələ keçirəndə imperatriça II Yekaterina bunu görməzdən gəldiyini və sizə işğal üçün şərait yaratdığını unutmayın. Beləliklə, bir zamanlar Osmanlı imperiyasına ait olan Krım 180 il, başqa sözlə,  1954-cü ilədək Rusiyanın ərazisi olaraq qalmışdı. 1954-cü ildə əslən Ukraynadan olan, SSRİ-nin siyasi rəhbəri N. Xruşşovun imzası ilə Krım Ukrayna SSR-in tərkibinə daxil edilmişdi.

ABŞ-ın yeni Prezidenti Co Bayden bu ilin fevral ayında xarici siyasətə dair özünün ilk çıxışında Ruiyanın fəaliyyətinə yönəlik ciddi tənqidi fikirlər söyləmişdir: “The days of the United States rolling over in the face of Russia's aggressive actions… are over- Birləşmiş Ştatların Rusiyanın aqressiv hərəkətlərinə üzünü yan çevirdiyi zamanlar qurtardı”. (Bax: //www.bbc.com/news/technology-56755484 )


Rusiya siyasi dairələri, təbii ki, imzalanmış Budapeşt memorandumunun şərtlərininə əməl etməkdən imtinanın doğuracağı kataklizmin nə olacağını çox gözəl  dərk etdiklərindən Ukraynada proksisavaşa ( kənardan fəal müdaxilə müharibəyə) rəvac verirlər
. Yəni, “biz müdaxilə etmirik, xalq özü və könüllülər ( Krim, Donbas, Luqansk camaatı, Rusiyadakı  “xalq təəssübkeşləri” ) mövcud rejimə qarşı mübarizə aparırsa, biz nə edə bilərik?”  Münasib gündə Ukraynanın cənub- şərq bölgəsində ilhaq olunmuş əraziyə siyasi status qazandırmaq, anneksiya məsələsinə “demokratik” görünüş vermək üçün lap  bir plebisit də ( xalq səsverməsi ) keçirmək olar. Məlumdur ki, belə kampaniyalarda  “önəmli olan səsləri kimin sayıb protokollaşdırması”dır. Səhih olmayan məlumatlara görə, 2014-cü ildən indiyə qədər Ukraynada baş verən toqquşmada  14 mindən çox adam həlak olub. 1941- 1945-ci illərdə çiyin-çiyinə  verib “ Stalin uğrunda- Vətən uğrunda” deyə vuruşanların övladları indi Donbasda, Luqanskda bir-birilərini öz qanına qəltan etməkdədirlər.


Böyük Yeddiliyin (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa , İtaliya, Kanada və Yaponiya) 18  mart 2021-ci il toplantısında Xarici İşlər Nazirlərinin rəhbərləri bir araya gələrək Rusiyanın Krımı ilhaq etməsini və bu hərəkətinə hüquqi don geyindirməyə çalışmasını qətiyyətlə pisləmişlər: “Russia’s attempts to legitimise it are not, and will not, be recognised— Rusiyanın bu hərəkəti qanuniləşdirmək cəhdi tanınmır və tanınmayacaqdır”. (Bax://www.euneighbours.eu/en/east/stayinformed/news/russias-attempts-legitimise-crimea-are-not-and-will-not-be-recognised )


İşin tərsliyindən, Strateji silahların məhdudlaşdırılması  haqqında  Sovet İttifaqının o zamankı başçısı Leonid  Brejnevlə ABŞ Prezidenti  Riçard Niksonun 1972-ci ildə Moskvada imzaladıqları  müqavilənin müddəti  də 5 fevral 2021-ci ildə başa çatıb.  Qeyd edək ki, hazırda dünyada mövcud olan nüvə silah arsenalının 90 faizi Rusiya və ABŞ-a məxsusdur. ( Nüvə silahına malik olan digər dövlətləri bir daha xatırlatmaq istəyirik: Böyük Britaniya-1952-ci ildən, Fransa – 1960-cu ildən, Çin-1964-cü ildən, Hindistan-1974-cü ildən, İsrail-1979-cu ildən, Pakistan -1998-ci ildən və Şimali Koreya Xalq Demokratik Respublikası-2006-cı ildən )

Əgər Rusiya ilə ABŞ arasında nüvə silahlarının yasaqlanması barədə müqavilənin müddəti  uzadılmazsa və ya yeni saziş əldə edilməzsə, bir-iki qəzet oxuyan adam kimi, söyləyə bilərik ki,  ümumbəşəri fəlakətlərə səbəb olacaq hadisələr baş verə bilər.


Bir zamanlar bizim Qarabağ münaqişəsini sözdə həll etməklə “məşğul olan” Minsk qrupu kimi, Ukrayna məsələsini də çözməyə “çalışan” Normand kvarteti var
: Fransa, Rusiya, Almaniya və Ukrayna. ABŞ Ukrayna məsələsinə müdaxilə etmək istəyəndə oradaki ilk iki tərəf həmən ciddi şəkildə etiraz edir: “Avropadkı konfliktlər bizlikdir, siz zəhmət çəkməyin, məsələni özümüz  yoluna qoyacağıq.”


Digər tərəfdən, ABŞ Çin Xalq Respublikasının qüvvətlənməsindən, BMT-də Rusiyanı dəstəkləməsindən, Moskva- Pekin əməkdaşlığının genişlənməsindən  son dərəcə tədirgindir. Zatən ABŞ dünyada ancaq 2  dövləti – Rusiya və Çini özünə çox ciddi təhlükə olaraq görür. Ona görə də, müxtəlif sanksiyalarla, mümkün olduğu qədər bu iki tandemi, ən azından iqtisadi baxımdan sarsıtmağa yönəlik tədbirlər görür. Açığı, Avropa dövlətləri ABŞ-ın “şıltaq və qısqanc” hərəkətlərindən  qətiyyən məmnun deyildirlər. Məsələn, Rusiyadan Almaniyaya çəkilən “Şimal axını-2” layihəsinin gerçəkləşməsinə mane olmaq üçün tətbiq olunan  qadağalar Almaniyanın haqlı narazılığına səbəb olub. Digər tərəfdən, Rusiyaya qarşı həyata keçirilən iqtisadi sanksiyalar onu öz siyasi kursundan döndərməkdə gözlənilən səmərəni vermir. Rusiya ciddi-cəhdlə sübut etməyə çalışır ki, ABŞ dünyanın dominantı deyildir və o, mütləq, bütün strateji məslələrə dair qərarların qəbulunda birmənalı şəkildə Rusiya ilə məsləhətləşməli, Rusiyanın mənafeyi gözlənilməli və ABŞ-ın  Rusiyanın “xeyir-duası”nı almadan görəcəyi bütün işlər uğursuzluğa məhkumdur. Hadisələrin gedişi göstərir ki, bütün  məsələlərdə Rusiya Prezidenti V. Putin bunu isbatlamağa çox can atır.  


Rusiya nəyin bahasına olursa- olsun Kiyevi “sındırmağa”, ona öz şərtlərini qəbul etdirməyə nail olmaq isəyindədir. Bu məqsədlə Ukrayna ərazisində oyuncaq “respublikalar” yaratmaq, sonra da “sülhməramlı”  hərbi birliklər adı altında oralarda yerləşmək, daim “infeksiya ocağı” əldə etmək istəyir. Ukrayna rəsmiləri öz dövlət suverenliklərinin alqı-satqı mövzusu olmadığını dəfələrlə bəyan etsələr də Rusiya öz fikrindən daşınmaq bilmir. Kreml strateqləri məqsədyönlü şəkildə ictimaiyyətin qulağını doldururlar ki, Kiyev NATO-nun  müdaxiləsi ilə Donetsk məsələsini hərbi yolla çözməyə can atır,  NATO Ukraynaya gəlir, Rusiyanın sərhədləri təhlükədədir vs. Rusiya geniş masştablı hərbi təlimlər keçirmək  adı altında hazırda müxtəlif qoşun növlərinindən olan böyük kontingentli hərbi yığınaq təşkil edir. Rəsmi Moskvaya hərbi müdaxilə etməsi üçün  bəhanə verməməyə çalışan  Ukrayna Prezidenti V. Zelenski hətta Rusiyapərəstliyi ilə tanınan A. Yermakı öz administrasiyasının rəhbəri təyin etmiş, ona Rusiya ilə danışıqlar aparmaq üçün xüsusi elçi səlahiyyəti vermişdir. Prezident Zelenski  status-kvo prinsipinin pozulduğunu iddia edən Rusiyanı sakitləşdirmək üçün sabiq prezident P.Poroşenkonun zamanında Ukrayna əsgərlərinin donbaslılarla çatışmada ələ keçirdikləri xırda təpəliklərdən də hətta 50 metr geri çəkilməsi barədə göstəriş vermişdir. Açıq-aşkar hiss olunur ki, Ukrayna tərəfi Rusiyanın potensial  müdaxiləsindən bərk narahatdır. Bütün bunlar azmış kimi, indiyədək öz bitərəfliyini bəyan etmiş digər slavyan dövləti Belorus da bu qarşıdurmada artıq neytral qalmadığını büruzə verir. Görünür, keçən ilin prezident seçkilərindən sonra orada  baş verənlər rəsmi Minski bir çox mətləblərdən agah etmiş,  ona hansı tərəfdə  mövqe tutmağı öyrətmişdir.



Hər şeydən öncə, öz ölkələrinin mənafelərini düşünən Avropa liderləri artan hərbi münaqişə təhlükəsini çox diqqətlə izləsələr də Rusiyaya qarşı cəbhə almaqdan açıq-aşkar ehtiyat edirlər. Məsələ burasındadır ki, qədim qitə ilə  quru sərhəddi olmayan Böyük Britaniya istisna olmaqla Avropa dövlətlərinin, demək olar ki, hamısı Rusiya ilə müharibənin nə olduğunu praktik olaraq bilirlər. Xüsusən, Fransa və Almaniya bu sahədə acı təcrübəyə malikdir. Avropalılar okeanın o tərəfində olan ABŞ-ın, necə deyərlər, vədlərinə uyub özlərini təhlükəyə atmaq niyyətində deyillər.


İqtisadi çətinliklərin, sıxıntıların, məhrumiyyətlərin, haqlı etirazların önəmsənilmədiyi,  bitib-tükənmək bilməyən məişət problemlərinin, əhalinin minimum tələblərinin ödənilməsindəki  müəzzəm yarıtmazlıqların meydan suladığı, rüşvətin çiçəkləndiyi, qanunsuzluğun həyati normaya çevrildiyi, yaltaqlığın baş alıb getdiyi, bürokratik süründürməçiliyin tüğyan etdiyi, siyasi müxalifətin tamamən susdurulduğu bir şəraitdə mülki əhalini sakitləşdirmək, onları ələ almaq,  insanları “hər şey cəbhə - hər şey qələbə üçün” şüarı ilə ovundurmaq üçün  lokal xarakterli uğurlu hərbi əməliyyatın aparılması qonşu dövl
ətə bu gün hava və su qədər lazımdır. Başqa sözlə, iqtisadi gücü olmayan dövlətin hərbi gücünü isbatlamaq üçün əzələ nümayişinə başlaması an məsələsi ola bilər.


Avropa dövlətləri  indi-indi anlayırlar ki, bu məslədə onlar çox gecikiblər. SSRİ adlı imperiyadan qurtulmuş və öz siyasi müstəqilliklərini elan etmiş  sabiq respublikalara nə Avropa, nə də ABŞ zəruri anda gözlənilən yardımı etmədi. Faktik olaraq həmin sabiq respublikalar onlarla müqayisədə çox güclü olan incik dövlətlə baş-başa qaldı. Bu sətirləri yazarkən 28 may 1919-cu ildə çox məşəqqət və sərgüzəştlərdən sonra, nəhayət, Paris sülh konfransında “Böyük dördlər”in – ABŞ, Böyük Britaniya,  Fransa və İtaliyanın - rəhbərləri ilə görüşə bilən Azərbaycan Xalq Cümhuriyyəti elçilərinin aqibətini xatırlayıram. Böyük ümidlərlə Parisə gəlmiş mərhum mənəvi babalarımız Avropa dövlətlərindən   umduqları yardımı ala bilməmişdilər. O “Böyük dördlər”in başçıları bizimkilərə açıq-aşkar bildirmişdilər ki, xırda dövlətləri tanımaq, onlara dəstək vermək, onların dövlət mənafələrinə ziddir. Avropa dövlətləri  bizimkilərin ucbatından dünya nəhənginin qəzəbinə tuş gəlmək istəmədiklərini diplomatik nəzakət qaydasında ifadə etmişdilər.


Sonrasını yazmağa gərək toxdur, 28 aprel 1920-ci il tarixi Avropanın bizə münasibətinin nəticəsi oldu. Şimaldan sınıq-salxaq qatarla gələn Qırmızı Ordu Milli hökumətimizi devirəndə, onun rəhbərlərini  müxtəlif üsullarla məhv edəndə, torpaqlarımızı ermənilərə peşkəş çəkəndə demokratiyadan dəm vuranlar uzaqdan baxıb sadəcə təəssüfləndiklərini dilə gətirmişdilər. Uzağa getmək lazım deyil: 1992-ci ildən Qarabağı işğal edənlərə 28 il ərzində heç güldən ağır söz dedilərmi, hansısa bir əməli tədbir gördülərmi? Əksinə, əllərindən gəlddikcə “əzabkeş xalq”a hər cür yardımlar göstərdilər.


Bizim güman yerimiz, güvəndiyimiz, qürurumuz, canımız  Türkiyəmizi ciddi-cəhdlə Rusiya ilə qarşıdurmaya sürükləmək istəyən beynəlxalq siyasi qüvvələr var.
Onlar, bəlkə, heç  şeytanın da ağlına gəlməyən fitnə-fəsadlar törətməklə münasibətlərin kəskinləşməsinə çalışırlar. Heç vəchlə Türkiyəmiz bu avantüraya getməməlidir. Dünyada heç bir dövlət  Osmanlı dövləti qədər Rusiya ilə muharibə etməyib.  12 dəfə baş vermiş Osmanlı- Rusiya savaşı bizə böyük fəlakətlər gətirib. NATO strateqləri ehtimal oluna qarşıdurmada Türkiyəni müttəfiq kimi  irəli verməyə çalışırlar. Müttəfiqi olmaq illa da ki, Rusiya ilə ehtimal edilən  müharibəyə girmək  deyildir. Oxşar qüvvələr Azərbaycanı da çalxalamağa, suyu bulandırmağa, soydaşlarımızın həssasiyyətinə yaxşı bələd olduqlarından qəsdən təhrikədici hərəkətlər  edərək, milli duyğularımızı qıcıqlandırmağa, populist şüarlar səsləndirməklə dəyərli şəxsiyyətlərimizi tələyə salmağa çalışırlar. Şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə, əsgər ailələrinə, gənclərimizə, yaşlılarımıza, qızlarımıza, gəlinlərimizə - bir sözlə, hamımıza qarşı vahid mərkəzdən aldıqları göstərişlə bacardıqları pislikləri etməyə, bizi öz istədikləri səviyəyə gətirməyə, sonra da onu bəhanə edib millətimizə və dövlətimizə sarsıdıcı zərbə vurmaq istəyirlər. Bilmirəm onlar beşəncidir,  neçəincidir, hansısa kolondur, amma mövcuddurlar, həm də istənilən yerdə vardırlar və fəaliyyətdədirlər və də  imperialist qüvvənin etibarlı maşalarıdırlar.


ABŞ - Rusiya - Ukrayna qarşıdurması bizim cəmiyyətə  yaxşı heç nə vəd etmir. "Qordi düyünü"nə bənzəyən bu çıxmazdan bizə ziyan dəyməməsi və ya mümkün qədər daha az zərər gəlməsi üçün bütün təbəqələrdən olan vətəndaşlarımızın siyasi sayıqlığı, ehtiyatlılığı (tədbirli olmaq qorxaq olmaq deyildir! ) və ümumi milli birliyi, həmrəyliyi lazımdır. Nəyin bahasına olursa- olsun şanlı Türkiyənin qəhrəman ordu mənsublarının Azərbaycan ərazisində hərbi baza yaratmasına nail olmalıyıq. Türk mehmetcikləri daim bizim yanımızda qalmalıdırlar. Bu məqsədlə tərəddüd etmədən, təxirəsalınmaz şəkildə referendum keçirilməli, referendumun nəticələri əsasında Milli Məclis qərar qəbul etməlidir. Atalar sözüdür: XEYİR İŞİ LƏNGİTMƏZLƏR!



Ramazan SİRACOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu