Modern.az

Bakıda qadının evinə girib quldurluq edən şəxs saxlanıldı

Bakıda qadının evinə girib quldurluq edən şəxs saxlanıldı

17 Aprel 2021, 16:30

Xəbər verildiyi kimi, aprelin 8-də gecə saat 3 radələrində naməlum şəxsin Yasamal rayonu ərazisində yaşayan Yelena İvanovanın yaşadığı mənzilə girərək bıçaqla zor tətbiq etməklə əmlakını ələ keçirməsi barədə rayon prokurorluğuna və polis idarəsinə məlumat daxil olub.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Modern.az-a daxil olan birgə məlumata görə, ilkin araşdırmalarla naməlum şəxsin Yelena İvanovanın yaşadığı mənzilə qanunsuz daxil olaraq silah qismində istifadə olunan bıçaq tətbiq edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etdiyi müəyyənləşib:

 

"Həmin şəxs ev sahibəsinin kənar şəxsləri köməyə çağırmasının, eləcə də hüquq-mühafizə orqanlarına məlumat verməsinin qarşısını almaq və qabaqcadan planlaşdırdığı cinayətkar məqsədinə nail olmaq üçün əli ilə onun sifət nahiyyəsinə bir neçə zərbə vurub. Bıçaqla qol nahiyyəsinə xəsarət yetirib və  pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçıb.


Faktla bağlı Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

 

Cinayət hadisəsini törədənin şəxsiyyətinin müəyyən olunaraq tutulması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən istintaq-əməliyyat tədbirləri həyata keçirilib.


Nəticədə cinayət əməlinin Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Namiq Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib".

 

Rəsmi məlumata görə o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi