Modern.az

Polad Həşimov haqqında kitabın ilk nüsxəsini müəllif qəhrəmanın “özünə” və anasına təqdim edib - FOTO

Polad Həşimov haqqında kitabın ilk nüsxəsini müəllif qəhrəmanın “özünə” və anasına təqdim edib - FOTO

Aktual

20 Aprel 2021, 14:47

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyevin (Cəmilzadə) “Milli Qəhrəman Polad Həşimov” adlı yeni kitabı işıq üzü görüb.

Müəllif kitabın ilk nüsxələrini şəhid generalın məzarı önündə əsərin qəhrəmanına “təqdim edib”. Digər ilk nüsxələr isə Milli Qəhrəmanın Sumqayıtda uşaqlıq, gənclik illərini yaşadığı  evində anası Səmayə xanıma və ailənin digər üzvlərinə təqdim olunub.


Qeyd edək ki, “Qanun” nəşriyyatında nəfis şəkildə çap olunan kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə dəyərli xidmətləri ilə müstəqil Azərbaycan Respublikasına sədaqətlə xidmət etmiş, Silahlı Qüvvələrimizdəki xidmət illərini mənfur düşmənlə təmas xəttində keçirərək, “səngər generalı” adını qazanmış, tək peşəkar və fədakar hərbçi olmağı ilə deyil, həm də humanist əməlləri, bəşəri ideyaları, ictimai əxlaq və ləyaqəti ilə qəlblərdə yaşamaq səadətini qazanaraq Türk dünyasının fəxarət ünvanına çevrimiş şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun gələcək nəsillərə örnək olacaq ömür yolundan bəhs edir.


Kitab şücaəti, igidliyi və tükənməz vətən sevgisi ilə hələ 2016-cı ilin Aprel döyüşlərindən adını qızıl hərflərlə savaş tariximizə yazdıran, 14 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı isə müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun uşaqlıq illərindən şəhidlik zirvəsinə ucaldığı anadək mənalı ömür yolundan ətraflı bəhs edir. Kitabda şəhid generalın uşaqlıq, orta, ali hərbi məktəb illəri, ilk döyüş anları, dövlət təltifləri haqqında məlumatlar ilə diqqəti cəlb edir.


Müəllif şəhid generalın ömür yolundakı faktlara əsaslanaraq Polad Həşimovu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın və hərbi nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim nümunə olan hərbçi kimi oxucuya təqdim edib.


Kitabda Polad Həşimov haqqında xatirələrə də geniş yer verilib, şəhid generalın həm də humanist insan, bəşəri ideyalar daşıyıcısı olması, qəlblərdə taxt quraraq əsgər və zabitlərin qayğıkeş komandiri kimi yadda qalması da ön plana çəkilib.


“Milli Qəhrəman Polad Həşimov” kitabı vətənin dar günündə torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizdən biri – qürur ünvanımız olan Polad Həşimovun keçdiyi rəşadətli, humanist və bəçəri əməllərlə zəngin həyat yolunu, döyüşlərdə göstərdiyi igidliyini təbliğ etməklə, gənclərimizdə vətənpərvərlik hissinin inkişafına və güclənməsinə, mübarizə əzminin daha da qüvvətlənməsinə, nəhayət, azərbaycançılıq məfkurəsinin kamilləşməsinə öz töhfəsini verəcək bir əsər kimi dəyərləndirilə bilər.


İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat