Modern.az

İki deputat həbsdəki müsavatçı qızla bağlı Baş prokurora müraciət edib

İki deputat həbsdəki müsavatçı qızla bağlı Baş prokurora müraciət edib

18 Sentyabr 2012, 12:19

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun zaminə götürülməsi üçün iki millət vəkili danışıqlar aparır.

Deputat Fazil Mustafanın Modern.az-a verdiyi məlumata görə, Nigar Yaqublunun zaminə götürülməsi ilə bağlı müəyyən danışıqlar aparılır və artıq bir neçə instansiyaya müraciət edilib: “Bununla bağlı yazılı müraciətlərimizi lazımi instansiyalara ünvanlamışıq. Amma biz şifahi danışıqlarla məsələnin çözülməsinə çalışırıq. Bu məsələnin hər hansı şəkildə siyasiləşdirilməsi və hüquq çərçivəsindən kənarda həll olunmasının əleyhinəyəm. Belə məsələlər hüquq çərçivəsində həll olunmalıdır. Məsələ məhkəmənin qərarı ilə öz həllini tapmalıdır”.

İstintaq müddətində gənc bir qadın xanım barəsində həbs-qətimkan tədbirinin seçilməsinin mentalitetimizə zidd olduğunu söyləyən F. Mustafa Nigar Yaqublunun zaminə götürülməsi məsələsi üçün danışıqlar aparıldığını dedi: “Azərbaycan qadınların həbsdə oturması yaxşı hal deyil. Ona görə də bunu önləmək üçün təbii ki, istintaq aparılmalıdır. Əgər N. Yaqublunun hər hansı təqsiri varsa, onun cəzalandırılması hüquq mühafizə orqanlarının işidir. Amma indiki halda heç bir zərurət yoxdursa, gənc bir qadının həbsdə olması yaxşı hal deyil. Bu məsələnin danışıq və anlayışla həll olunmasına çalışırıq”.

N. Yaqublunun zaminə götürülməsi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edən deputat İqbal Ağazadə prokurorluqdan cavab gözlədiklərini söylədi. Onun sözlərinə görə, məsələnin müsbət həll olunacağına ümid etmək lazımdır: “Ümid edirəm ki, N. Yaqublu haqqında çıxarılan həbs-qəti imkan tədbiri şəxsi zaminlik, ya da ev dustaqlığı ilə dəyişdiriləcək. Amma ümumi əhval-ruhiyyədən və hakimiyyətin yanaşmasından da görünür ki, məsələ öz müsbət həllini tapacaq. Şəxsi zaminliklə bağlı baş prokuror Z. Qaralova müraciət etmişəm və cavab gözləyirəm”.   

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır