Modern.az

İlyas İsmayılovdan “Röyter”, Tomas de Vaal və Metyu Brayzaya cavab- MÜSAHİBƏ

İlyas İsmayılovdan “Röyter”, Tomas de Vaal və Metyu Brayzaya cavab-  MÜSAHİBƏ

18 Sentyabr 2012, 12:37

 “Onların yazıları, bəyanat və açıqlamaları psixoloji-ideoloji təsir xarakterlidir və Azərbaycanı müharibədən çəkindirmək məqsədi daşıyır”

 Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov parttiyanın mətbuat xidmətinə verdiyi müsahibədə son günlərin ən aktual məsələləri ilə bağlı sualları cavablandırıb. “Modern.az” həmin müsahibəni təqdim edir

- İlyas müəllim, Liviyada ABŞ diplomatının öldürülməsi bütün dünyada böyük narahatlıq yaradıb. Prosesin digər ölkələrdə və daha böyük masştabda təkrarlanacağı da istisna olunmur. Yəməndə və İrandakı hadisələr göstərir ki, bu ehtimal əsassız deyil. Bəziləri bunu ABŞ-ın Yaxın Şərqlə bağlı yanlış siyasətinin acı nəticəsi, daha dəqiq desək, bumeranq effekti verməsi kimi qiymətləndirirlər. Sizcə, proseslərin bu cür istiqamət alacağı gözlənilən idimi?

- Təəssüflə deyim ki, bu proses həqiqətən də genic bir coğrafiyaya yayılıb və artıq Şimali Afrikanı da bürüyüb. Özü də təkcə ABŞ-ın yox, Avropanın bəzi aparıcı ölkələrinin səfirliklərinə də hücumlar olur.  Amma bu proseslərlə bağlı digər qəribə olaylar da yaşanır. Məsələn, əksəriyyət həmin  hadisələri pisləyir. Bu, verilən bəyanatlardan da görünür. Əlbəttə, hansı səbəbdən olur-olsun diplomatik korpuslara silahlı hücumları, diplomatlarla orta əsr qanunları ilə haqq-hesab çəkmək cəhdlərini mən də təqdir etmirəm. Amma gəlin unutmayaq ki, bütün bunlar nəticədir. Yalnız onları pisləməklə problemi aradan qaldırmaq olmaz. Problemi həll etmək üçün həmin nəticələri doğuran səbəbləri tapıb, araşdırmaq lazımdır. Səbəb isə məlumdur:   "Cem Besil" kimi tanınan, amma əsl adı və soyadı Nakula Basseli olan 52 yaşlı ABŞ və İsrail vətəndaşı, kopt xristian, rejissor aktyorları aldadaraq "Səhra döyüşçüləri" adlı lent çəkdiklərini bildirib.Əslində isə  Məhəmməd peyğəmbər haqqında “ Müsəlmanların qunahsızlığı” adlı film çəkib və orada İslamın müqəddəs şəxsiyyətini ləkələyən fikirlərə xüsusi yer ayırıb. Bu azmış kimi, mətbuata verdiyi açıqlamasında həyasızcasına  “İslam xərçəng xəstəliyi, müsəlmanlar da yox edilməli həşəratlardır. Bu film ilə mən İslamın nifrət məzmunlu bir din olduğunu dünyaya göstərəcəyəm” deyə əsl məqsədini bir daha etiraf edib..

Sam Bacile onu da deyib ki, filmin çəkilməsi üçün 100 israilli xeyriyyəçidən 5 milyon dollar alıb və filmi İsrail üçün çəkib. Həmçinin bildirib ki, ABŞ-ın Florida əyalətində Quranı yandıran keşiş Terri Consdan da dəstək alıb. 

İndi bəziləri bunu fikir azadlığı kimi qələmə vermək istəyirlər. Amma elə deyil . Dinlərə, peyğəmbərlərə, insanların müqəddəs dəyərlərinə yönəlmiş təhqirlərə heç bir halda fikir azadlığı donu geyindirmək olmaz. Bu film açıq şəkildə təxribat və düşmənçiliyə yönəlmiş davranış nümunəsidir. Və ABŞ, eləcə də Avropa dövlətləri ilk növbədə bunu etiraf etməlidirlər. Həm də bu ilk belə addım deyil. İnsanlar ABŞ-da Quranın yandırılması, Danimarkada peyğəmbərin karikaturasının çəkilməsi, Avstriyada məscidlərin minarələrinin tikilməsinə qadağa qoyulması, həmçinin son illər Qərb mədəniyyətində islamofobiyanın inkişaf etməsinin və İslam mədəniyyətinə qarşı qeyri-sağlam münasibətin formalaşmasının təzahürü kimi qiymətləndirilən digər hadisələri unutmayıblar. Dediyim odur ki, Ilk növbədə bu hadisələrə gətirib çıxaran səbəblər müəyyənləşdirilməlidir. Dünyanı, insanları ayağa qaldırmış və qanlı hadisələrə səbəb olmuş şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Həmin ölkələrin rəsmi qurumları həm də zəruri tədbirlər görməlidirlər ki, bu cür hallar bir də təkrarlanmasın.  

Bütün bunları təhlil edəndə, əlbəttə, filmi çəkənlər əks-reaksiyanı nəzərə almalı idilər. Bu mənada, indi baş verənlər gözlənilən idi.

Şübhəsiz, istəməzdim ki, proseslər daha geniş miqyas alsın və dinlərarası savaşa çevrilsin. Yəni hamı kimi mən də istəyirəm ki, insanlar, ölkələr arasında sülh olsun. Sülh isə haqqın, ədalətin qorunduğu yerdə bərqərar olur. Dünyanın ağıllı dövlət və din xadimlərinin, xüsusən də Roma Papasının   son addımları  müəyyən əsaslar verir deyəm ki, elə belə də olacaq.   

- Qarabağ münaqişəsi ətrafında da gərginlik müşahidə olunur. Əvvəllər Azərbaycanın işğal olunmuş əraziləri   güc yoluyla geri qaytaracağı ilə bağlı bəyanatlarını “yalnız daxili rəyə hesablanmış gediş” adlandıran dairələr indi məsələyə tamam başqa rakursdan yanaşırlar. Məsələn, “Röyter” informasiya agentliyinin saytında Dağlıq Qarabağ konflikti ilə bağlı müharibə risklərinə həsr olunmuş geniş məqalədə bildirilir ki, “Yeni müharibə daha qanlı və dağıdıcı olacaq; hərbi əməliyyatlar təkcə regionla məhdudlaşmayacaq, nəticələri bilinməyən dövlətlərarası qarşıdurmaya çevriləcək...”

Qafqaz üzrə ekspert Tomas de Vaal da bu fikirdədir ki, budəfəki müharibə 90-cı illərin “aşağı texnologiyalı” konflikti ilə müqayisədə qat-qat dağıdıcı olacaq. Başqa sözlə, onların və digər ekspertlərin  iddialarına görə, bu müharibəyə Rusiya, Türkiyə və İran da cəlb oluna bilər.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza isə “Azərbaycanlılar hazırda Dağlıq Qarabağı qaytara bilmirlər. Hərbi planda onlar bu imkanda deyillər. Mən düşünmürəm ki, onlar erməniləri yüksəklikdən vurub çıxara bilərlər” deməklə rəsmi Bakının torpaqları hərbi yolla qaytara biləcəyinə faktiki olaraq inanmadığını bildirib. Necə düşünürsünüz, bütün bu pessimist açıqlamalar və yazılar təsadüfidir, yoxsa bizi müharibədən çəkindirməyə hesablanıb?

- 1870-1871-ci illər Fransa-Prussiya müharibəsində Fransa məğlub olmuşdu – Elzası və Lotaringiyanın yarısını itirmiş, beş milyard frank məbləğində təzminat ödəməyə məcbur edilmişdi. Alman imperiyasının 1-ci reyxkansleri Otto Fon Bismarkın sözləri ilə desək, “Fransaya öz bədbəxtliyini ağlamaq üçün yalnız gözləri saxlanılmışdı”.  Belə bir situasiyada fransızlar ilk növbədə öz ləyaqət hisslərini bərpa etməyə çalışırdılar. Əsas fikir-zikrləri itirilmiş torpaqlarını qaytarmaqdan ibarət idi. Əlbəttə, o vaxt orada da bəziləri müharibənin əleyhinə gedirdilər. Necə ki, indi bizdə də bəziləri iddia edirlər ki, müharibəyə çağırmaq ağılsızlıqdır, lazım deyil, birdən qalib gələ bilmərik və s. Onda, mənim böyük hörmət bəslədiyim, əsl dövlət adamı olan və o vaxt hərbi məktəbdə oxuyan, ürəyi almanları məğlub etmək istəyi ilə alışıb-yanan de Qoll bizim bu günümüz üçün də aktuallıq kəsb edən bir fikir söyləmişdi. Demişdi ki, “Əgər, doğrudan da,   müharibə ağılsızlıqdırsa, torpaqların düşmən tapdağı altında qalması və məğlubiyyətin etirafı bundan da betərdir”. Mən elə hesab edirəm ki, həyatda torpaqdan, ərazidən qiymətli heç bir şey yoxdur. Və tasadüfi deyil ki, müharibələrin əksəriyyəti də məhz torpaq, ərazi üstündə başlayıb. Biz torpaqlarımızın heç bir qarışını da ermənilərə verməyəcəyik. Sadaladığınız bəyanat və açıqlamalar isə bizi müharibədən çəkindirməyə xidmət edir. Bir də, bu cür bəyanatlar bizdə mövcud şəraitdən istifadə edərək əyri yollarla varlananları və daha çox sərvət toplamaq istəyənləri qane edə bilər. Mənə elə gəlir ki, Azərbaycan özündə güc tapmalı və bütün dünyaya sübut etməlidir ki, öz torpaqlarını işğaldan qurtarmağa qadirdir. Özü də heç bir dövlət – nə Rusiya, nə də İran bizi qorxutmasınlar. Onlar heç bir halda bu konfliktə qarışa bilməzlər. Çünki biz   heç bir dövlətin ərazisinə iddia və hücum etmirik. Öz torpaqlarımızı terrorçulardan və separatçılardan təmizləmək istəyirik. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Bu bir daha sübut edir ki, başqa dövlətlər hətta istəsələr belə, bu məsələyə qarışa bilməzlər. Görünür, məhz bunu bildiklərindən bizi müxtəlif ideoloji və psixoloji təsir vasitələri ilə müharibə variantından çəkindirməyə çalışırlar.

Metyu Brayzanın fikrinə gəlincə, mən onu Azərbaycan üçün çox zərərli hesab edirəm. Çünki iddia edir ki, guya düşmən yüksəklikdə olduğundan onu oradan salmaq olmaz. Niyə salmaq olmur? Əsl qəhrəmanlıq elə odur ki, düşməni əsas istinadgahından vurub çıxarasan. Bizim buna qadir oğullarımız var. Elə təkcə Mübariz İbrahimovun qəhrəmanlığını yada salmaq yetər. Bütün Ermənistanı təlaşa salıb sarsıtmışdı.  Nəzərə alaq ki, o cür igid oğullarımız olduqca çoxdur. Əgər Vətən çağırsa, hamı silaha sarılmalı və torpağını azad etməyə yollanmalıdır. Bizim həm əhali, həm  iqtisadi, həm də hüquqi resurslarımız imkan verir ki, ərazimizi düşmənlərdən təmizləyək.

Bu arqumenti gücləndirən daha bir amil var. Uzun illərdir aparılan danışıqlar heç bir nəticə vermir. Mən hələ ATƏT-in Minsk Qrupu yaradılandan deyirdim ki,”ölü doğulduğundan” o qurumdan heç nə gözləməyə dəyməz.  Çünki nəinki Minsk Qrupu, heç ATƏT-in özü də heç nə edə bilməz. Ən azı o səbəbdən ki, bu təşkilatın qərarları tövsiyə xarakteri daşıyır, dövlətlər üçün öhdəlik yaratmır, məcburi deyil. Tövsiyəni isə ermənilər qəbul etməzlər. Onlar tarix boyu bizə düşmən mövqeyi tutublar və Azərbaycanın əraziləri hesabına "Böyük Ermənistan" dövləti yaratmaq xülyaları ilə yaşayıblar. Dəfələrlə vurğuladığım bir faktı yenidən yada salıram - 1985-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində Daşnaksütyun Partiyasının 23-cü qurultayı keçirilib. Qurultayda bircə məsələ müzakirə olunub - Ermənistanın ərazisinin genişləndirilməsi: "Hardan başlayaq - Gürcüstandan, yoxsa Azərbaycandan?" Türkiyəyə qarşı səslərini çıxara bilməzdilər. Çünki güclü dövlətdir. Bir səs çoxluğu ilə qərara alıblar ki, Azərbaycandan başlasınlar, budur, nəticəsi də göz qabağındadır. Belə olan halda onlar tövsiyəni qəbul edərlərmi? Yaxud Ermənistanın prezidenti həyasızcasına deyir ki, Dağlıq Qarabağı bizim nəslimiz azad etdi, Ağrı Dağını da gələcək nəsillər azad edəcək. Bu insanla söhbət aparmağa dəyər? Bu sözlərdən sonra hansı sülh danışıqlarından söhbət gedə bilər? Mən hesab edirəm ki, danışıqlar başqa vasitələrlə aparılmalıdır və biz də məhz həmin vasitələri seçməliyik.

Burada təəssüf doğuran və görünməyən başqa xətt də var - xristian təəssübkeşliyi. Yəni müsəlman olduğumuza görə  hüquqlarımızı etiraf etmək istəməyənlər də çoxdur. Biz bunu da nəzərə almalı və hamını fakt qarşısında qoymalıyıq. Heç kimin dediyinə aldanmaq lazım deyil. Onların hamısı bizə psixoloji təsir göstərmək üçündür.

- Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasının rəhbərliyinə və Amerikanın bəzi konqresmenlərinə qarşı Ramil Səfərovun məsələsi ilə bağlı sərt tənqidlər ünvanlayıb. Deputat həmkarınız Azay Quliyev isə bir az da irəli gedərək, Azərbaycan məmurlarına Avropa Şurası ilə əlaqələri kəsməyi təklif edib. Bəzi ekspertlərin fikrincə, rəsmi Bakı bununla əslində bəzi Avropa dövlətlərini və təsisatlarını, eləcə də ABŞ-ı şantaj edir ki, bizə münasibətlərini dəyişsinlər, əks halda Azərbaycan istiqamətini dəyişib, Rusiyameylli kurs seçə bilər. Bu fikir nə dərəcədə ağlabatandır?

- Əlbəttə, Ramil Səfərovla bağlı bu ajiotajlar başadüşüləndir. Ermənilər bu məsələdən özlərinin ənənəvi anti-Azərbaycan siyasətlərini, təbliğatlarını genişləndirmək üçün sadəcə olaraq tutalqa kimi istifadə edirlər. Özü də çalışırlar ki, bunu daha geniş ərazilərdə yaysınlar. Elə son günlərdə onların Moskvada keçirdikləri mitinq də bunun bariz nümunəsi idi. Yəqin xatırlayırsınız, ermənilər həmin mitinqə anti-türk və anti-Azərbaycan  xislətiylə onlardan heç də geri qalmayan başabəla Vladimir Jirinovskini də çağırmışdılar və o, həqiqətən də onları razı salan çıxış etdi. Mən məsələnin hüquqi və ya başqa aspektləri barədə danışmaq istəmirəm. Bu barədə kifayət qədər deyilib və yazılıb. Amma başqalarının bu məsələ ətrafında yaradılan ajiotaja birtərəfli qaydada qoşulmasına ehtiyac yox idi. Niyə Azərbaycan torpaqları işğal olunanda, Xocalı soyqırımı törədiləndə həmin “haqq-ədalətsevərlər” səslərini çıxarmadılar? Amma bir erməninin öldürülməsinə bu qədər “yanırlar”? Heç nəzərə də almırlar ki, onu öldürən şəxs aldığı həbs cəzasının xeyli hissəsini çəkib?! Bax, bayaq dediyim xristian təəssübkeşliyi burada da özünü göstərir.

Amma hesab edirəm ki, bütün bunlara baxmayaraq biz özümüzü itirməməli, soyuqqanlılığımızı və təmkinimizi qoruyub saxlamalıyıq. Bütün bu ajiotajlar keçib-gedəcək, odur ki, əsas diqqətimizi bayaq da dediyim kimi, torpaqlarımızın azad edilməsi istiqamətində səfərbər etməliyik.

Mənim deputat həmkarım Azay Quliyevə böyük hörmətim var, amma hesab edirəm ki, beynəlxalq təşkilatlarla əlaqələri kəsməyə də dəyməz. Münasibətləri korlamaq və ya qırmaq elə də çətin deyil. Əksinə, biz mövcud əlaqələrimizdən və imkanlarımızdan istifadə edərək onları və başqalarını haqlı olduğumuza inandırmağa çalışmalıyıq. Onlara sübut etməliyik ki, “haqsızsınız, terrorçuları, separatçıları, işğalçıları müdafiə edirsiniz”.   

- Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin yenə Avrasiya İttifaqının genişləndirilməsinin zəruriliyindən danışıb. Sizcə, burada məqsəd nədir, həmin ideya reallaşa bilərmi və Azərbaycanın orada iştirakı ölkəmizə nə verə bilər?

- İndi elə bir vəziyyət yaranıb ki, hər hansı ağıllı bir fikir söyləməyin özü də risk tələb edir. Çünki əksəriyyət əvvəlcədən hazırlanmış streotiplərlə danışır. Elələri başqalarının dediklərinin doğru və ya yalan, xeyirli yaxud zərərli olduğunun fərqinə varmadan hər şeyi, necə deyərlər, süngü ilə qaqrşılayırlar.

Yəqin xatırlayırsınız, vaxtilə Azərbaycanın MDB-yə daxil olub-olmaması ilə bağlı da böyük ajiotaj yaşanmışdı. Amma indi əksəriyyət etiraf edir ki, biz o təşkilata qoşulmasaydıq, daha böyük zərbələr ala bilərdik.

Burada da yoxlamalı, analiz etməliyik: o İttifaqa daxil olmaq bizə nə verə bilər? Əgər Azərbaycanın xeyrinə olacaqsa, deməli, mütləq daxil olmalıyıq. Yox əgər, ziyanımıza olacaqsa, imtina etməliyik. İndiki halda həmin təklifin nəyə əsaslandığı, yeni qurumun mahiyyətinin nədən ibarət olduğu barədə müfəssəl məlumatım yoxdur. Ona görə də konkret nə isə deyə bilmərəm. Amma bir daha vurğulayıram ki, istənilən halda həmin təklifə ölçülü-biçili yanaşmaq lazımdır. İlk növbədə də Azərbaycanın maraqları nəzərə alınmalıdır. Yeri gəlmişkən, burada maraqlı bir məqam yadıma düşdü. Məşhur bir rus filosofu var, təəssüf ki, adını unutmuşam. Ancaq familiyası İlindir, o çox unikal bir fikir səsləndirib. Deyib ki, hansı ölkə özündən şərqdə yerləşən ölkə ilə dostluq edirsə, mütləq inkişaf edir və uğur qazanır. Əksinə, qərbindəki ölkə ilə dostluq, yaxınlıq edirsə, ziyan görür və uduzur. Təəssüf edirəm ki, o bunun mahiyyətini açmayıb, yalnız tezis formasında deyib. Amma vaxtilə Şarl de Qollun da dediyi kimi, ciddi qərarların qəbul edildiyi bütün hallarda üş prinsip mütləq gözlənilməlidir: şərəf və ləyaqət, sağlam düşüncə və Vətənin maraqları! Yəni yuxarıda haqqında danışdığımız Avrasiya İttifaqı deyilən quruma üzvlük bu prinsiplərlə uzlaşırsa, ora girmək olar, uzlaşmırsa, deməli, olmaz.         

- İlyas müəllim, bir az da özümüzdən danışaq. Son vaxtlar mətbuat az qala hər gün Ədalət Partiyasındakı istefalardan yazır. Amma Siz partiya sədri olaraq yazılanlara nədənsə indiyədək münasibət bildirməmisiniz. Yeri gəlmişkən, oxucuların xahişini nəzərə alaraq istəyərdik ki, bu məsələyə aydınlıq gətirəsiniz: partiyada doğrudanmı gərginlik yaşanır? Ümumiyyətlə,  “Ədalət”də nələr baş verir?

- Prinsip etibarilə partiyaya gəlmək də, getmək də könüllüdür. Bu mənada bu məsələdə heç bir problem yoxdur. Ancaq müasir jurnalistika ilə məşğul olanlarda sensasiya axtarmağa qəribə bir meyl var. Bəziləri sanki stəkanda fırtına yaratmağa çalışır və bundan ləzzət alırlar. Doğru və ya yalan olmasından asılı olmayaraq hardansa eşitdikləri xəbəri istədikləri kimi yozur və ondan istədikləri kimi nəticə çıxarırlar. Bir daha deyirəm, kiminsə partiyaya gəlməsi və ya getməsi könüllüdür. Əgər insanlar özlərini başqa yerdə daha yaxşı realizə edə bilirlərsə, getsinlər, onlara uğurlar arzu edirəm. Amma məsələnin bir mənəvi cəhəti də var. İnsanlar uzun müddət bir yerdə fəaliyyət göstərir, müəyyən ünsiyyətdə, qarşılıqlı münasibətlərdə olurlar. Az qala doğmalaşırlar. Birdən kimsə hansısa bəhanə, yaxud konyuktura xarakterli məqsədilə bu münasibətlərə tüpürərək son verirsə, bu, əlbəttə, yaxşı hərəkət deyil və heç cür təqdir oluna bilməz. Bununla belə, mən elələrinin qalmalarındansa, getmələrinin tərəfdarıyam.  Özü də nə qədər tez getsələr, bir o qədər yaxşıdır.

Siyasi partiya pul qazanmaq yeri deyil. Siyasi partiya insanın özünü realizə etmək yeridir. Siyasi partiyalarda insanların daha şüurlu dəstələri birləşir. O şüurlu insan dəstələri ki, onlar şəxsi maraq güdmək mərhələsini aşıblar və artıq ümumxalq, ümumdövlət maraqlarının həlli ilə məşğul olmaq üçün yetişiblər. Siyasi partiyalarda məhz bu cür insanlar fəaliyyət göstərməlidirlər. Əgər kimsə bu və ya digər partiyada özünü realizə edə bilmirsə və yaxud hesab edirsə ki, üzvü olduğu partiya bu məsələdə ona mane olur, onda həmin şəxs başqa partiyaya keçə də bilər. Məsələn, dünyanın ən məşhur siyasətçilərindən biri, Böyük Britaniyanın keçmiş baş naziri Uiston Çörçill beş partiya dəyişmişdi. Ona görə yox ki, sıralarını tərk etdiyi partiyalarda ona pul vermirdilər, ona görə ki, həmin qurumlar onun siyasi maraqlarına cavab vermirdi. Bir də, heç vaxt unutmaq lazım deyil ki, insanın əmək fəaliyyəti təkcə pul qazanmaqdan ibarət olmalı deyil. İnsanın fəaliyyəti onun şəxsiyyətinin açılmasına və təsdiq olunmasına yönəlməli, xidmət etməlidir. Pul qazanmaq xatirinə insanlar gedib iyrənc işlərlə də məşğul ola bilərlər. Amma bu onların bütün maraqlarını təmin edə bilməz. İnsan həyatda gərək elə fəaliyyət növü və elə həyat tərzi seçsin ki, şəxsiyyət olaraq özünün potensial qabiliyyətini göstərə bilsin. Çünki insanın özünün təyinatı da ilk növbədə məhz özünütəsdiqdən keçir. Siyasi partiyalar bu mənada insanlara böyük imkanlar verir.

Digər tərəfdən, insanlar xaraktercə müxtəlifdirlər. Məsələn, situasiyadan asılı olaraq istənilən partiyada istər maliyyə, istərsə də başqa səbəblərdən müəyyən gərginliklər, narazılıqlar yaşana bilər. Bu təbiidir. Elə  insanın da qabiliyyəti ondadır ki, həmin situasiyada özünü itirməsin, problemə ayıq başla yanaşsın və onu həll etmək istəyində, gücündə olsun. Başqa sözlə, insan əsl xarakterini məhz elə o situasiyalarda büruzə verir. Ağıllı insanlar elə hallarda küsüb getmir, yaxasını kənara çəkmir, əksinə  gücünü səfərbər edərək silkinir və yenidən meydana atılır.  Şükürlər olsun ki, indiyədək bizim partiyada ciddi gərginlik yaşanmayıb. Ara-sıra meydana gələn problemləri də qarşılıqlı səylər nəticəsində həll etmişik və edirik. Qaldı müəyyən konyuktura məqsədləri ilə yaşayanlar və partiyadan həmin məqsədləri həyata keçirmək üçün istifadə etmək istəyənlər, bayaq dediyim kimi, mən onların getmələrinə nəinki təəssüflənmirəm, əksinə sevinirəm. Nəhayət, partiya beş-on adamdan ibarət deyil ki?! Ümumi maraqların və baxışların birləşdirdiyi çoxsaylı insanların, necə deyərlər, cəbhəsidir.

Qaldı adları mətbuatda çəkilən konkret şəxslər, onların getməsinə həqiqətən də təəssüflənərdim. Əvvəla ona görə ki, aramızda çoxlilik insani və işgüzar münasibətlər var.  İkincisi, onların özlərinin və partiyamızın gələcək perspektivi baxımından… 

- Artıq yeni dərs ilinə start verilib. Siz deputat seçildiyiniz Tovuz, Qazax və Ağstafa rayonlarında təhsil işçilərinin bu ayın əvvəlində keçirilən konfranslarına qatılmısınız. Ümumi təəssüratınız necədir: pedaqoji kollektivlər yeni dərs ilinə hansı əhval-ruhiyyə ilə başlayıblar, problemləri varmı, varsa nədən ibarətdir və onları necə həll etmək olar?

- Təhsil sektoru çox mürəkkəb sahədir. Xüsusən də millətin, ölkənin bu günü və gələcəyi baxımından taleyüklü sahədir. Təhsilə adi məsələ kimi baxmaq olmaz. Hamılıqla başa düşməliyik ki, təhsil istənilən millətin və ölkənin uğurlu gələcəyini təmin edən ən əsas şərtlərdəndir. Ona görə də ona kompleks şəkildə yanaşmaq, qayğı və kömək göstərmək lazımdır. Bu qayğı, kömək həm dövlət, həm də cəmiyyətin özü tərəfindən olmalıdır. “Dövlət qayğı göstərmir” demək, əlbəttə, səhv olardı. Müəyyən qayğı var, kömək də hiss olunur. Amma  hesab edirəm ki, biz istər dövlət, istərsə də cəmiyyət olaraq təhsil sahəsinə hələ də borcluyuq. Niyə borcluyuq? Çünki cəmiyyətin inkişafı  müxtəlif siyasi, iqtisadi, mənəvi və sosioloji meyarlarla ölçülür. Bunu nəzərə alaraq hesab edirəm ki, cəmiyyətin inkişafı müəllimin maddi və mənəvi səviyyəsi ilə müəyyən edilməlidir. Hansı cəmiyyətdə ki müəllim başqalarından yaxşı yaşayır, ona qayğı, hörmət var, o cəmiyyət inkişaf edir. O ölkələrdə ki müəllim ehtiyac içərisindədir, adı şərəfli tutulmur, həmin ölkələr inkişaf edə bilməz. Bu baxımdan bir daha vurğulamaq istəyirəm ki, bizim istər dövlət, istərsə də cəmiyyət olaraq müəllimlərə çox böyük borcumuz var.  Onları lazımi yaşayış  səviyyəsi ilə təmin edə bilməmişik, bir çox hallarda müəllim adını uca tutmuruq. Əksinə, bir də görürsən, hansısa qəzetdə hansısa məmuru ələ salmaq üçün ona kinayə ilə “müəllim” deyirlər.

Bu məsələdə məsuliyyət daşıyan ikinci tərəf müəllimlərin özləri olmalıdır. Müəllim şagird, tələbə üçün nümunə, örnək olmalıdır. Həm savadı-biliyi, həm davranışı-özünü aparması, həm də geyimi-gecimi ilə. 

Bir məqama da toxunmaq istəyirəm. Bayaq müəllimlərin dolanışıq səviyyəsinin aşağı olduğunu qeyd etdim. Ürək ağrısı ilə vurğulayıram ki, bəzən onların o cüzi maaşlarına göz dikənlərin olduqları barədə də xəbərlər eşidirəm. Bu, olduqca acınacaqlı və biabırçı bir haldır. Müəllimə verilən onsuz da cüzi məbləği bu və ya digər bəhanələrlə onun əlindən almaq vicdansızlıqdır. Hesab edirəm ki, bu cür biabırçılıqların qarşısı dərhal və qətiyyətlə alınmalıdır.

Təbii, digər problemlər də var və onların bir çoxu təhsil işçilərinin bayaq adını çəkdiyiniz rayonlarda keçirilən  ənənəvi illik müşavirələrində də qabardıldı.  Yeri gəlmişkən, bu, sovetlər dönəmindən qalmış ən yaxşı ənənələrdən biridir. Əvvəllər onlar,  dərslər sentyabrın 1-də başladığından avqust ayında keçirilir və “avqust müşavirələri” adlanırdı. İndi dərslər sentyabrın 15-də başladığından onlar da sentyabrın əvvəllərində keçirilir. Bir sözlə, yaxşı və yaşadılmalı ənənədir. Ümumiyyətlə, o quruluşun digər mütərəqqi ənənələri də vardı və zənnimcə, yaşadılsa heç də pis olmazdı. Məsələn, mən hətta kolxoz və sovxoz sisteminin qalmasının da tərəfdarı idim. Onları ləğv etmək yox, daha yaxşı fəaliyyət göstərmələri, daha çox varlanmaları üçün imkan, şərait yaratmaq lazım idi.  Bu gün də hesab edirəm ki, yalnız xaricilərin xoşuna gəlmək və islahat görüntüsü yaratmaq xatirinə elə bir zərərli addımı atmağa, insanları pərakəndəliyə vadar etməyə heç bir ehtiyac yox idi. Nə isə… bu çox vaxt aparan mövzudur, lazım olsa, başqa vaxt ayrıca müzakirə edərik. İndi isə qayıdaq təhsil məsələsinə. Hazırda bu sahədə ən böyük problemlərdən biri də dövlətə məxsus ali məktəblərdə ödənişli təhsilin olmasıdır. Bu məsələ Ağstafada keçirilən konfransda bir xanım tərəfindən də qaldırıldı.  Ondan əvvəl isə Qazaxdakı seçicilərimdən biri bu barədə mənə müraciət etmişdi. Onun övladı Azərbaycan İqtisad Universitetinə qəbul olunmuş, ödənişli qrupa düşmüşdü. Amma imkanları olmadığından uçaq oxumaq istəmir, valideynləri də israr etmirdilər. Həmin məsələ ilə bağlı elə oradan İqtisad Universitetinin rektoru, deputat həmkarım, hörmətli Şəmsəddin müəllim Hacıyevə zəng vurdum. Çox sağ olsun, onları qəbul etdi,  vəziyyətlərini nəzərə alaraq, birinci kursda ödəniş  məsələsində  güzəştə getdi.  Bəs sonra? Özü də belə vəziyyətdə olan, övladları ən müxtəlif dövlət universitetlərinə qəbul olunmuş  yüzlərlə, bəlkə də minlərlə ailə var, onlar neyləsinlər? Ona görə, mən də bu fikirdəyəm ki, dövlətin tabeçiliyində olan ali məktəblərdə ödənişli təhsil sistemi ləğv olunmalıdır. Həm də söhbət təkcə valideynlərin imkansızlığından getmir. Bununla o qədər istedadlı gənclərin qarşısına sipər çəkilir ki! Bu həm də ona görə vacibdir k, təhsilin səviyyəsinin artırılmasına yox, bir qrup adamın tələbələrin və onların validenlərinin hesabına varlanmalarına xidmət edir.   

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi