Modern.az

Türkiyənin “Antalyaspor” klubu 17 yaşlı azərbaycanlı futbolçunu istəyir

Türkiyənin “Antalyaspor” klubu 17 yaşlı azərbaycanlı futbolçunu istəyir

Təhsil

18 Sentyabr 2012, 13:14

Elməddin Məmmədov AZAL peşəkar futbol klubunda əvəzedici heyətin qapısını qoruyur. 6-7 yaşlarından məhəllədə top qovan Elməddin 12 yaşında Bakı Futbol Məktəbinə yazılıb. Bir müddət sonra isə o, məşqlərə Respublika İxtisaslaşdırılmış Olimpiya Uşaq- Gənclər İdman Mərkəzində davam edib. Yeniyetmə qapıçının sayıqlığı tanınmış futbol məşqçisi Elnur Zeynalovun diqqətindən yayınmayıb.  Elnur Zeynalovun dəvəti ilə AZAL peşəkar futbol klubuna gələn Elməddin o vaxtdan da taleyini “təyyarəçilərlə” bağlayıb.

Elməddin Məmmədovun qısa müddət ərzində özünü göstərməsi əcnəbi futbol klublarının da diqqətindən yayınmayıb. Hətta bir müddət əvvəl Türkiyənin məşhur “Antalyaspor” futbol klubu Elməddini öz heyətinə cəlb etmək istəyib. Klubun azərbaycanlı menecerləri gənc futbolçumuzla danışıqlar aparsalar da, Elməddinin AZAL-a son dərəcə bağlı olması və təhsili davam etdirmək arzusu onun “Antalyaspor”a keçidini əngəlləyib. Hazırda Xırdalan qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl rayonu Sirik kənd orta məktəbinin 11-ci sinif şagirdi olan Elməddin Məmmədov 2012-2013 futbol mövsümü başa çatandan sonra kariyerasını qardaş Türkiyədə davam etdirmək istəyir.
Gələcək planları ilə bağlı Modern.az saytına açıqlama verən gənc futbolçumuz bunları deyib: “Növbəti futbol mövsümündə kariyeramı Türkiyədə davam etdirmək istəyirəm. Ola bilsin ki, Superliqa komandalarının birinin U-18 heyətinin tərkibində, ya da 3-cü liqa komandalarının birində oynayım. Yeri gəlmişkən, azərbaycanlı menecerlərdən bu məsələdə mənə dəstək olmalarını xahiş edirəm. Özümə çox güvənirəm. İnanıram ki, Türkiyədə qısa müddət ərzində özümü göstərib, bu ölkənin ən məşhur komandalarının birində çıxış etmək imkanı qazanacağam”.

Bütün futbolçular kimi Elməddin Məmmədovun da ən böyük arzusu milli komandanın formasını geyinməkdir: “İnanıram ki, bir qapıçı kimi özümü göstərəndən sonra məşqçilər məni futbol üzrə Azərbaycan yığma komandasına dəvət edəcəklər. Etimad göstəriləcəyi təqdirdə, milli komandamızın qapısını göz-bəbəyim kimi qorumağa hazıram”.


Seymur Vaqifoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir