Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub.
Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Rəsmi məlumata görə, həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir:
“Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir.
Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir”.
Qeyd edək ki, hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib ki, atasına gündüzlər baxan tibb bacılarına 3 aydır maaş verilmədiyindən, artıq onlar da may ayının 1-dən xidməti davam etdirə bilməyəcəklər. O deyib ki, məsələ ilə bağlı tibb bacılarının dəfələrlə TƏBİB rəhbərliyinə müraciətlərinə müsbət cavab verilmədiyi üçün göstərilən müalicəni dayandırmaq məcburiyyətindədirlər.