"Demokratik cəmiyyətin əsas hüquqi-siyasi institutlarından biri Mərkəzi Seçki Komissiyasıdır. Onun fəaliyyəti demokratik əsaslarda təşkil olunub. Hər bir cəmiyyətdə hakimiyyətin müxtəlif seçkili qollarının, yerli özünüidarəetmə orqanlarının formalaşdırılması bilavasitə MSK-a və Seçki Məcəlləsinə uyğun təyin olunan prosedurlar vasitəsilə reallaşan siyasi hadisədir. Yeni Azərbaycan Partiyasının İdarə Heyəti bir neçə gün əvvəl öz namizədlərini müəyyənləşdirərkən məhz MSK üzvü olacaq namizədlərinin peşəkar keyfiyyətlərini, təcrübələrini və onlara olan ictimai etimadı nəzərə alaraq parlamentin müzakirəsinə təqdim edib".
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda seçkilərin keçirilməsinin özünəməxsus hüquqi ənənələri və tarixi var:
"Bu vaxta qədər heç bir halda cəmiyyətin hər hansı institutunun və yaxud beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərlə bağlı ciddi şübhələri, iradları olmayıb. Fəaliyyət göstərdiyi müddətdə MSK daxil olan müraciətləri, şikayətləri peşəkarcasına, hüquqa söykənərək araşdırıb. Yəni istər peşəkarlıq və təcrübə baxımından, istər Seçki Məcəlləsinin tələblərinin lazımi səviyyədə yerinə yetirilməsi baxımından, istərsə də müxtəlif siyasi dünyagörüşünə sahib olan MSK kollektivinin idarə olunması və onun işnin yalnız hüquqi əsaslarda səmərəli təşkili baxımından işlər yaxşı təşkil olunub. Əlbəttə, yeni tərkibdə MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi qurumun daxili prosedur işidir. Ancaq əsas məsələ odur ki, biz bu gün bir daha MSK-nın yeni tərkibinin demokratik əsaslarla formalaşdırıldığının şahidi olduq. Çünki yeni tərkib parlament çoxluğunu təşkil edən hakim Yeni Azərbaycan Partiyasının, eyni zamanda, müxalifətin və bitərəflərin nümayəndələrindən təşkil olundu ki, bu özlüyündə bir demokratiya hadisəsidir".