Modern.az

İranın "sanatoriya" həbsxanasından çıxan iki şair...

İranın "sanatoriya" həbsxanasından çıxan iki şair...

Aktual

18 Sentyabr 2012, 14:50

"22 gün tək qaldım, sonra Şəhriyarla birlikdə qaldıq. Həbsxananın şəraiti çox yaxşı idi. Kondisioner var idi, otaq başdan-ayağa xalı ilə döşənmişdi. Yatacaqlar normal idi. Yemək vaxtlı-vaxtında verilirdi. Səhər yeməyi 3 cür idi - yumurta, mürəbbə, pendir, çörək də nə qədər istəsən. Günorta yeməyində isə balıq, kabab, aş, piti, şorba, soyutma kartof və üç-beş növdə adını bilmədiyim düyü yeməkləri. Fiziki təzyiq yox idi, vaxtlı-vaxtında havaya çıxarırdılar, həkim müayinəsi var idi".

Bu sözlər İranda 86 gün "ETTALAT"ın, 40 gün isə Azərbaycanın mənəvi paytaxtı Təbrizin həbsxanasında məhbus olan iki azərbaycanlı gənc şairlərdən birinin, konkret desək, Fərid Hüseynin müsahibəsindəndir. Şairin müsahibəsini analiz edərkən  o qədər düşündürücü suallar ortaya çıxır ki. İrandakı məhbəs həyatından qurtulan şairlərin Vətənə gələndən bu yana dediyi sözlər, fikirlər, yazdığı köşələr ikrah doğurur.

İlk öncə əsəbləri tarıma çəkən hörmətli Şəhriyar Hacızadənin "İran bizi əfv etdi" kəlməsi idi. Onda belə çıxdı ki, doğrudan da bunların günahı varmış, amma molla rejiminin məhkəməsinin, hakiminin, ən sonunda da, ali dini liderinin ürəyi yumşalıb və bu sadaladığım instansiyalar böyük humanistlik prinsipinə əsaslanaraq "əfv" imzalayıblar. Tehranın molla rejiminin necə "humanist", xüsusən də qələm adamlarına qarşı necə "həlim" olduğunu tək Azərbaycan yox, bütün dünya bilir. Odur ki, əlavə şərhə ehtiyac duymuram.

Şəhriyar bəy də verdiyi müsahibədə İran həbsxanası, "ETTALAT" zindanı haqqında elə fikirlər səsləndirir ki, sanki məhbus həyatı yox, kurort həyatı yaşayıblar. Hörmətli gənc şairimizin dediklərindən belə aydın olur ki, bu 126 gündə İran həbsxanalarında kef eləyiblər. Əgər doğrudan da günorta yeməyində balıq, kabab, aş, piti və adını çəkmədiyim başqa ləziz yeməklər verilibsə, fiziki təzyiq olmayıbsa, vaxtlı-vaxtında havaya çıxarılıblarsa, o zaman şairlərimiz həbsxanada yox, sanatoriyada olublar.
Lakin illərdir 30 milyondan çox Azərbaycan türkünün haqq-hüququnu tapdalayan, bu qədər azərbaycanlının ən adi hüququnu pozan, türklərə qarşı, xüsusən də Azərbaycan türklərinə qarşı hər fürsətdə zorakılıq edən fars rejiminin əməllərindən haliyik. Onu da bilirik ki, azərbaycanlıların milli məsələ ilə bağlı qaldırdığı tezislərə bu rejimin təpkisi necə sərt və amansızdır. O zaman ortaya maraqlı sual çıxır. Heç bir hüququ saymayan, hüquq normalarını tapdaq altında əzən rejim, nə əcəb iki azərbaycanlı gənc şairi (dediklərinə görə, İrana qarşı təbliğatda suçlanıb həbs ediliblər) əl üstündə saxlayıblar? Bütün dünyanın tanıdığı molla rejimi, dövlətinə qarşı əks-təbliğat aparan qüvvələri əl üstündə saxlamır, ən sərt cəza tədbirləri ilə cəzalandırır, hətta edam edir. Əksinə, əgər gənc şair Fərid Hüseynin müsahibəsində qeyd etdiyi kimi yox, köşəsində yazdığı kimi əziyyət çəkibsə, o zaman Təbrizin, "ETTALAT"ın zindanlarını tərifləmək nədən qaynaqlanır?

İkinci ağrıdıcı hal isə şairlərin, xüsusən də Fərid Hüseynin bəzi həmkarlarını, onlar həbsdə olarkən müdafiəsini etmiş jurnalistləri unutması, bəzilərini isə aşağılamasıdır. 

Mayın 2-də həbs olunan şairlərin günahsız olmasını sübut etmək üçün, onların azadlığa çıxması üçün hansı addımlar atıldı, kimlər müdafiə tədbirlərinə qoşuldu, bu məlumdur. İctimaiyyət ondan da xəbərdardır ki, həm dövlət, həm də ictimaiyyət, xüsusən də media cameəsi gənc şairləri necə, hansı səviyyədə diqqətdə saxlayırdı. Yəqin ki, bunu hazırda azadlıqda və Bakıda olan Fərid Hüseynlə Şəhriyar Del Gerani də bilirlər, məlumatları var. Mətbuatda gedən yazıları, keçirilən tədbirləri, kimlərin hansı bəyanatı verməsini bilməmiş deyillər. Amma görünür bilsələr də unudurlar, unutmaq istəyirlər. Müsahibəsində Fərid Hüseynin "Leş Əli" adlandırdığı, şair Aqşin Yeniseyin, onlar həbsdə olarkən müdafiələrində necə dayandığı, qəzetlərə hansı şəkildə açıqlamalar verdiyini xatırlayıram. Amma həbsdən çıxan şairimiz, həmkarının fikirlərini cəfəngiyyat adlandırır. Yeniseyin cəfəngiyyat adlandırdığınız fikri hansıdır? Adam deyib ki, həbs olunan şairlərin siyasi mövqeyi yox idi, milli vətənpərvərlikdən, iki yerə bölünmüş Azərbaycandan yazmayıblar ki, həbsin motivi də bu olsun. Bəlkə səhv deyir həmkarınız? Bəlkə siz molla rejiminin 30 milyonluq Azərbaycan türkünün haqlarını necə tapdalamasından yazmısınız, bəlkə parçalanmış Azərbaycanın bütövlüyünü önə çəkmisiniz, bəlkə siz güneyli soydaşlarımızın quzeyli soydaşlarımızla bir yerdə olmaq arzusunu qələmə almısınız, bizim xəbərimiz yoxdur? Mənim Aqşin Yeniseyi müdafiə etmək kimi niyyətim yoxdur. Sadəcə demək istəyirəm ki, şair müdafiəsində dayanmış həmkarının, ümumiyyətlə günahsızlığınızı önə çəkən, tədbirlərdə sizin həbsdən azad olunmağınızı molla rejimindən tələb edən insanların haqqını itirməz.

İnanıram ki, "Həbsdə olan gənc şairlərin Müdafiə Komitəsinin" üzvləri, jurnalistlər sizin müdafiənizə qalxdıqları üçün peşman deyillər. Çünki sizinlə bağlı narahatçılıq şair olduğunuza görə yox, iki Azərbaycan vətəndaşının, az qala XV əsrin qanunları ilə idarə olunan İranda həbsdə olmağına görə idi. Müdafiə tədbirlərinə qatılan ictimaiyyət nümayəndələri Tehran rejiminə çatdırırdı ki, dövlətlə yanaşı ictimaiyyət də, ziyalılar da öz vətəndaşının arxasındadır, öz vətəndaşları üçün narahatdır. Mayın 2-dən sentyabrın 4-dək Azərbaycan mətbuatında sizinlə bağlı gedən yazıları diqqətlə oxusanız, əminəm ki, sizin azadlığınız üçün əmək sərf edənlərin haqqını tanıyacaqsız...

Anar Bayramoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı