Modern.az

Yaddan çıxmış sənətkarlar: “Bəxt üzüyü” filminin veteranı - Tanrıbəy dayı gerçək həyatda kim idi... 

Yaddan çıxmış sənətkarlar: “Bəxt üzüyü” filminin veteranı - Tanrıbəy dayı gerçək həyatda kim idi... 

28 Aprel 2021, 08:41

Azərbaycan teatr rejissoru, pedaqoq, müəllim və istedadlı aktyor Nəsir Sadıqzadə…


Bəlkə də, çoxlarınız öz adı ilə onu tanımadınız. Elə isə siz kinomuzun incilərindən sayılan, uşaqdan böyüyə qədər hər kəsin dəfələrlə izlədiyi “Bəxt üzüyü” bədii filminin kadrlarını gözünüzün önündə canlandırın. Əsərdəki yaddaqalan Tanrıbəy obrazını xatırladınızmı?


Həmin obrazı canlandırmış istedadlı aktyor Nəsir Sadıqzadədən bəhs edirik.


Modern.az
saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində rejissor Nəsir Sadıqzadənin həyat hekayəsini təqdim edir.


Arayış: Nəsir Müseyid oğlu Sadıqzadə 1926-cı ildə Şuşa şəhərində anadan olub. Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. Ömrünün son 20 ilində əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. Müxtəlif illərdə C.Cabbarlının “Aydın”, M.İbrahimovun “Kəndçi qızı”, Ə.Nesinin “Bura gəlin”, B.Vahabzadənin “Yağışdan sonra”, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”, M.F.Axundzadənin “Hacı Qara”, O.İoselianinin “Araba hələ aşmayıb” və s. əsərlərə quruluş verib.

O, kino yaddaşımızda iz qoyan “Mən ki gözəl deyildim”, “Qətl günü”, “Qəzəlxan” kimi filmlərdə yaratdığı obrazlarla da xatırlanır.


Amma Nəsir Sadıqzadəni məşhurlaşdıran 1991-ci ildə çəkilən "Bəxt üzüyü" filmində yaddaqalan Tanrıbəy dayı obrazı olub.

“Bəxt üzüyü” filmində rol alan Xalq artistləri Valeh KərimovAfaq Bəşirqızı Modern.az-a Nəsir müəllimli xatirələrini bölüşüblər.


“Mənim istedadımı görüb səhnədə təbrik etdi”

Valeh Kərimov: “Nəsir müəllimlə tanışlığım Teatr İnstitunda oxuyanda olub. Mən axşam fakültəsində oxumağıma baxmayaraq, 4-cü kursda diplom tamaşası verəndə səhər fakültəsinin tamaşasında oynayırdım. Bu elə bir tamaşa idi ki, Səməndər Rzayev, Ceyhun Mirzəyev, Hicran Hüseynov, Vaqif Əliyev, Kamil Məhərrəmov  kimi  aktyorlar orada oxuyurdu. Məni onların diplom tamaşasında oynamağa çağırmışdılar. Nəsir müəllim də İnstitutun müəllimi idi.

Tamaşanı necə oynamağımı izlədi, istedadımı bəyəndiyi üçün gəlib səhnədə təbrik etdi. Mənə “Sumqayıtda teatr açılır və mən də ora baş rejissor gedirəm. İşləmək istəyirsənsə, ora gəl” dedi. Mən də böyük sevinc və məmnuniyyətlə qəbul etdim.

Və zaman yetişdi institutu bitirən kimi Sumqayıt Teatrına getdim. Düzdür, hələ teatr açılmamışdı, amma 6 ay idi tamaşa məşqləri gedirdi. Teatrın direktoru yer olmadığı üçün məni qəbul etmirdi. Nəsir müəllim hətta direktorla mübahisə etdi, sonda məni teatra qəbul etdilər. Nəsir müəllim o zaman Sumqayıt Teatrının baş rejissoru vəzifəsində idi.

1969-cu ilin payızında Nəsir müəllim Sumqayıt Teatrından getdi, amma getməzdən öncə tamaşaları təhvil verdi. Mən də “Sevil” tamaşasında baş rolu - Balaşı canlandırırdım. Həmin vaxtdan sonra Nəsir müəllimlə əlaqəm kəsildi.

Bir də “Bəxt üzüyü” filmində görüşdük. Düzdü, teatr aləmidi, ara-sıra rastlaşırdıq. “Bəxt üzüyü” filmində mən Moşunu, Nəsir müəllim isə Veteranı oynayırdı”. 



“Səhnədə aktyorla işləməyi mükəmməl bilirdi”

“Nəsir müəllim çox istedadlı insan, pedaqoq-rejissor idi. Bu, hər adama qismət olmur. Səhnədə aktyorla işləməyi, işləyib aktyora dərs verməyi mükəmməl bilirdi. Pedaqoji cəhətdən çox savadlı idi. Aktyorlar tam hazır olmamış, tamaşanı səhnələşdirməzdi. Aktyor yetişdirən müəllimlər az-az olub, onlardan biri də Nəsir müəllimdir. 

“Bəxt üzüyü” filmində tərəf müqabili olduq. Film Şüvəlanda çəkilirdi deyə, biz də Yazıçılar İttifaqının sanatoriyasında bir yerdə qalırdıq. Hər gün görüşürdük, söhbət edirdik. Nəsir müəllimlə yaş fərqimiz çox olsa da, bizdən biri idi. Böyüklə, kiçiklə necə davranacağını bilən bir müəllim idi. Bizim hünərimiz çatmazdı ki, onunla zarafat edək. Nə qədər zarafatçıl olsaydı da, həmişə məsafəni gözləyirdi.  

Xasiyyətcə sadə, zarafatçıl idi. Amma məşqlər zamanı çox tələbkar müəllim olurdu. Tələbəyə öyrətdiyini geri istəyirdi. Nəsir müəllimlə xatirələrim az olsa da, onun kimi pedaqoqun çox olmadığını bilirəm”.

“Nəsir müəllimin adı gələndə tələbələri onu hörmətlə anırlar”


Yazıya xalq artisti Afaq Bəşirqızının xatirələri ilə davam edirik.


Afaq Bəşirqızı: “Nəsir müəllimlə “Bəxt üzüyü” və “Qara volqa” filmlərində birgə çəkilmişik. Amma Nəsir müəllimi pedaqoji fəaliyyətindən də tanıyırdım. 

Kim Nəsir müəllimin tələbəsi olubsa, onun adı gələndə üzlərində hörmət, sevgi, təzim kimi fərqli bir ifadə olur. Tələbələrinin hamısı Nəsir müəllimi çox istəyirdi. Nəsir müəllim həddindən artıq savadlı, gözəl pedaqoq və istedadlı aktyor olub.  

Nəsir müəllim çox sakit, mədəni, gözəl insan idi. Mən onun haqqında ancaq hörmətlə danışa bilərəm və bu mənim borcumdu. 

Həqiqətən çox təəssüf edirəm ki, “Bəxt üzüyü” filminə qədər mən onu yaxından tanımamışdım. Ümumiyyətlə, Nəsir müəllim kimi pedaqoqları tanımağa bütün xalqın ehtiyacı var. Elə ağsaqqaları tanımağa yeni nəslin, hətta yaşlı nəslin də ehtiyacı var. Dediyim kimi, Nəsir müəllim çox  savadlı pedaqoq idi. Ən önəmlisi isə tələbələri “Nəsir müəllimin tələbəsi olmuşam” deməkdən qürur duyurlar”.


Müsahiblərimiz yaddaşlarından süzülüb gələn xatirələrlə bir neçə dəqiqənin içində uzaq keçmişə boylandılar...


“Böyük şəxsiyyət idi”

Nəsir Sadıqzadə haqqında xatirələri qələmə almaq üçün söhbətimizə onu daha yaxından tanıyan, tələbəsi və həmkarı rejissor Rövşən İsaxla da həmsöhbət olduq.


Onun ilk cümləsi bizə Nəsir müəllim haqqında daha da müsbət fikirlər yaratdı.


“Nəsir müəllimlə mənim çoxlu xatirələrim var. Onun kimi bir insandan necə danışacağımı bilmirəm. O sözün bütün mənalarında böyük şəxsiyyət idi. Sənətini onun kimi sevən birini hələ ki həyatımda rast gəlməmişəm. Düşünün, Nəsir müəllim tələbələrinə “mənə salam vermə, mən içəri daxil olanda ayağa qalxma. Amma sənətini sevirsənsə, gözümün işığısan” deyirdi. Bu onun həyat prinsipi idi. Tələbələrinə müəllim yox, ata kimi davranırdı.



“Nəsir müəllimlə bağlı sizə maraqlı bir hadisə danışım...”


“1991-ci il, dekabr ayı... SSRİ dağılmışdı, ölkədə vəziyyət çox qarışıq, iqtisadiyyat yox vəziyyətində, ərzaq mağazalarında vitrinlər bom-boş idi.

Nəsir müəllim bir axşam məni və digər tələbə yoldaşımı evlərinə dəvət etdi. “Axşam dərsdən sonra pyesi də götürüb bizim evə gəlin, redaktə edək, çatdırmırıq”-dedi. Pyesi redaktə eləməyə başladıq, az müddət keçmişdi ki, “pyesi yığışdırın” dedi. Biz də təəccübləndik, çünki Nəsir müəllimin məşqləri ən azı 3-4 saat davam edərdi.

Daha sonra həyat yoldaşı Müslümə xanıma “gətir” dedi. Müslümə xanım bizə çox dəbdəbəli süfrə açdı. Süfrəyə qəribə bir yemək qoyuldu. Nəsir müəllim şuşalı olduğu üçün bu süfrənin Şuşa mətbəxindən olduğunu dedi. Biz də dillənmədən şam yeməyinə başladıq. Şam yeməyi qurtardıqdan sonra rəhmətlik stolun üstündəki iki dənə portoğalı da dilimləyib, qarşımıza qoydu. Nəsir müəllimdən bunun səbəbini soruşdum. O, kövrəldi və belə bir açıqlama verdi...

 “Bir tələbəm ötən gün mənə bir quzunun yarısını, bir də bu göy-göyərtini gətirmişdi. Dünən quzunun ətini bişirdik, amma bir tikə də yeyə bilmədim. İlin, günün pis vaxtında bəlkə tələbələrimdən ac olanı var deyə düşündüm”.



“Quzu əti bitənə qədər tələbələrini şam yeməyinə dəvət etdi”

“İnanın ki, biz gələn günün səhərisi daha iki tələbəni, o biri gün başqa tələbəsini şam yeməyinə dəvət etdi. O vaxta qədər ki, quzu əti artıq bitdi... Nəsir müəllim tələbələri olmadan o ətdən yemədi. Nəsir müəllimin necə biri olmağı elə buradan görünür.

Nəsir müəllim vaxt tapdıqca, tələbələri harda işləyirdisə, gedib onları ziyarət edib, çətinliklərinin olub-olmadığını yoxlayırdı. Bu insanın evinin qapısı tələbələrinə həmişə açıq olub. O, övladı ilə tələbəsi arasında fərq qoymayıb”.


“Nəsir müəllimin xəstəliyi onu birdən apardı”

“Mən institutu bitirdikdən sonra qısametrajlı film çəkmək arzusunda oldum. Allah rəhmət etsin, filmdə Məlik Dadaşovau da çəkmək istədim. O Məlik Dadaşov ki, onun filmlərinə baxa-baxa böyümüşəm. Mən onu çəkmək istədiyimi deyəndə, Məlik Dadaşovun çətin adam olduğunu söylədilər. Mən də Nəsir müəllimin yanına gedib istəyimi bildirdim. O da mənə “Məlik Dadaşovun bütün kaprizləri ilə mən oynayaram. Təki sən onu çəkmək istə” dedi. İnanırsınız, çəkiliş müddətində heç vaxt məni tək qoymadı. Düzdü, onun yanında nəyəsə quruluş verməyə çəkinirdim, amma o mənim heç bir işimə müdaxilə etmədi.

Nəsir müəllimlə son gününə qədər əlaqəmiz olub. Onun baməzə zarafatları, gur saçları, həmişə əlini ağzına tutub gülməyi vardı. Xəstələnib əhvalı pis olanda tələbələrinin gözünə elə görünmək istəmədi. Son bir həftəni mən onu görmədim. Nəsir müəllimin xəstəliyi onu birdən apardı”.


“Həyat elə gətirdi ki, biz Nəsir müəllimlə Şuşada da olduq”


“Nəsir müəllim Şuşada olanda körpə uşaq kimi sevinirdi. Elə Şuşaya sonuncu səfəri bizimlə birgə oldu. İnstitutdan qastrola getmişdik. Biz qayıtdıqdan çox keçmədi ki, Şuşa işğal olundu. Nəsir müəllim bizə Şuşa ilə bağlı çoxlu xatirələrindən danışıb. Təbii ki, Nəsir müəllimə Şuşanın işğal olunması çox pis təsir etdi. İndi Şuşa azad olundu. Çox sevinirəm ki, hazırda Nəsir müəllimin ruhu şaddır.

Nəsir Sadıqzadə kimi insanlar çox az olur. Sənəti sevmək olar, amma özünü sənətə fəda edən insanlar çox azdır. Nəsir müəllim teatrla, tələbələri ilə nəfəs alırdı, öz həyatını bu yolda qurban vermişdi. Teatr olmadığı gün onun üçün həyat dayanırdı.

Həddindən artıq çox mütaliə edirdi. Hətta deyə bilərəm ki, onun oxumadığı pyes yox idi. Çiynində hər zaman bir çanta olardı. Çanta da kitabla dolu olardı. Teatra, incəsənətə aid hər şeyi oxuyurdu.

Nəsir müəllim haqqında daha nələr-nələr danışa bilərəm. Onun haqqında danışsaq, bizə günlər, aylar yetməz. Mən çox xoşbəxt insanam ki, belə bir sənətkarın tələbəsi olmuşam”.



“Mən ondan həyata baxışı öyrənmişəm”


Mərhumun oğlu Hürmüz Sadıqzadə də atası ilə bağlı xatirələrini bizimlə bölüşüb.


“Ailəcanlı, dostcanlı, istiqanlı idi. Heç vaxt tək gəzməzdi. Amma arada oturur, eynəyini taxıb, yazı yazmağa başlayırdı. Atam heç vaxt tələbələrini bizdən ayırmırdı. Mən ondan həyata baxışı, həyatda heç bir şeyi sevgidən, məhəbbətdən, ailədən, dostdan, vətənindən üstün tutmamağı öyrənmişəm. Onun övladı olmaq çox qürurvericidir”.


İlləri vərəqləmək Nəsir müəllimin tələbələri, yaxınları üçün də çətin idi. Nəsir Sadıqzadə kimi sənətkarlar, ən əsası sənətini sevən insanlar çox azdır. Uzun illər keçməsinə rəğmən sevgi ilə xatırlanan, yaddaşlara həkk olan sənətkar haqqında deyiləcək şeylər çoxdu.


30 ildən artıq müddətdə Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərən Nəsir Sadıqzadənin milli teatr tariximizdə də özünəməxsus yeri və yolu var. Onun yetişdirdiyi tələbələr hazırda incəsənətin bir çox sahələrində uğurla fəaliyyət göstərirlər. Xalq artistləri Azər Paşa Nemətov, Hacı İsmayılov, Məmməd Səfa, Əməkdar artistlər Elman Rəfiyev, Firdovsi Atakişiyev, Ayşad Məmmədov, aktrisa Zemfira Əbdülsəmədova Nəsir müəllimin tanınmış tələbələrindədirlər… Onlar Nəsir müəllimin tədris metodikasından, tələbələri ilə iş prosesindən, təcrübəsini səxavətlə bölüşməsindən saatlarla danışa bilərldilər...


Şuşanın məşhur Cavanşirlər nəslindən olan Nəsir Sadıqzadə 1996-cı ildə vəfat edib və Bakıdakı “Qurd Qapısı” qəbristanlığında dəfn olunub.



Fidan İlqarqızı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir