Modern.az

İmtahanlardakı yazı işləri necə qiymətləndirilir? - Məleykə Abbaszadə aydınlıq gətirdi - EKSKLÜZİV

İmtahanlardakı yazı işləri necə qiymətləndirilir? - Məleykə Abbaszadə aydınlıq gətirdi - EKSKLÜZİV

Təhsil

28 Aprel 2021, 11:21

“Çoxvariantlı test tapşırıqlarının qiymətləndirilməsi insan iştirakına ehtiyac olmadan avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçirilir. Bu tip qiymətləndirmə prosesində subyektiv amillərin təsiri sıfra bərabərdir. Yazılı cavab tələb edən açıq tapşırıqları isə markerlər qiymətləndirir. Lakin bu prosesdə də subyektiv təsirləri minimuma endirmək üçün bütün zəruri tədbirlər görülüb”.

 

Bu fikirləri Modern.az-ın “Yazılı cavab tələb edən açıq tipli tapşırıqların qiymətləndirilməsinə subyektiv amillər təsir edirmi” sualını cavablandıran Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

O qeyd edib ki, hər şeydən öncə bu tapşırıqlar əvvəlcədən hazırlanmış etalonlar əsasında qiymətləndirilir:

 

“Etalonlar ekspertlər tərəfindən hazırlanır və tapşırığa verilə biləcək tam və qismən düzgün cavabları və qiymətləndirmə meyarlarını ehtiva edir. Yəni markerlər cavabları öz subyektiv fikirləri əsasında yox, onlara verilən etalonlar əsasında qiymətləndirir. Hər bir tapşırıq iki marker tərəfindən qiymətləndirilir. Əgər onların verdiyi qiymətlər üst-üstə düşməsə, yazı işi üçüncü markerə göndərilir. Üçüncü markerin verdiyi qiymət hansı qiymətlə üst-üstə düşərsə, həmin qiymət də təsdiq olunur. O da qeyd olunmalıdır ki, bir marker bir imtahan verənin bir fənn üzrə açıq suallara verdiyi cavabların hamısını yox, yalnız birini yoxlayır. Bundan əlavə, yazı işlərini paylaşdıran proqram təminatı markerləri fərqli regionlardan seçməyə üstünlük verir. Həmçinin, işi yoxlanılan imtahan iştirakçısı ilə fərqli regionları təmsil edən markerlərə üstünlük verilir.  Proses zamanı həm yazı işi müəlliflərinin, həm də markerlərin anonimliyi qorunur.  Tapşırığı yoxlayan markerlər nə bir-birinin kim olduğunu, nə də cavab vərəqinin kimə aid olduğunu bilirlər. Hər il apardıqları qiymətləndirmənin nəticələri əsasında markerlərin özləri də qiymətləndirilir və qüsurlu qiymətləndirmə həyata keçirən markerlər müəyyən olunduğu təqdirdə müvafiq tədbirlər görülür”.

 


DİM sədri onu da qeyd edib ki, imtahandan sonra hər bir imtahan verənin yazı işinin “skan” edilmiş surəti və verilən qiymət onun imtahan nəticəsi səhifəsində yerləşdirilir:

 

“Yəni imtahan verənlər və ya onların valideynləri açıqlanan qiymətləndirmə meyarları əsasında yazı işini şəxsən yoxlayaraq qiymətləndirmənin obyektivliyinə bir daha əmin ola bilərlər. Maraqlıdır ki, öz səhifəsində yazı işlərini açıb baxan şəxslərin sayı imtahan verənlərin ümumi sayının 20%-dən də aşağı olur. Yazı işlərindən apelyasiya şikayəti verənlərin isə yalnız 30%-i şikayət vermədən öncə öz işlərinə baxır. Yəni şikayət verənlərin təxminən 70%-i öz işinə verilən qiymətin izahına baxmadan, kor-koranə şəkildə nəticədən apelyasiya şikayəti verir.

 

İzahlı nəticələrin meyarlarla birlikdə açıqlanmasının əsas məqsədlərindən biri gənclərdə məhz faktlar və rəqəmlər əsasında öz nəticələrini obyektiv qiymətləndirmə və düzgün, məntiqli qərarlar vermə vərdişlərini stimullaşdırmaqdır. Təəssüf ki, hələ də gənclərin əksəriyyəti məntiqi təhlil yerinə emosional reaksiya göstərməyə ütünlük verirlər”.

 


Xatırladaq ki, sizi maraqlandıran sualları redaksiyamıza ünvanlaya və hər birimiz üçün faydalı ola biləcək müzakirə prosesinə qoşula bilərsiniz. Məleykə Abbaszadə ilə birbaşa əməkdaşlıq çərçivəsində cavablandırılan və aktuallığı ilə seçilən məsələlər Modern.az saytında yayımlanacaq.   


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır