“İntellektual İdarəetmə Mərkəzi çox insanı narahat edir. Mənim səsləndirdiyim rəqəmlər və məlumatlar məhz İntellektual İdarəetmə Mərkəzində quraşdırılmış avadanlıqlar, yenilənmiş platformalar nəticəsində əldə olunur. Bildiyiniz kimi, Agentlik yaradıldıqdan sonra bu Mərkəz bizim qurumun idarəetməsinə verilib. Onu da deyim ki, Mərkəz təhvil alınan zaman avadanlıqlar heç də qənaətbəxş deyildi”.
Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
V.Kərimli qeyd edib ki, 2011-2015-ci illərdə istər proqram təminatı, istərsə də kompüter avadanlıqları tərəfindən heç bir texniki xidmət göstərilməmişdi:
“Ona görə də 2015-2020-ci illərdə NİİM həm texniki, həm də peşəkarlıq baxımından təkmilləşdirilib. Ümumilikdə görülən işlər nəticəsində intellektual idarəetmənin texniki imkanları 2 dəfə artırılıb, avadanlıqların sayı 106 faiz qalxıb”.
O həmçinin yağış yağan zaman svetaforların işləməməsini də NİİM-in əvvəlki fəaliyyətilə əlaqələndirib:
“Bakı şəhərində bizə təhvil verilən 324 svetafor arasında heç bir əlaqə yox idi, müəyyən hissələrdə qazıntılar zamanı kəsintilər müşahidə edilirdi. İstər qəza sayları, istərsə də sürücü davranışlarındakı xoşagəlməzliklər məhz NİİM-in nəzarəti vasitəsilə aradan qaldırılır. Artıq yağış yağan zaman çox az sayda svetafor sıradan çıxır ki, biz onları da mobil internet üzərindən idarəetməyə cəlb edirik”.