Azərbaycan kommunistləri 28 aprel tarixini Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradılması deyil, sosializmin qələbə çaldığı bayram günü kimi qeyd edirlər.
Bu barədə Modern.az-a danışan Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov söyləyib ki, 28 aprel Azərbaycanda yeni eranın başlandığı gündür:
“Çünki formasiyalar, dövrlər bir-birini dəyişir, əvəz edir. Çar Rusiyası dağılandan, sosialist inqilabından sonra Azərbaycanda Xalq Cümhuriyyəti yarandı. İki ilə yaxın fəaliyyət göstərən AXC öz yerini sosialist inqilabının qələbəsi nəticəsində kommunistlərə verdi. Təbii olaraq, bir məqamın bitməsi ilə başqa bir era, başqa bir quruluş başlayır. Demokratik Cümhuriyyət siyasi hakimiyyətdən getsə də, Azərbaycan dövlət və millət olaraq yaşadı. 1991-ci ildə isə kommunistlər hakimiyyətdən getdi, yenidən demokratlar hakimiyyətə gəldi. Mən bu hadisəni də Kommunist Partiyasının süqutu hesab etmirəm. Sadəcə, quruluşlar bir-birini əvəz edə bilər. Gələcəkdə nələr baş verəcək, yaşayıb, şahidi olarıq”.
Rauf Qurbanov hesab edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradılmasında heç bir məcburiyyət olmayıb:
“Məhz 27 apreldə Azərbaycan Xalq Cümhuriyyəti Məhəmməd Əmin Rəsulzadə başda olmaqla hökuməti kommunistlərə silahsız və qansız təhvil verdilər. Bu hadisə könüllü baş verdi. Demokratik Cümhuriyyət iki ilə yaxın hakimiyyətdə oldu, 5 dəfə islahat apardı və xalq tərəfindən dəstək almadı. Əgər doğurdan da, AXC xalqın dəstəyini almış olsaydı, bolşeviklərin qələbəsindən söhbət gedə bilməzdi. 1991-ci ildə hakimiyyətə gələn və özlərini “Xalq Cümhuriyyətinin davamçısı” adlandıran qüvvələr də hakimiyyəti könüllü təhvil verdilər. Bu da məcburi olmadı. Torpaqlarımız işğal olundu, insanlar səfil vəziyyətindən yaşayırdılar. Hakimiyyəti idarə edən qüvvənin öz millətinə sayğısı varsa, könüllü istefa verib hakimiyyətdən gedir. Buna görə, Azərbaycanın tarixində 28 aprel şanlı günlərdən biridir”.
28 aprel haqqında kommunistlər arasında heç bir fikir ayrılığının olmadığını vurğulayan partiya sədri deyib ki, hər bir xalq öz tarixindəki inqilablarla fəxr edir:
“Əgər bir millətin milli şüuru inkişaf edirsə, mütləqiyyətə, istismarçı sinfə qarşı öz səsini qaldırır. Çar Rusiyası dövründə də inqilabın əsas beşiklərindən biri, təkanverici qüvvəsi Bakı proletariatı olub. Hər bir xalq tarixindəki inqilablarla fəxr edir. Fransızlar, Bastiliya üsyanı, burjua inqilabı ilə qürur duyurlar ki, xalqın oyanışıdır. Bəziləri isə Azərbaycanda 28 apreli işğal günü kimi qəbul edir, cəmiyyətə belə çatdırırlar. Mən tamamilə bunun əksinəyəm. Azərbaycan xalqı yetərincə şüurlu millətdir. O vaxtkı ictimai siyasi quruluşa yox deyərək, sosializmin qələbəsini təmin etdilər. Bu bizim millətimizin milli şüurunun inkişafı günüdür. Yalnız kölələr işğal olunar, biz isə kölə deyilik. Əsrin sonunda da göstərdik ki, xalqın rifahına xidmət etməyən hakimiyyət istefaya getməlidir.
Azərbaycan Kommunist Partiyası demokratik prinsiplərə əsaslanan siyasi təşkilatdır. Müxtəlif məsələlərdə fikir müxtəlifliyi ola bilər. Amma 28 aprelə münasibətdə fikir yekdildir. Bütün Azərbaycan kommunistləri 28 apreli Azərbaycanda sosialist inqilabının qələbəsi kimi qəbul edirlər”.