Modern.az

Uşaq Psixonevroloji Mərkəzinin körpələr evində 25 uşaq yaşayır

Uşaq Psixonevroloji Mərkəzinin körpələr evində 25 uşaq yaşayır

Aktual

29 Aprel 2021, 13:04

“Uşaq Psixonevroloji Mərkəzinin körpələr evi şöbəsində valideyn himayəsindən məhrum olan xəstə uşaqlar yaşayır. Burada onların tibbi müalicəsi və sosial reabilitasiyası istiqamətində işlər aparılır. Ümumilikdə Mərkəzimizdə 14 yaşınadək uşaqların müayinə və müalicəsi aparılır”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova bildirib.

 

K.Talıbovanın sözlərinə görə, hazırda müəssisənin körpələr evi şöbəsində 25 uşaq müalicə alır və yaşayır:

“Ümumilikdə ambulator olaraq mərkəzə müraciət edənlərin sayı bu ay üçün 230 yeni gəliş olub. Ümumi gəlişlərin sayı isə ay ərzində 1000-i keçib.

Mərkəzimizdə müxtəlif psixonevroloji pozuntudan əziyyət çəkən uşaqların müalicəsi aparılır. Burada hidrosefaliya, mikrosefaliya, uşaq serebral iflici, epilepsiya, autizm, psixofiziki inkişafın müxtəlif tipli ləngimələri, həyəcan pozuntusundan, depresiv pozuntudan və s. xəstəliklərdən əziyyət çəkən uşaqlara müasir səviyyəli diaqnostik, müalicə profilaktik, ixtisaslaşdırılmış tibbi yardım və kompleks reabilitasiya tədbirləri təşkil edilib”. 

 

O qeyd edib ki, COVID-19 infeksiyasına qarşı işçilərin 90%-i vaksinasiya olunub:

 

“Valideynlərin girişdə hərarəti ölçülür, dezinfeksiya olunur, maskalardan istifadə olunmaqla, məsafə saxlamaqla müəssisəyə uşaqlar daxil edilir və mütəxəssisə təhvil verilir. Bu zaman virusun yayılmasının qarşısını almaq üçün lazımi olan bütün tədbirlərdən istifadə olunur. Belə ki, temperatur ölçülür, kiçik belə hərarət varsa qəbul edilmir. Eyni zamanda da ailədə virusa yoluxmuş və ya yoluxmağına dair şübhəli şəxslər varsa 2 həftə müddətində müəssisəyə girişi təxirə salınır. Eyni proses işçilərə də aiddir ki, işçilərimiz pandemiya dövründə qrafik üzrə işə çıxırlar. Müəssisədə hər gün qrafikə uyğun dezinfeksiya işləri aparılır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, müəssisədə yaşayan uşaqlarımız və işçilərimiz il ərzində mövcud dispanserizasiyadan keçirilir, uşaqlara immunuzasiya və vitaminoterapiya aparılır. 

 

Məkəzimizə müraciət edən pasientlər ilk olaraq təcrübəli həkimlərimiz tərəfindən müayinə olunur, xəstəliyin ağırlıq dərəcəsi müəyyən olunduqdan sonra uyğun müalicə planı hazırlanaraq mövcud tibbi xidmətlər təyin olunur ki, bunlara konservativ müalicə ilə yanaşı psixopedaqoji, loqopedik, bədən tərbiyəsi kimi xidmətlər daxildir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə