Modern.az

Azad Rəhimovun məşhur BABASI - Erməni keşişi kabinetindən qovan, Moskvanı qəzəbləndirən Sadıq Rəhimov...

Azad Rəhimovun məşhur BABASI - Erməni keşişi kabinetindən qovan, Moskvanı qəzəbləndirən Sadıq Rəhimov...

1 May 2021, 10:34

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov ötən axşam 57 yaşında vəfat edib.

Mərhum nazirin ölüm xəbəri medianın və sosial şəbəkələrin gündəmində dolaşır.

Azad Rəhimovla tanışlığı, münasibəti olanlar sosial şəbəkələrdə onunla bağlı xatirələrini bölüşürlər. Bu xatirələrdə Azad müəllimin babası Sadıq Rəhimovdan da bəhs olunur, onun bir vaxtlar ermənilərə qarşı tutduğu barışmaz mövqeyindən, göstərdiyi əsl vətəndaşlıq nümunəsindən, prinsipiallığından və dövlətçilik ənənələrini yaşatmasından söz aşılır.

Bəs Sadıq Rəhimov kim idi, hansı vəzifələrdə çalışmışdı?

Modern.az saytı mərhum nazir Azad Rəhimovun babası haqqında yazını təqdim edir.

 
Sadıq Hacıyarəli oğlu Rəhimov Azərbaycanın XX əsrdə yaşayıb yaratmış tanınmış dövlət xadimi olub. Xalqına bağlı fədakar ziyalı və əqidə sahibi olması, prinsipial mövqeyi, mərdliyi ona daim hörmət, ehtiram gətirib.

S.Rəhimov uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə səmərəli xidmətləri və Azərbaycan hökumətinin rəhbəri kimi təqdirəlayiq fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr verib.

Sadıq Rəhimov 1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində fəhlə ailəsində doğulub. Onun atası Hacıyarəli kişi camaat arasında sayılıb-seçilən, adı hörmətlə çəkilən şəxs olub. Hacıyarəli Rəhimov uzun illər Balaxanının neft mədənlərində işləyib. Əvvəllər heç bir ixtisası olmadığından yalnız fəhləlik edib. Sonralar bacarığı və qabiliyyəti sayəsində yeniliyə tez yiyələnib, qısa müddətdə özünü bacarıqlı qazmaçı kimi göstərub. Daha sonra ona qazma ustası vəzifəsini etibar ediblər.

Ən böyük arzusu övladını savadlı, elmli görmək, əsl ziyalı kimi yetişdirmək olan Hacıyarəli kişi Sadığı həmin vaxt Balaxanıda təzəcə açılmış yeddiillik məktəbə qoyur. Sadıq bu məktəbi 1929-cu ildə bitirir. Elə həmin il də 15 yaşlı yeniyetmə Bakı Neft Texnikumuna qəbul olunur. İki il sonra texnikumda təhsilini başa çatdırır.


S.Rəhimov əmək fəaliyyətinə 1931-ci ildən Bakı Maşınqayırma Zavodunda başlayır. Qısa müddət zavodda işlədikdən sonra 1932-ci ildə Azərbaycan Yüngül Sənaye Komissarlığının 2 nömrəli Bakı ayaqqabı fabrikində texnik kimi çalışır. Sonra onu mexaniki emalatxananın müdiri təyin edirlər.


Daim irəliyə can atan S.Rəhimov istehsalatda işləyə-işləyə 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsinə daxil olur. 
1937-ci ildəali məktəbi bitirən bu gənc yenidən 2 nömrəli Bakı ayaqqabı fabrikinə işləməyə göndərilir, amma bu dəfə müəssisəyə ali təhsilli mühəndis kimi qayıdır. O, baş mexanikin müavini vəzifəsinə təyin olunur.

İki ildən sonra artıq baş mexanik vəzifəsinə yüksəlir. Vəzifədə sınaqlardan keçən S.Rəhimov 1939-cu ildə fabrikin direktoru təyin edilir. Pillə-pillə irəliləyən gənc mütəxəssis və məmuru direktor olduğu il Moskvaya Ali Partiya Məktəbinə oxumağa göndərirlər.

1941-ci ildə Böyük Vətən müharibəsi başlanır. Müharibə Sadıq Rəhimovun da həyatına təsirsiz ötüşmür. O, Moskva Ali Partiya Məktəbindəki təhsilini yarımçıq qoyub cəbhəyə yollanır. 1941-1942-ci illərdə Sovet ordusunun Qərb cəbhəsində vuruşan 160-cı atıcı diviziyasında siyasi şöbənin rəisi kimi fəaliyyət göstərir. Moskva, Smolensk şəhəri ətrafında gedən döyüşlərdə iştirak edir. Lakin Vyazma şəhəri yaxınlığında gedən ağır döyüşlərin birində yaralanır. Həkimlər həyatını xilas etsələr də, onun ön cəbhəyə qayıtması artıq mümkün olmur. Odur ki, Sadıq Rəhimovu hərbi qulluqdan tərxis edərək arxa cəbhəyə göndərirlər.

Sadıq Rəhimov kimi təcrübəli mütəxəssisə, bacarıqlı təşkilatçıya arxa cəbhədə də ciddi ehtiyac var idi.


Bakıya qayıdandan sonra S.Rəhimova Azərbaycanın toxuculuq sənayesi nazirinin müavini vəzifəsi tapşırılır. 1946-cı ildə isə o, nazir təyin olunur. Sadıq Rəhimov bu vəzifədə 1949-cu ilədək işləyir.

40-cı illərin axırında Azərbaycan Kommunist Partiyasının toplantısında Mərkəzi Komitənin birinci katibi Mir Cəfər Bağırov o zaman 33-34 yaşı olan, nazir vəzifəsində işləyən Sadıq Rəhimovun Mərkəzi Komitə tərkibinə namizədliyə adı çəkiləndə onun haqqında deyir: “U neqo bolşaya buduşeqo, on daleko poydyot – Onun böyük gələcəyi var, o, çox uzağa gedəcək”.

Belə də oldu. 

Həmin dövrdə ölkə iqtisadiyyatında bir sıra dəyişikliklər baş verirdi. Bəzi nazirliklər tamamilə ləğv edilir, bəziləri birləşdirilib bir quruma çevrilirdi. 1949-cu ildə də Toxuculuq Sənayesi Nazirliyi ilə Yüngül Sənaye Nazirliyi birləşdirilir. Nazir vəzifəsi yenə də Sadıq Rəhimova tapşırılır. O, 1952-ci ilədək yüngül sənaye naziri vəzifəsini icra edir.


Bu zaman respublikada daha bir yenilik baş verir. Azərbaycan iki vilayətə - Bakı və Gəncə vilayətlərinə bölünür. 1952-ci ilin aprel ayında S.Rəhimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Gəncə Vilayət İcraiyyə Komitəsinin sədri təyin olunur. Lakin vilayət quruluşu özünü doğrultmur və cəmi bir ildən sonra ləğv edilir. Yenidən Bakıya qayıdan Sadıq Rəhimov Azərbaycan SSR kommunal təsərrüfatı və mülki tikinti naziri, daha sonra çoxişlənən sənaye malları naziri olur. Üst-üstə bu iki vəzifədə 1953-1954-cü illərdə çalışır.

O, dərin biliyi, böyük səriştəsi, zəngin təcrübəsi və işgüzarlığı, təmkini, iradəsi sayəsində çətin və məsul vəzifələri layiqincə yerinə yetirirdi.


1954-cü ildə S.Rəhimov daha yüksək bir vəzifəyə irəli çəkilir. Azərbaycan SSR Nazirlər Sovetinin sədri seçilir. O, 1958-ci ilə qədər respublika hökumətinə rəhbərlik edir. Bu illərdə S.Rəhimov respublika iqtisadiyyatının tək bir sahəsinin rəhbəri deyildi, artıq Azərbaycanı idarə edənlərdən biri idi. Həmin dövrdə respublikanın sənayesində, kənd təsərrüfatında, mədəni həyatında və s. baş verən bütün hadisələr, yeniliklər birbaşa olaraq Nazirlər Soveti sədrinin də adı, iş fəaliyyəti ilə bağlı idi.

1958-ci ildə Nazirlər Sovetinin sədri vəzifəsindən azad edilən S.Rəhimov 1958-1961-ci illərdə Nazirlər Sovetinin Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin sədri postunda çalışır.

Bundan sonra ona iqtisadiyyatın tamamilə başqa, əvvəlkilərə bənzəməyən sahəsinə rəhbərlik etmək tapşırılır. Belə ki, 1961-ci ildə o, Bakı Baş Tikinti İdarəsinin rəisi təyin olunur. Beş il də bu sahəyə rəhbərlik edir.

Maraqlıdır ki, ona birinci dəfə respublikanın yüngül sənaye naziri təyin edildiyi vaxtdan 16 il sonra yenidən həmin nazirliyin baş kürsüsündə oturmaq qismət olur. Beləliklə, S.Rəhimov ömrünün son 10 ildən çoxunu (1965-1975) yüngül sənaye naziri vəzifəsində çalışır.


Tutduğu vəzifələrlə əlaqədar Sadıq Rəhimov tez-tez Moskvaya gedirmiş, işlə bağlı SSRİ Nazirlər Sovetində, Dövlət Plan Komitəsində, ayrı-ayrı nazirlik və idarələrdə olurmuş.  

S.Rəhimov prinsipial şəxs olmaqla yanaşı, yeri gələndə sözü üzə demək və digər bu kimi sərt keyfiyyətlərə də malik imiş.

Onun həyatında bir sıra maraqlı və qalmaqallı hadisələr yaşanıb ki, səsi-sədası bütün keçmiş SSRİ məkanına yayılıbmış.

Sadıq Rəhimovun xarakterindəki özəlliklərdən biri onun Azərbaycanın taleyinə güclü təəssübkeşliyi idi.

Onunla xatirələrdə unikal adam kimi təsvir olunan qeyd edilir ki, Sadıq Rəhimov heç vaxt sözünü "udan" məmur deyilmiş. Uca boy-buxunu, qalın səsi, qüruru, özünəməxsus ədası onu birinci dəfə görənlərdə vahimə yaradarmış. Deyirlər, SSRİ-nin rəhbərliyində olan Anastas Mikoyan tədbirlərdə iri cüssələi, sərt baxışlı Sadıq Rəhimovun yanında özünü "səliqəli" aparırmış. Yəni onunla ədəb-ərkanla görüşür, ehtiyatı əldən vermirmiş. Çəkinirmiş ki, Sadıq Rəhimov yeri gəldikdə ağına-bozuna baxmadan bildiklərini deyəcək...

...1957-ci ildə SSRİ tarixində görünməmiş hadisə baş verir. Azərbaycan qazının Ermənistan və Gürcüstana nəqli məsələsi müzakirəyə çıxarılanda, Mərkəzi Komitə Bürosunda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimov buna etirazını bildirir.

Belə ki, Moskvanın məsləhətilə onun erməni keşiş Vazgenlə görüşü təşkil edilir. Əslində, Sadıq Rəhimov daha öncə Bakıya göndərilən erməni nümayəndəsinin xoş məramla gəlmədiyini başa düşmüşdü. Ona görə də Vazgeni qəbul etməkdən boyun qaçırmaq istəyirdi. Lakin Moskva bu görüşdə israrlı idi.

Keşiş həqiqətən də xahişlər "zərfi" ilə gəlmişdi. Onun əvvəlki iki xahişini dinləyən S.Rəhimov diplomatik tərzdə, incə siyasətlə onlara rədd cavabı verir.

O, Azərbaycanın öz rayonlarında qaz çatışmadığı halda qazı qonşulara verməkdən imtina edir.


Sonuncu - üçüncü xahiş isə ermənilər üçün daha vacib məsələ idi. Vazgen bildirir ki, Qarabağda yaşayan ermənilər muxtar vilayətin Ermənistana birləşdirilməsini istəyirlər. “Yəqin ki, yerli azərbaycanlılar da buna etiraz etməzlər. Azərbaycan hökuməti də bu işdə xeyirxahlıq göstərsə, pis olmaz...”.

Sadıq Rəhimov elə bərk əsəbiləşir ki, hisslərini cilovlaya bilmir və erməni keçişə ağır cavab verir. Və onun kabineti tərk etməsini istəyir. Tərcüməçi çaşıb qalır. Keşiş ermənicə danışdığından söhbətə tərcüməçi kömək edirmiş. S.Rəhimov tərcüməçiyə deyir ki, “niyə dayandın, qorxma, sözümü ona çatdır”. 

Erməni keşiş ayağa qalxır və artıq hər şeyi başa düşdüyünü deyərək, otaqdan çıxır və birbaşa Moskvaya gedir.

 

Sadıq Rəhimovun erməni keçiş Vazgeni kabinetindən qovmağı o zaman Moskvanı bərk qəzəbləndirir.

O zamanlar Sadıq Rəhimov hətta Mingəçevirdən qonşu ölkələrə elektrik xətti çəkilməsinə, Daşkəsən filizinin Gürcüstanın Rustavi şəhərinə daşınmasına da etirazını bildirir.

Və bütün bu olanlar onun məsul postu - Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsini itirməsiylə nəticələnir... Sadıq Rəhimovu yerliçilikdə suçlayırlar.

Amma yuxarıda qeyd etdiyimiz kimi, Nazirlər Sovetinin sədri vəzifəsini itirsə də,  onu idarəçilikdən tamamilə kənarlaşdırmırlar, S.Rəhimov Dövlət Komitəsinin sədri, idarə rəisi, yüngül sənaye naziri postlarında çalışır.


O, uzun illər Azərbaycan Kommunus partiyası Mərkəzi Komitəsinin və onun bürosunun, Azərbaycan SSR Ali Sovetinin və onun Rəyasət Heyətinin üzvü olub. Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib. Çoxsaylı plenum, konfrans, qurultay və sessiyalarda nümayəndə kimi iştirak edib.

Sadıq Rəhimov yaşadığı dövrün yüksək mükafatı olan “Lenin ordeni”ni almışdı. Onun əmək, ictimai-siyasi, iqtisadi fəaliyyətinin müxtəlif illərində  layiq görüldüyü "Qırmızı Bayraq", "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordeni və çoxlu medallar da bu insanın hörmətindən, nüfuzundan, şöhrətindən xəbər verir.


Sadıq Rəhimov ömrünün 61-ci ilində infarkt səbəbiylə bu dünya ilə vudalaşıb.

O, 1975-ci il iyunun 11-də 61 yaşında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.


2014-cü ildə Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Sadıq Rəhimovun həyat və fəaliyyətindən bəhs edən "Şərəfli ömür" kitabı nəşr olunub.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır