Modern.az

Eldar Namazov: “Belə dialoq gülməlidir” - MÜSAHİBƏ

Eldar Namazov: “Belə dialoq gülməlidir” - MÜSAHİBƏ

Müsahibə

20 Sentyabr 2012, 10:24

 “Mən hər zaman dialoqun tərəfdarıyam, amma belə görüşlərin yox...”


Modern.az
tanınmış politoloq Eldar Namazovun Azərbaycanda baş verən ən son siyasi proseslərlə bağlı müsahibəsini təqdim edir.

- Eldar müəllim, son günlər mətbuatda Ziyalılar Forumu ilə İctimai Palata arasında münasibətlərin gərginləşməsi haqda məlumatlar yayılıb. Xüsusən də bildirilir ki, bu münasibətlər sizin müxalifət-iqtidar görüşünü tənqid etmənizdən sonra pozulub. Hazırda İctimti Palata ilə münasibətlərinin necədir?

- Düşünürəm ki, burda hər hansı birmənalı mövqe yoxdur. Yəqin ki, YAP-da keçirilən tədbirdən sonra mətbuata verdiyim açıqlamaya görə belə məlumatlar yayılır. İctimai Palata ilə münasibətlərimiz normaldır. Sadəcə olaraq mən bir məsələni qeyd elədim ki, nə üçün digər beynəlxalq təşkilatlar qala-qala hakimiyyət tərəfindən Avropa Parlamenti hədəf seçildi. Təəssüflər olsun ki, hakimiyyət bunu müxalifətin iştirakı ilə etməyə nail oldu. Bu gün demək olar ki, hər şey üzə çıxır. Məsələ bəllidir ki, bu görüşdə hakimiyyətin əsas məqsədi Ramil Səfərov məsələsi deyil. Onların beynəlxalq təşkilatlarla qarşıdurması mövcuddur. Əsas məqam odur ki, bu qarşıdurmada hakimiyyət müxalifətdən istifadə edir. Söhbət ümummilli məsələlərdən gedirsə, Ramil Səfərov ümumiyyətlə müzakirə predmeti olmalı deyil. Diqqət edin, hakimiyyətlə iqtidar uzun illər idi bir masa arxasında toplanmırdılar. Bu gün YAP Ramil Səfərovla bağlı müxalifətə təklif irəli sürərək, guya, Avropa Parlamentinə siyasi partiyalar adından müraciət göndərir. Burada hakimiyyətin məqsəd və məramı göründüyü kimi səmimi deyil. Söhbət ümummili  məsələdən getmir, hərə öz marağını güdür. Düşünürəm ki, əsas məsələ dövlətimizin beynəlxalq nüfuzudur, şəxsi maraqlar yox.

- Maraqlıdır bundan sonra da Ziyalılar Forumu olaraq İctimai Palatanı hakimiyyətə qarşı mübarizədə dəstəkləyəcəksiniz?

- İctimai Palatanın nümayəndələri ilə rəsmi olmasa da, qeyri-rəsmi şəkildə görüşürük. Oturub bu və ya digər məsələləri müzakirə edirik. Mənə elə gəlir ki, bu hələ məsələnin başlanğıcıdır. Bundan sonra cəmiyyətdə müəyyən müzakirə predmeti olacaq. Ona görə, gəlin indidən hər hansı qərar verməyək. Prosesi izləmək lazımdır. Ümid edirəm ki, cəmiyyətdə demokratik qüvvələrin hamısı da olmasa, hər halda böyük bir hissəsi bu məsələ ilə bağlı ümumu məxrəcə gələcək. Onu deyə bilərəm ki, bizim ictimai Palata ilə münasibətlərimizdə problem yoxdur. Hər bir təşkilat öz işi ilə məşğuldur.

- Bir neçə ay bundan öncə Ziyalılar Forumu olaraq İctimai Palata ilə birlikdə ümümrespublika müşavirəsi keçirəcəyinizi bildirmişdiniz. Daha sonra sözügedən müşavirə sentyabr ayına təxirə salındı. Bununla bağlı vəziyyət nə yerdədir? Müşavirəni keçirilməsi indiki durumda aktualdırmı?

- Hələlik bununla bağlı heç bir yenilik yoxdur. Müşavirənin nə zaman keçiriləcəyi bilinmir. Bu istiqamətdə hər hansı yenilik olarsa mətbuata geniş açıqlama veriləcək. Sadəcə prosesləri izləmək lazımdır.

- Yenidən dialoq məsələsinə qayıtmaq istərdik. Hər iki tərəf- istər müxalifət olsun, istərsə də iqtidar dialoqun tərəfdarı olduqlarını bildirirlər. Bir siyətsətçi kimi necə hesab edirsiniz, növbəti dəfə dialoq baş tutarsa, bunun hansı müsbət və mənfi təsirləri ola bilər. Ümumiyyətlə, hakimiyyətin müxalifətlə görüşünün perspektivini necə qiymətləndirirsiniz?

- Mən həmişə dialoqun tərəfdarı olmuşam. Dialoq təkcə iqtidar-müxalifət arasında deyil, hakimiyyətlə cəmiyyət arasında da baş tutmalıdır. Təəssüflər olsun ki, bizdə diaqloq mədəniyyəti çox aşağı səviyyədədir. İndiki durumda mən dialoqa vacib məsələ kimi baxıram. Bu günə kimi belə bir dialoq baş tutmayıb. Hansısa görüşlər olubsa belə, bu görüş görüntü xarakter daşıdığından heç bir müsbət nəticəyə gətirib çıxartmayıb. Hardasa bir beynəlxalq təzyiq olanda, dar məqamda yalandan tələm-tələsik görücü xarakterli görüş keçirib, hesabata yazırlar ki, guya müxalifətlə iqtidar görüşdü. Ancaq bunun sonu daha da pis oldu.
QHT-lərlə hakimiyyətin görüşünə nəzər salsaq, görərik ki, burada səmimi dialoqdan, səmərəli əməkdaşlıqdan söhbət gedə bilməz. Bunlar formal xarakter daşıyır. Bu baxımdan mənim dialoqla bağlı düşüncəm dəyişməz olacaq. Dialoq səmimi olmalıdır, hesabata quş qoymaq üçün keçirilməməlidir. Ölkədə haq-ədalətin bərqərar olması üçün, demokratik prinsiplərin formalaşması üçün bu cür dialoqları vacibdir. Amma belə yox.

- Uzun müddət idi, iqtidarla müxalifət bu görüşdən istisna olmaqla, bir araya gəlməmişdi. Sizcə, seçkiöncəsi proseslərdə belə addımın atılması təsadüfdir, yoxsa hansısa məqsədlərə xidmət edir?

- Bu gülməlidir. Bir masa arxasında əyləşmək dialoq demək deyil. Dialoq beş ildə bir dəfə ola bilməz. Bir şey ki, sonra ümumi məxrəcə gəlinmirsə, bu kimin üçün önəmlidir?

Anar RÜSTƏMOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü