Modern.az

Sosial müdafiə islahatı - onu nə qədər insan hiss edib?

Sosial müdafiə islahatı - onu nə qədər insan hiss edib?

20 Sentyabr 2012, 15:38

Uzun illər çalışıb, iş stajı yığmaq və çalışdığı yerlə bağladığı əmək müqaviləsi müqabilində təqaüd yaşında layiqli pensiya almaq hər bir vətəndaşın arzudur. İnsan ahıl yaşına çatanda alacağı təqaüdün məbləği ilə özünü dolandırır. Təbii ki, onun yaşaması üçün də bu məbləğ real zamana uyğunlaşdırılmalıdır. Bu gün ölkədəki pensiyaçılar hər ayın sonunu çox səbirsizliklə gözləyir ki, illər ərzində işlədiyi zəhmətin müqabilində təyin edilən təqaüdünü alsın.  

Amma bu mərhələyə də uzun illər pensiya sahəsində aparılan işlər nəticəsində gəlinib. Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi həyata keçirilən sosial-iqtisadi siyasətin öncül istiqamətlərindən biri kimi dövlətin diqqət mərkəzindədir. Vətəndaşların pensiya təminatının qabaqcıl beynəlxalq təcrübə əsasında hesablanması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin strateji istiqamətlərindəndir.

SSRİ dövründə Azərbaycanın pensiya təminatı sistemi (1920–91) “haqq ödəmədən sığorta” prinsipi ilə qurulmuşdu. Zəruri maliyyə vəsaitləri yalnız dövlət büdcəsi və ya müəssisələrin ödənişlərindən götürülürdü. Nəticədə pensiyaçıların sayının müntəzəm olaraq artması mövcud pensiya sisteminin sabit fəaliyyətinə mənfi təsir göstərirdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra sosial sığorta və pensiya təminatının yaxşılaşdırılması istiqamətində addımlar atılmağa başlandı. Azərbaycanın eks-prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi həmin istiqamətlər çərçivəsində, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb, həm əhaliyə pensiya və müavinətlərin ödənilməsi, həm də digər sosial ödənişlər üzrə xərclərin artımı müşahidə olunub, ümumiyyətlə, bu sahədə köklü dəyişikliklər baş verib. 

Belə ki, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı olub ki, bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artıb.

Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sistemində köklü dəyişikliklərin başlanğıcı Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın (2001-2005-ci illər) reallaşdırılması ilə qoyulub.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qeyd edib ki, pensiya islahatları ilə bağlı görülən işlərin tarixi 11 ilə yaxındır.
“11 il ərzində pensiya sahəsində qəbul edilən bu qədər qanun əhalinin təqaüdçü kəsiminin rifahının yüksəldilməsinə xidmət edir. Bunun nəticəsində pensiya-müavinətlərin əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan neqativ hallar aradan qaldırılıb”.

Sabit və ardıcıl inkişaf tempinin fəaliyyətin əsas meyarı kimi götürülməsi nəticəsində mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatının aparılması sosial siyasətin strateji istiqamətlərindən biri kimi tam gerçəkləşdirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sığorta-pensiya sistemi təşəkkül tapıb. Bu məqsədlə 2003-2005-ci illərdə pilot və hazırlıq tədbirləri başa çatdırılıb, 2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilib. 2006-cı ilin  yanvarın 1-dən ölkədə sosial sığorta münasibətlərinə əsaslanan əmək pensiyaları sistemi tətbiq olunub, pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimləməsi və bazar münasibətləri əsasında təminatının müasir forması yaranıb.

Sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir.

Həyata keçirilən islahatlar nəticəsində əldə edilmiş nəticələr ölkəmizin sığorta-pensiya modelinin müxtəlif beynəlxalq uğurlar qazanması ilə müşahidə edilib. Hazırda yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində davam etdirilir. 

DSMF-nun sədri S.Müslümov qeyd edib ki, 2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1198,7 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1177,6 mln. manat vəsait yönəldilib:
“Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 290,8 mln. manat və ya 32,8 faiz  çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə  nisbətən 33,6 faiz və ya 289,5 mln. manat artaraq 1150,5 mln. manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub ki, bu da əvvəlki illərdən həyata keçirilən artımlardan fərqi olaraq böyük kontingenti əhatə edib. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artıb, onların da pensiyasının sığorta hissəsi yaradılıb və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir”. 

Milli Məclisin Sosial siyasət komitəsinin üzvi, deputat Elmira Axundova bu gün pensiya islahatı sahəsində atılan addımları uğurlu hesab edir. Onun sözlərinə görə, sosial ədalətli reformu bir milyona yaxın insan öz həyatında hiss eləyib.

“Əvvəllər çox stajı olanların pensiyasının az olması məsələsi ilə rastlaşırdıq. Amma bu gün rayona gedəndə həyata keçirilən islahatlar nəticəsində çox stajı olanların pensiyasının artmasını eşitmək xoşdur. Sentyabrda rayonda olarkən 60 ilə yaxın stajı olan müəllimə mənə yaxınlaşaraq son islahatlar nəicəsində pensiyasının 245 manat olduğunu deyib. Bu isə onun yaşaması üçün kifayət edir”.

Ancaq millət vəkili bunun sonuncu hədd olmadığını bildirib: “Respublikamız güclü və varlıdır. Ümidvaram ki, yenə də bu yöndə addımlar atılacaq və bizim pensiyaçılarımızın aldığı məbləğ, o cümlədən pensiyanın baza hissəsi qalxmalıdır”.

Ümumiyyətlə, sosial müdafiənin Azərbaycan modelinin əsas cəhəti ondan ibarətdir ki, bu proses, digər keçid dövrü ölkələrində olduğu kimi, birbaşa deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılıb. Hazırda ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi məcburi dövlət sosial sığortası əsasında fəaliyyət göstərir və sistemin əsas məzmununu sığortaolunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması təşkil edir. Bu baxımdan qurulmuş modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi də səciyyələndirmək olar.

Vətəndaşlarin Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun fikrincə həm hüquq, həm praktik baxımından pensiya sahəsində həyata keçirilən tədbirlər düzgündür.

“Yəni həmrəylik sistemindən fərdi yığım sisteminə keçilib. Hər kəs nə qədər işləyirsə o qədər də özü üçün toplayır”.

Lakin S.Məmmədov bu gün işləyənlərin əksəriyyətinin əmək müqaviləsi olmadığına görə sığortalanmaması və buna görə də Dövlət Sosial Müdafiə Fonduna vəsait toplanmaması probleminin yaşandığını qeyd edib.

“Qeyri formal əmək bazarı o qədər də güclüdür ki, Sosial Müdafiə Fonunda vəsaitlərin toplanmasında ciddi problemlər yaşanır. Bu da bu sahədə həyata keçirilən islahatları heçə endirir”.

Ümumiyyətlə, pensiya islahatı sahəsində həyata keçirilən digər addım pensiya və müavinətləri ödənişinin avtomatlaşdırılmasıdır. Ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması əldə edilmiş mühüm nəticələrdəndir. DSMF-nın verdiyi məlumata görə, hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 98,7 faizinin pensiyaları plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Vətəndaşlarin Əmək Hüquqlarinin Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da qeyd edib ki, pensiyaların insanlara kartlar vasitəsilə verilməsi müsbət haldır.
”İnsanlar heç bir poçt idarəsinə getmədən, orada təmaslarda neqativ hallar yaşamadan, kiməsə nəsə vermədən pullarını bankomatlardan çəkirlər. Pensiyaların kart vasitəsilə əhaliyə çatdırılması gözəl tənzimlənir”

Həyata keçirilən islahatlarla ilk növbədə, Azərbaycanda mövcud olan və keçmiş sovet dönəmindən qalmış pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun və bu uyğunsuzluğun yaratdığı çoxsaylı problemlərin aradan qaldırılmasına nail olunub.

Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunədir.

Amma sığorta-pensiya sahəsində atılan addımlar bununla kifayətlənmir. Elə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də pensiyaların artımının hər zaman gündəmdə olan bir məsələ olduğunu diqqətə çatdırıb.

Qeyd olunduğu kimi əhalinin pensiya alan kəsimi hər zaman ölkə rəhbərliyinin diqqətindədir və bu sahədə atılan addımlar da onların daha yaxşı yaşamalarını təmin etməyə və sosial rifahlarının yüksəldilməsinə yönəldilib.


Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır