Modern.az

Yeni dərs ili kirayə mənzillərin qiymətlərini artırır – EKSPERT RƏYİ

Yeni dərs ili kirayə mənzillərin qiymətlərini artırır – EKSPERT RƏYİ

21 Sentyabr 2012, 10:12


Yeni tədris ilinin başlanması kirayə mənzillərin qiymətində bahalaşmaya səbəb olub. Bu bahalaşma təbii ki, çoxlarımızın cibinə uyğun gəlmir. Belə ki, bazardakı kirayə qiyməti ilə əhalinin orta aylıq əməkhaqqı arasında kəskin fərq müşahidə olunur. Aldığımız aylıq məvacib kirayə pulunun ödənilməsini təmin etmir.

“Əmlak Bazarı İştirakçılar” İB-nin icraçı direktoru Ramil Osmanlı Modern.az-a bildirib ki, bu gün kirayə mənzil bazarında orta qiymət həddi 656 dollar təşkil edir:  “Müxtəlif ərazilər, zonalar üzrə bir və çoxotaqlı mənzillər, fərdi yaşayış evləri üzrə kirayə qiymətləri orta aylıq əmək haqqının məbləği ilə müqayisədə təxminən 1,7 dəfə çoxdur. Düzdür, bu fərq bir qədər böyük görünə bilər. Amma demək olar ki, Azərbaycanda kirayə bazarı bazar seqmentləri arasında yeganə seqmentdir ki, burada süni spekulyativ təsirlər qiymətə təsir göstərmir. Kirayə mənzil bazarında qiyməti bazar formalaşdırır. Tələb və təklifin əsasında qiymət dəyişir”.

Mövsümlə əlaqədar kirayə mənzil bazarı aktivləşdiyindən qiymət artımı baş verib. R. Osmanlı onu da bildirdi ki, orta aylıq əməkhaqqı ilə Bakı şəhərinin kirayə bazarındakı qiymət arasındakı fərq böyük görsənsə də mövcud bazar tələblərinə görə normal qarşılanmalıdır. Onun sözlərinə görə, bazar seqmentlərində iki-üç ildir ki, davam edən passiv tendensiya tədricən aktivləşmə ilə müşahidə olunur. Bu özünü qiymətlərdə də göstərir. Bəzi bazar seqmetlərində qiymətlərin tədricən artımı müşahidə olunmaqdadır: “ 2012-ci ilin yanvar ayından bu günə kimi təhlil aparsaq qiymətlərdə müəyyən qədər artım görmək olar. Bu qiymət artımı intensiv xarakterli olmasa da ötən ilki dövrlərlə müqayisədə qiymətlərdə artım müşahidə olunur. Ən çox qiymət artımı isə torpaq bazarıdır ki, bu da torpaq bazarının məhdudlaşması ilə əlaqədardır. Xüsusilə də birinci və ikinci zonalarda torpaq sahələrinin məhdudlaşması prosesi gedir. Bunun nəticəsində də təklifin kəskin azalması müşahidə olunur. Belə olan halda qiymət artımı baş verir”.

Kirayə bazarında qiymət artımına təsir göstərən amillərdən birinin də paytaxtda məskunlaşma problemi ilə bağlı olduğunu deyən R. Osmanlının sözlərinə görə, dünya ölkələri ilə müqayisədə mövcud mənzil fondu ən son yerlərdən birini tutur: “Yəni mövcud mənzil fondunu nəzərdə keçirsək məsələn MDB ölkələrinin paytaxt şəhərləri arasında ən son yerlərdən birini tutur. Moskva, Kiyev, Almatı kimi şəhərlərdə adambaşına düşən mənzilin göstəriciləri iki-üç dəfə aşağıdır. Məsələn, Moskvada adambaşına düşən mənzil göstəricisi 25-27, Kiyevdə 23-25, Almatıda 20-22, Bakıda isə bu göstərici 9,4 kvadratmetr təşkil edir. Bu da onu göstərir ki, Bakıda mənzil fondunun genişlənməsinə ehtiyac var. Bu gün paytaxtda məskunlaşma və demoqrafik məsələ ilə bağlı problemlər qalmaqdadır. Bu da təbii olaraq mənzilə və yaşayış sahələrinə olan tələbatı artırır. Amma bütün insanların mənzil almaq imkanları olmadığından bu tələbatı əsasən kirayə hesabına ödəyirlər. Belə hesab edirəm ki, bu problem yaxın 5-10 il ərzində öz həllini tapmayacaq”.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?