Modern.az

Hadi Rəcəblinin 40 illik ailə sirləri - REPORTAJ

Hadi Rəcəblinin 40 illik ailə sirləri - REPORTAJ

Aktual

21 Sentyabr 2012, 10:49


Tanınmış deputatlardan olan və uzun illərdir Milli Məclisin Sosial siyasətinə rəhbərlik edən Hadi Rəcəblinin ailə qurmasının 40 ili tamam olur.

Nəzərə alsaq ki, ailə mövzusu Hadi Rəcəbli tərəfindən tez-tez siyasi gündəmə gətirilir, bu mənada ailəsinin 40 illik yubiley gunündə onlara baş çəkməyə qərar verdik.

Bunun üçün qeyri-standart bir istiqamət seçdik, deputatın xanımından müsahibə almaq qənaətinə gəldik. Ancaq bunun asan başa gəlməyəcəyini də əvvəlcədən bilirdik. Amma istəyimizə nail olduq.

Bir dəstə qızılgül alıb onlar yaşayan həyətə getdik. Hadi müəllim harda olsa evlərinə gələcəkdi. Axşam saat 8-ə qalmış Milli Məclisdən dedilər ki, o, evə getdi...

Nəhayət, blokun giriş qapısında görüşdük. Məramımızı açdıq. Təbrikə görə razılığını və minnətdarlığını bildirdi. Evə dəvət etməkdən savayı yolu qalmamışdı deyəsən. Zahirən xoş rəftar göstərsə də, deyəsən daxilən bu istəyimiz heç də könülaçan deyildi. Bizi evə dəvət etdi, amma müsahibənin gərəksiz olduğunu vurğuladı. 1960-ci illərin sonlarında tikilmiş binada axırıncı mərtəbədəki mənzilə daxil olduq. Çiçək dəstəsini Mehriban xanıma verdik. Təbrikimizi səmimi qarşıladı. Xanımın gülərüzlüyü və söhbətcilliyi bizə xeyli ümid verdi ki, müsahibə alınacaq. Meyvə, çay süfrəsi düzəldi.

Söhbət lap uzaqlardan elə oturduğumuz mənzilin tikildiyi illərdən başladı.

İki saat ərzində davam edən söhbəti, iki gündən sonra sayta çıxarmağa icazəni, yazı hazır olanda bir daha Hadi müəllimdən xahiş etdik. Bir az narazılıq bildirəndən, deyinəndən sonra müsahibənin elektron variantını ona göndərməyi xahiş etdi.

Elə də etdik. Mehriban xanımın onun haqqında söylədiyi bəzi sırf ailə məsələlərindəki narazılıqları çıxmaqla mətnə toxunmadı və dərcinə razılıq verdi.

İstənilən halda yaxşı nümunə oldu. Cəmiyyət üçün siyasətçinin həmişə açıq olması, səmimilik nümunəsini Hadi Rəcəbli və həyat yoldaşı Mehriban xanımın Modern.az saytına müsahibəsindən görmək olar.

- Mehriban xanım, bu 40 il necə  keçdi?

- Deyə bilmərəm ki, mənim 40 ilim pis keçib. Mənim 40 ilim çox gözəl ab-havada keçib, şən  bir insanla ailə qurmuşam. Hər an istəyir ki, şənlik, sevinc, məhəbbət, gülüş olsun və əhaval-ruhiyəmiz həmişə xoş olsun. Mən ondan razıyam, bu 40 il ərzində mənə çox yaxşı günlər bəxş edib. Çoxlu ölkələr gəzmişəm, bu ölkələrə gedərkən məni hörmətlə qarşılayıblar. Mən ondan həm o barədə, həm də bütövlükdə hərtərfli razıyam.

- Bu illər ərzində aranızda heç narazılıq olmayıb?

- Narazı olduğum cəhətləri də var. Heç nə istədiyin kimi olmur. Ailə söz-söhbətsiz ola bilməz, həyat enişsiz-yoxuşsuz. İnsanın hər bir anında emosional məqamlar da ola bilər, əhvalı da dəyişə bilər. Həmin dəyişikliklər az olmayıb. Amma mən öz yoldaşımı sevmişəm. Onunla öz istəyimlə ailə qurmuşam, bizim həyatımız çox gərgin olub. Təkcə kasıblığa görə yox, biz  kasıblığı hiss etməmişik. Az pul olub ona uyğun dolanmışıq, amma mən özümü elə aparmışam ki, heç kim onu hiss etməyib. Özüm imkanlı ailənin qızı olmuşam. Çalışmışam heç valideynlərimi də qayğılarımıza qatmayım.

- Qırx il sakitlik və gərginlik. Hansı yadda qalıb?


- Hadi müəllim iş adamıdır, o, dinamik adamdır, iş olmayanda da, özünə hər zaman bir iş tapır. Mən özüm də inkişaflı, fəaliyyətli bir insanam. O hərəkət mənim içimdə də var. Hadi müəllim hər hansı bir işə əl atanda, mən də ardınca ona kömək etməyə çalışmışam.Ona görə də bizim günümüz çox gərgin keçib, mən  heç bilməmişəm ki, 40 il haradan gəlib, haradan gedib.

- Hadi müəllim rayonludur, necə oldu ki, bakılı xanım lənkəranlı oğlanı bəyəndi?

- Hadi müəllim rayonda böyüsə də,  Moskvada rus dilində məktəbi qurtarıb. O, hər şeyi tez qavrayan insandır. Rusiyanın ab-havasını götürüb. Mən onun kəhrəba rəngli saçlarına vuruldum. Elə bildim ki, bu rus görünüşlü oğlanın xasiyyəti də daha müasir Moskva sayaq olar. Rus oğlanda intellekt, nəvaziş, diqqət çoxdur. Bütün bunlarla yanaşı onda milli-mənəvi dəyərlərə xüsusi diqqət, bir az da loru desək, kənd mentaliteti hələ qalıbmış. Sevgi, məhəbbət çox ağır məsələdir. Sevəndə insan hər şeyi bağışlayır.

- Tanışlığınız necə baş verdi?

- Mən Lənkərana qonaq gəlmişdim. Xalamgil orada qalırdı. Tez-tez onlara gedərdim. Küçənin bir başında xalamgil, o biri başında isə Hadi müəllimgil olurdu. Həmişə  küçədən keçəndə məni görərdi. Sarışın, hündür, arıq oğlan idi. Xalamoğlu Hadi müəllimlə həmyaşıd idi. Dostluq edirdilər. Onda biz də söhbətləşərdik. Mən hardan bilim ki, o mənə vurulub, mənə ürəyini açmaq istəyir. Düzü, lap gözəl platonik sözlər demədi. O vaxt bizdə belə bir qayda yox idi.

Anasına açmışdı ürəyini. Anası da bizlə əlaqə saxladı. Mən yoldaşımı sevmişəm, o da məni. Amma o, sevgisini mənə bəlağətli, naz-qəmzəli sözlərlə deyə bilmədi. Bizim ailədə belə bir qayda yoxdur ki, qızla oğlan izdivac olmamış danışsınlar. Yaxınlıq etsinlər. Ona görə də o, mənə yaxınlaşa bilmədi.

Bizdə ata qızı verdisə, vəssalam. Mənim atam-anam bilmirdi ki, mən Hadini sevirəm. Deyirdilər ki, oğlan qızı istəyir, biz də veririk. Mənim də qızlarım belə ailə qurub. Ataları  bəyənib,  xoşlayıb, vermişik. Ən layiqli Azərbaycan ailəsi belə olmaldır. Düzdür, qızın da fikrini öyrənmək lazımdır və vacibdir.

- Bakılı qızın rayonda yaşaması çətin olmadı ki?


- Məhəbbət o qədər güclü idi ki, mən heç hiss etmirdim ki, rayonda yaşayıram. Hamımız bir balaca otaqda, balaca şorba qazanının başına yığılırdıq, kasıb həyat idi. Mənə bütün yaşadıqlarım çox xoş olub.

- Bakıdan rayona gedəndə  hansı  xüsusiyyətlərinizi dəyişdiniz?

- Məni Bakıda "Oktyabr", indiki Yasamal rayonunda “raykom”da işə götürürdülər. Hadi müəllimlə biz nişanlı idik. O, mənə dedi ki, “sən narahat olma. Mən rayon komsomolunun birinci katibiyəm, çalışaram ki, səni məktəb direktoru təyin etdirim”. Özüm də rusdilli, fəal bir qız idim. Mən də ona inandım, razılaşdım. Sonra dedi ki, “yaxşı deyil, mən komsomol katibi, sən də məktəb direktoru. İclaslar olacaq, orada kişilər iştirak edəcək. Mən səni yavaş-yavaş məktəb direktoru düzəldərəm”. Amma mən adi müəllim qaldım. Sonradan anladım ki, o, bunu ürəkdən istəmirmiş. Mən onun hər sözünə inanmışam, hər sözünü  yaxşı qəbul etmişəm. Təsəvvür edin ki, Bakıda yaşayan müasir qıza icazə vermirdilər  ki, bazara getsin. Mən də qəbul edirdim. Amma məni Bakıya tez-tez gətirirdi. Hər 15 gündən bir Bakıya gəlirdim. Anam burda idi, atam rəhmətə getmişdi. Toylardan, gəzməkdən qalmırdıq.

- Bəs kasıblığı necə yola qoyurdunuz?

- O zaman Hadi komsomolun birinci katibi idi. 130 manat maaş alırdı. Bizə mənzil vermişdilər ayrı qalırdıq. “Raykom”un bufetindən maaşının yarısına ət, yağ, lazım olan ərzaqlar alırdı. Anasıgil üçün də, bizimçün də. Cibində pulu qalmırdı. Mən də müəllimə kimi 110 manat maaş alırdım, evə kömək edirdim. Təsəvvür edin ki, günortalar sürücünü də yeməyə gətirirdi. O, həftəyə iki kilo ət alırdı, bir kilosunu bizə, bir kilosunu anasıgilə verirdi. Mən o əti qənaətlə işlədirdim. Ondan da yarım kilo saxlayırdım. Həftə sonu anasıgilə gedirdik, orada yemək bişirib, zarafatlı, kefli həyat sürürdük.

Mən onu həyatda çox duymuşam. Bu insan insanlara kömək üçün yaranıb... Bu insanın beynində odur ki, kiməsə kömək etsin. Mən də bacardığım qədər çalışmışam ki, ona əziyyət verməyim. Evin işlərini, hər işini özüm qaydasına qoymuşam. O bilməyib ki, paltar nədir, bazara getmək nədir. Ev düzəltmək, evi təmir etmək, o haqda düşünməyib.

Bilirəm ki, Hadi yorğun olur, insanların problemlərini həll edir, mən də ona bir söz deyəndə görürəm ki, yeni qayğılar yaradıram, ona görə mən də öz beynimlə reallıqlara uyğun işimi qururam.

- Hadi müəllim uşaqlara vaxt ayırıbmı? Heç onları gəzintiyə aparıb?

- Çox az. Uşaqların dərsi, məktəbilə mən məşğul olmuşam. Gəzməyə aparıb, xarici ölkələrə getmişik, amma Bakıda gəzintiyə az-az çıxmışıq. 1990-cu ilə qədər biz 10 il rayonda, 2 il Bakıda olmuşuq,  onda 7 rayonun  inspektoru idi. 5 il də Şəkidə qalmışıq. Hadi müəllim ailəyə hamının düşündüyündən az vaxt ayırıb.

- Bəs darıxmamısınız belə olanda?

- Darıxmışam, amma nə edim? Darıxanda Quran oxuyuram. Balalarımla danışıram. Amma hər şey üçün onun qanını qaraltmaq istəmirəm.

- Hadi müəlimin hansı məziyyətlərini biz yaxşı bilmirik?


- Hadi  müəllim çox dostcanlı adam olub. Şən insanın hər zaman dostu çox olur. O dostları ilə yaşayır. Onlar üçün canını verməyə hazırdır. Hətta bir dəfə mən dostunu  yaxşı qarşılamadım, ona görə kötək də yedim. Qoy hamı eşitsin ki, bu insan dostuna görə mənə əl qaldırıb. Məni möhkəm danlayıb ki, sən mənim dostumu niyə yaxşı qarşılamadın. Eyni zamanda kövrək, qəlbə dəymək istəməyən adamdır, burdan bir kobudluq edəndə, o biri tərəfdən də öz səhvini bilən, səhvini etiraf edən könül alan bir insandır. Ona görə də bəlkə onu həmişə bağışlamışam.

Söhbətimizin bu yerində Hadi Rəcəbli müdaxilə edir:

- Bakıda böyüyüb, təhsil alan bir qızla, rayonda böyüyən bir oğlan tanış olub, evləndilər. Nə baş verir? Xarakter, psixologiya, mühüt fərqi, bunlar hamısı təsir edir. Bu zaman həyat yağ kimi ola bilməz, istər-istəməz  çəkişmələr olur. Burada hövsələ, dözüm lazımdır, dözüm olmasa, ailə dağılar. Mehriban xanım çətinliyə, qaynana hegemonluğuna, ultimatumuna dözüb. Mənim tələblərimə, evsizliyə, kasıblığa dözüb. Burada ola bilər ki, məhəbbət faktoru güclü olub. Mehribanla nişanlandıqdan  bir müddət sonra atası, sonra da qardaşı rəhmətə getdi. Mehribanın Bakıda toyu olmayıb, Lənkəranda, 1972-ci ilin sentybarında komsomol toyu olub. O dövrlərin ilk komsomol toyu idi. “Raykom”a siyahı verdik, 50 nəfər adam çağırmışdıq. Lənkəranda ilk dəfə mən süfrə açıb mağarda, musiqi, oxumaqla yeməyi bir yerdə olan, masa ətrafında oturulan toy etdim. Özü də ki, toyumuzdan düz yarım saat sonra gur şıdırğı yağış yağdı. Mənim atam konservativ kənd adamı olub. Atamın yanında başıaçıq gəzmək olmazdı. Uşağı böyüyün yanında qucağa almaq olmazdı. Bunlara Mehriban dözüb. Ailənin bünövrəsinin möhkəm olması üçün bu çətinliklərə dözmək lazımdır. Hazırkı ailələrin dağılmasının səbəblərindən biri elə dözümsüzlükdür. Biz çətinliklərə baxmayaraq, dözümlə, hövsələlə və hər anından ləzzət ala-ala həyatı keçirmişik.

Bir müddət sonra məni şəhər “ispalkom”una sədr qoydular. Burada zəhmət, mənəviyyat və Allahın qisməti, lap elə xanımın ayağının düşərliyi rol oynayır.

Qardaşımın toyunda Mehriban üzük, sırğa taxa bilmədi. Lənkəran yerində sırğa, üzük taxsa, deyəcəkdilər ki, “ispalkom”un sədrinin xanımı 50 min manatlıq sırğa, üzük taxıb, daha nələr, hansı fantaziyalar...

Mehribanın anası qızı mənə vermək istəmirdi ki, rayona düşəcək, kəndə aparacaqlar. Burada başqa bir məsələ də var. Şəhərli qızın 4 uşaq dünyaya gətirməsi böyük bir məsələdir. Hamısını da özü böyüdüb, əsasən özü baxıb.

Mehriban xanım-ailəni, ərini, qohum-qardaşla münasibətləri qoruyub saxlayan qadındır. Ailə quranda gərək yoldaşınla dost olasan.

Xanım təkcə xanım deyil, həm gəlindir, həm anadır, lap elə məşuqədir, həm dostdur. Evin içində ən böyük müxalifət xanımdır. O müxalifət olmasa, sən inkişaf edə bilməzsən.

- Mehriban xanım, həyat yoldaşınızdan ala bilmədiyinizi  övladlarınızdan alırsınızmı?

- Balalaraımdan çox razıyam, balalarım gözəl insan, gözəl dostdurlar. Mən bütün sirrimi onlara danışıram. Yoldaşımdan istədiyim, ancaq bəzən ala bilmədiyim o istiliyi balalarımdan alıram. Bu günə qədər balalarımla dərdləşirəm, məsləhətləşirəm, hətta qeybət də edirəm. Balalarım mənə tövsiyyələr verir, hər bir an qayğıma qalırlar. Bilirlər ki, ataları el, hökumət adamıdır, hər şeyi ona demək olmaz, qanını qaraltmaq olmaz.

Yenə Hadı Rəcəblinin müdaxiləsi:


- Ailə ənənələri formalaşır. Anamın, bizim evimizin ənənələrini Mehriban xanım gördü. Öz ailəsinin də ənənələri var idi. Bunların bir ümumiləşdirilmiş hansısa hissəsi gəlib, keçdi bizim 40 illik tarixi olan ailəmizə, sonrada balalarımıza. Qızımızın evində hər hansı bir söz-söhbət olanda, yoldaşım hələ indiyə kimi ancaq kürəkənin tərəfini saxlayıb. Kişi evin böyüyü olmalıdır. Belə olanda, ailələr uzunmüddətli olur. Bununla belə, mən xanımıma yazdığım şeirlərin birində demişəm.       

Sənsiz hər şey qaranlığa bürünür,
Mehribanım sənin yerin görünür.

- Deyirlər dövlətdə dəvə, övladda nəvə, doğrudurmu?

Hadi Rəcəbli:

- Nəvələrimizin böyüyünun 20 yaşı var. 8 nəvəmiz var. Balaca nəvəmizin 3 yaşı olub. 3 oğul, 5 qız nəvəmiz var. Subay oğlumuz var. Bütün hallarda, bünovrə xanımdır. Bütün çıxışlarımda demişəm ki, ailə cəmiyyətin bünövrəsidir. Ailənin də bünövrəsi xanımdır. Uşaqların tərbiyəsində, evin qayğısına qalmaqda, kişinin geyimi, əhval -ruhiyyəsi qadından asılıdır. Mehriban xanım bu günə kimi mənə deməyib ki, filan sırğa, üzüyü almadın, filankəs şuba  geyindi, bunlar  ciddi məslələrdir. Bütün evlərdə münaqişələrin böyük əksəriyyəti bu söhbətlərdən yaranır. Bizdə belə söhbətlər olmayıb. Mehriban xanım enerjili, səfərbər adamdır. Mehriban xanım hacıxanımdır. Uzun illərdir ki, Quranı öyrənib, ərəb dilində Quranı oxuyur. Rus dilində filoloqdur. Quranı həm azərbaycanca, həm də ərəbcə oxuyur. Namazını həmişə qılır, bütün islami qaydalara riayət edir. Amma bir qaydanı pozmuşam ki, onun çarşab örtməsinə icazə verməmişəm. Bizdə Quran evdə giriş qapısının üstündədir, bizə gələn ən azı iki dəfə quranın altından keçir. Ailənin bünövrəsində səmimiyyət, mənəvi saflıq olmalı, aldatmaq, haram tikə məsələsi olmamalıdır. 40 ilin yorğunluğu ilə bərabər, özünün çox gözəl izləri olub. Mənim ömrümün elə bir  vaxtıdır ki, xanımsız qala bilmərəm. Onsuz bir yerə də gedə bilmirəm, ona çox öyrəşmişəm.

Qadın istəyir ki, ona daha çox diqqətli olasan. Mən əgər iş, görüş, toy, tədbir olmayanda saat 6-7-də evə gəlirəmsə, hesab edirəm ki, bu, evə, ailəyə bağlılıqdır. Mənim həyatımın mənası iş və evdir. Mən bəzi qayğılardan tamam azadam. Evdə işıq dəyişmək, kiçik təmir və s bu kimi işlərə qarışmıram. Evin  problemləri, qayğıları mənlik deyil, xanım evin “zavxozudur”, “prorabıdır”, aşpazıdır və s.

Mehriban xanım:



- Mən heç vaxt onu kövrəlməyə qoymamışam. Bu 40 il çox keçməkeşli olub. Arada mübahisələrimiz də olub. Ailədə bunları qəbul etmək lazımdır. Gənc ailələrə də tövsiyyəm budur.

Yaxşı balalarım, ağıllı nəvələrim var. Nəvələrim tərbiyəlidirlər, hamısı ingilis dilini bilir. Bir  nəvəm yapon dilini, biri ərəb, biri alman dilini öyrənir, çox savadlıdırlar.

Hadi Rəcəbli:

- Yaş keçir, övlad da, nəvə də böyüyür. Bir də baxırsan ki, sənə xanımın qalıb. Həmişə demişəm ki, kim xəstələnir, xəstələnsin, xanım xəstələnməsin. Həmişə demişəm ki, mən dünyamı dəyişəcəyəmsə, qoy mən xanımımdan qabaq ölüm.

Mehriban xanım:

- Mən əsasən, Hadi müəllimə bağlıyam, ona bağlı olmuşam. Qızımın övladı olanda mənə dedi ki, gəl bizdə qal, mən orada iki gündən artıq qala bilmədim. Hadi müəllimlə bağlı olmuşam, o hara getdi, mən də onunla getmişəm. 4 övladımın, 8 nəvəmin də məhəbətindən uzaqlaşıb, hamısını yoldaşıma vermişəm. Mən istəmişəm ki, onun hər qayğısını yerinə yetirəm. Övladalrımı pula, ələbaxımlığa öyrəşdirməmişəm. Mənim oğlanlarım özləri işləyib, pul qazanıblar. 14 yaşında bir oğlum, 13 yaşında da o biri oğlum işləyib. Maşınlarını da, evlərini də  də özləri alıblar.

- Hansı deputatların  xanımları ilə dostluq etmisiniz?

- Mən hamı ilə uyğunlaşan insanam. Hamı ilə şirindilliyəm. Hadi müəllim kimlə dost olubsa, mən də onu dostlarının həyat yoldaşı ilə dost olmuşam. Hüseynbala müəllimlə (deputat Hüseynbala Mirələmov-red.), onun xanımı ilə lap toy günümüzdən dost olmuşam. Az da olsa deputat dostları var ki, hər il biz bir yerdə xarici səfərlərə getmiş, istirahət etmişik.

Son: Qirx il cox uzun zaman deyil, amma qısa vaxt da deyil. Qırx il bir yerdə addımlamaq da asan məsələ deyil. Bunun üçün qaynarlıq, sevgi lazımdır. Biz bu qaynarlığı, bu sevgini Hadi Rəcəbli ilə xanımı arasında hiss etdik. Ona görə də bir yerdə keçən 40 ildə olan küsüşmələrdən, barışmalardan kiçicik bir məlumat ala bilməyəcəyimizi yəqin edib, bir daha yubliyarları təbrik edərək onlardan ayrıldıq.

 
Nihadə EYYUBOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?