Şəmkir rayonun İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun maral ferması ətrafında müzakirələr qızışır.
Alimpaşa Məmmədovun fermasındakı maralların aqibəti necə olacaq, hələ bilinmir?
Ekoloq Telman Zeynalov Modern.az-a Azərbaycandakı maralların qorunub saxlanılmasına, artırılmasına hələ 2000-ci ildə sabiq nazir Hüseyn Bağırov tərəfindən başlanıldığını xatırladıb:
“Onları çoxaltmaq üçün Azərbaycanın regionlarına 15-20 baş erkək və dişi maralın göndərməsi tələb olunurdu. Orada onları çoxaltmaq və məskunlaşdırmaqla yaşamaları üçün şərait yaradırdılar”.
T.Zeynalov son dövrdə ova gələn turistlərin maralları ovladığını qeyd edib:
“Lakin onların törətdiyi xəbərsiz cinayətdən heç kəsin xəbəri yoxdur. Marallar çöl heyvanlarıdır. Aran zonasında yaşayırlar. Onları dağa salamağa ehtiyac yoxdur. Bu heyvanlar üçün hansı ərazilər uyğundursa, orada yaşamalıdırlar.
Mən bir ekoloq kimi onları necə qorumaqları haqqında danışa bilərəm. Lakin etiraf etmək lazımdır ki, onları heç qorumurlar. Ovuçular gələn kimi ovlayıb məhv edirlər.
Bütün dünyaya xəstəlik yayılıbsa, turistlər bəs necə gəlib onları ovlayırlar?”.
T.Zeynalov Alimpaşa Məmmədovun maral fermasındakı heyvanlarla bağlı Zoologiya İnistutunun mütəxəsislərinin hər hansı təşəbbüslə çıxış edə biləcəyini deyib.
Alimpaşa Məmmədovun DTX təcridxanasına salınmasından sonra onun maralları ac-susuz, quru saman ümidinə qalıb. Bu haqda “Azadlıq” radiosu məlumat yayıb.
Kür qəsəbəsində yerləşən maral təsərrüfatının qapısı 10 günə yaxındır ki, bağlıdır. Maral fermasının yaxınlığında yaşayan Sabir Bağırov danışır ki, Alimpaşa Məmmədov İcra hakimiyyətinin başçısı olanda onun maralları naz-nemətlə bəslənirdi, hər gün heyvanlara palıd qozası, xüsusi yen verilirdi. İndi isə marallar quru samana möhtac qalıblar.
“Amma indi baxan yoxdur. Daha doğrusu baxan var, amma yem gətirəni yoxdur. İcra başçısı getdi, ondan sonra göz görə-görə heyvanlar batıb gedir..”.
Nəzrin Vahid