Modern.az

Putinlə Ərdoğanın Qarabağ müzakirəsi: nə baş verir? - ŞƏRH

Putinlə Ərdoğanın Qarabağ müzakirəsi: nə baş verir? - ŞƏRH

5 May 2021, 23:46

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 5-də İrəvanda danışıqlar apardığı saatlarda Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışması və onunla Qarabağı müzakirə etməsi təsadüfi deyil. Görüşlə bağlı yayılan xəbərdə belə bir cümlə var: “Prezidentlər Ağdamda yerləşən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və münaqişə zonasında bütün hərbi fəaliyyətlər kontekstində Dağlıq Qarabağ nizamlanması probleminə toxunublar””.

Modern.az-ın məlumatına görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Putin-Ərdoğan danışığını şərh edərkən bildirib.


Onun sözlərinə görə, ümumiyyətlə Rusiya prezidentinin türkiyəli həmkarıyla tez-tez zəngləşməsinin və müzakirələrinin müsbət tərəfi odur ki, Kreml sahibi Türkiyənin Cənubi Qafqazdakı, Azərbaycandakı və Qarabağdakı maraqlarını qəbul edib.

“Rusiya Türkiyənin rəyini nəzərə almadan Qarabağda gizli fəaliyyətin onun üçün mənfi nəticələrini hesablamaq məcburiyyətindədir. Moskvanın Qarabağla bağlı nəsə “yeni təşəbbüsü” varsa, bunu yalnız Parislə deyil, mütləq Ankara ilə də müzakirə etməlidir. Odur ki, əgər Lavrov bölgəyə hansısa yeni “təkliflərlə” gəlibsə, bundan Azərbaycan və Ermənistanla yanaşı,  Türkiyənin də xəbəri olmalıdır. Moskvada bilirlər ki, Ankaranı zamanında məlumatlandırmasalar, bunu onsuz da Bakı edəcək”.


Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Lavrovun İrəvanda olduğu vaxtda Ərdoğanla Putin telefonda belə bir müzakirə aparması Rusiyanın Qarabağda yeni dövrə hazırlaşdığı deməkdir və Putin bu haqda Ərdoğanı məlumatlandırır.


“Lavrovun İrəvan və Bakıya səfərində iki məsələnin müzakirəsi mümkündür:

  1. 1. Erməni qoşunlarının çıxarılması və (4-cü bəndin icrası) sonrakı dövr;
  2. 2. Yeni dövrdə separatçı rejimin taleyinin necə olacağı;

Mümkündür ki, Rusiyanın hansısa yeni təklifləri var və Lavrov bu gün İrəvanda bağlı qapılar arxasında bu məsələləri razılaşdırıb. Putin də bunu Ərdoğanla müzakirə etmək və Lavrovun Bakıya gəlişindən öncə Türkiyə prezidenti ilə razılaşdırmaq istəyir. Rusların yeni təkliflərinin Bakının maraqlarına uyğun olmadığı, Qarabağdakı rus varlığının gücləndirilməsi və ya sülhməramlıların nəzarət etdiyi ərazilərin Azərbaycanın nəzarətinə keçmə prosesinin çətinləşdirilməsindən ibarət olacağı məlumdur. Putin Əliyevi razı salmaq üçün öncə Ərdoğanla anlaşmağa çalışır”.

Ekspertin fikrincə, hadisələrin inkişafında diqqətçəkən məqamlardan biri Lavrovun səfərindən öncə Putinin Makronla telefon danışığı və tərəflərin Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəlməsidir. Ardınca Lavrovun bölgəyə səfəri başlayır və o, İrəvanda olarkən Putin Ərdoğanla danışır.


“Bu, Rusiyanın öz təklif-istəyini qəbul etdirmək üçün Ankara və Bakıya mesaj verməsidir: ya bu təkliflərlə razılaşaq və yeni mərhələdə birgə hərəkət edək ya da Minsk qrupu yenidən diriləcək.

Telefon danışığında haqda informasiya axını da maraqlıdır. Qarabağın müzakirə edildiyi detalı Kremlin rəsmi məlumatında yer alsa da, Ankaranın yaydığı məlumatda qeyd olunmur. Bu da Qarabağ müzakirəsinin Türkiyənin marağına uyğun olmadığını göstərən detallardan biri hesab oluna bilər.

İndi Bakı və Ankara üçün əsas məsələ 4-cü bəndin icra edilməsidir. Ermənistanın Qarabağda hərbi varlığının ortadan qalxması Xankəndidəki separatçıların həll edilməsini asanlaşdıracaq. Mümkündür ki, Bakı erməni qoşunların çıxarılmasından və hədəfinə bir addım da yaxınlaşmasından sonra nələrinsə müzakirə edilə biləcəyini deməklə manevr edir, Moskva öz maraqları üçün öncədən zəmanət istəyir.

Putinin Ərdoğanla danışması isə bütün hallarda bizim əlimizin güclü olduğuna dəlalət edir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir