Modern.az

Şuşanın azad olunmasından 6 ay ötür - İşğal tarixini unutmayaq!

Şuşanın azad olunmasından 6 ay ötür - İşğal tarixini unutmayaq!

Qarabağ

8 May 2021, 08:22

8 may Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğal günüdür.

28 ildən sonra Şuşanın işğal gününü qalib tərəf kimi qeyd edirik. Şuşanın işğalı başımıza gələn müsibətlərdən biridir və tariximizin bu qara səhifəsini heç zaman unutmamalıyıq.


Modern.az
-ın məlumatına görə, ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı kəndlər ələ keçiriblər.

Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralandı. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.


Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib.

Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə var.


Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 28 il Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldı. Amma bu, belə davam edə bilməzdi.

Nəhayət 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Noyabrın 8-də Şanlı Ordumuz Qarabağın tacı olan Şuşa şəhərini düşmən tapdağından xilas etdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı