Modern.az

Səfir Aqşin Mehdiyev: “Baydenin bəyanatı faktiki mənasını itirmiş oldu” - MÜSAHİBƏ

Səfir Aqşin Mehdiyev: “Baydenin bəyanatı faktiki mənasını itirmiş oldu” - MÜSAHİBƏ

8 May 2021, 11:50

Hazırda İslam Əməkdaşlıq Təşilatının Nyu York Bürosunun baş direktoru və BMT yanında daimi müşahidəçisi vəzifəsində diplomatik fəaliyyət göstərən səfir Aqşin Mehdiyev Modern.az saytına müsahibə verib.

A.Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında daimi nümayəndəsi olub.

 

- Cənab səfir, bu yaxınlarda - daha dəqiq desək, aprelin 28-də doğum gününüz oldu. Növbəti yaşınızı yenə də ölkədən kənarda və işinizin başında qarşıladınız. İstənilən halda, hər yaşın gətirdiyi xüsusi üstünlüklər olduğu kimi, geridə qalan xatirələr də var. Diplomatiyada keçirdiyiniz illəri necə xarakterizə edə bilərsiniz?


- Bəli, siz tamamilə haqlısınız. Hər bir şəxsin özünəməxsus həyat yolu var. Mən diplomatik fəaliyyətə Misirin Helvan metallurgiya kompleksində ərəb dili tərcüməçisi kimi, daha sonra isə Sovet İttifaqının Qahirə şəhərindəki Səfirliyinin iqtisadi məsələlər üzrə müşavirinin aparatında başlamışam. 1975-ci ilin sentyabr ayından hal-hazıradək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində çalışıram və artıq 46 ildir ki, bu sistemdə fəaliyyət göstərirəm. Səhv etmirəmsə, hal-hazırda respublikada fəaliyyətdə iş stajı ən çox olan Azərbaycan diplomatıyam. Bu illər ərzində əvvəl Sovet və sonra da Azərbaycan diplomatı kimi attaşe vəzifəsindən fövqəladə və səlahiyyətli səfir vəzifəsinədək uzun yol keçmişəm. Belə ki, Azərbaycan Respublikasının Avropa Şurasında (Strasburq, Fransa) və BMT yanında (Nyu York, ABŞ) daimi nümayəndəsi, Kuba, Venesuela, Yamayka və Nikaraquada fövqəladə və səlahiyyətli səfiri, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifələrində çalışmışam.

Hal-hazırda İƏT-in Nyu York Bürosunun baş direktoru və BMT yanında daimi müşahidəçisi vəzifəsində öz diplomatik fəaliyyətimi davam etdirirəm.

Bu illər praktiki olaraq daim gərgin və bəzən də həyata real təhlükə yarada bilən maraqlı, mənalı işlə zəngin olub. Bir çox hadisələrin şahidi olub özümdə yaşatmışam. Bunların hamısı haqqında ayrı-ayrılıqda çox uzun danışmaq olar. Öz peşəmdən razıyam və onunla fəxr edirəm və böyük məmnuniyyətlə işimi davam etdirirəm.


- İşlərinizdə uğurlar arzulayırıq. İzninizlə, bir qədər ötən illərə nəzər salmaq istərdim. Diplomatik fəaliyyətə başlamazdan öncə Misirdə metallurgiya kombinatında ərəb dili tərcüməçisi kimi çalışmısınız. Ərəblərlə başlayan işinizi elə diplomatiyada da davam etdirmək qismətinizdə olub. SSRİ dövründə Ərəb dünyası və Azərbaycan əlaqələri hansı səviyyədə idi?

- Ərəb ölkələrində mən uzun illər işləmişəm. Misirin Qahirə Universitetində təhsil almışam və sonra Misirin Helvan metallurgiya kompleksində, daha sonra isə Şimali Yəmən, Cənubi Yəmən və birləşmiş Yəmən Respublikasında müxtəlif diplomatik vəzifələrdə çalışmışam. Ərəb ölkələrindəki fəaliyyətimin son ilini artıq Azərbaycan Respublikasının Yəməndə nümayəndəsi vəzifəsində davam etdirmişəm (Bu institut Sovet İttifaqının dağıldığı zaman yaradılmış və qısa müddət ərzində fəaliyyət göstərmişdir).
Bildiyiniz kimi, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi artıq uzun illərdir ki, mövcuddur və hazırda təsis olunmasının 100 illik yubileyini qeyd edir. Bizim Şərqşünaslıq fakültəmiz SSRİ dövründə öz alimləri və müəllimləri ilə çox məşhur olub. Fakültənin məzunları və əlalxüsus tərcüməçiləri SSRİ dövründə mütəxəssisliyi ilə seçilən və çox tələb olunan peşə sahibləri idi. Demək olar ki, SSRİ ilə iqtisadi, ticarət, hərbi əlaqələri olan Ərəb ölkələrində çalışan tərcüməçilərin bir çoxu Azərbaycanın Şərqşünaslıq fakültəsinin məzunları idi. Bizim tərcüməçilər Ərəb dilini çox gözəl və sərbəst bilən mütəxəssilər kimi çox dəyərləndirilirdi. Ərəb ölkələrində azərbaycanlı geoloqlar, neftçilər, sənət ustaları, müəllimlər, həkimlər və digər ekspertlər çalışırdı. Onların hamısı ölkəmizin mədəniyyəti, tarix və ənənələrinin işlədikləri ölkələrdə təbliğatçıları idi. Əlbəttə ki, bizim təhsil müəssisələri və elmi dairələrin Ərəb ölkələrindəki həmkarları ilə əlaqələri var idi. Tələbələrimiz bir çox Ərəb ölkələrində təhsil alırdı və həmçinin Azərbaycan Respublikasının ali təhsil ocaqlarında çoxlu sayda ərəb tələbələri oxuyurdu. Sovet dövründə xarici siyasət bütövlükdə və müxtəlif əlaqələr mərkəzləşdirilmiş şəkildə Moskvada İttifaqın mərkəzi tərəfindən həyata keçirilirdi. Buna baxmayaraq, Sovet İttifaqının xarici əlaqələrində Azərbaycanın özünəməxsus mühüm yeri var idi. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Azərbaycan Sovet İttifaqının yeganə respublikalarından biri idi ki, burada xarici ölkələrin diplomatik nümayəndəlikləri və o cümlədən İraqın Baş Konsulluğu fəaliyyət göstərirdi. Bunların hamısı Azərbaycanın Ərəb ölkələri ilə uzun sürən dostluq və əməkdaşlıq əlaqələrini bir daha sübut edir.

Həyat belə gətirdi ki, mən artıq 6 ildir ki, İslam Əməkdaşlıq Təşkilatının əvvəl Brüsseldə Avropa İttifaqı yanında, indi isə Nyu Yorkda - BMT-də daimi müşahidəçisiyəm. İƏT İslam aləminin 57 ölkəsini özündə birləşdirən, BMT-dən sonra 2-ci ən böyük dövlətlərarası beynəlxalq təşkilatdır. Təşkilatın Azərbaycanla xüsusi əlaqələri var. Bu təşkilatın üzv ölkələrinin 22-si Ərəb dövlətləridir. Həmin ölkələr Azərbaycanı daim dəstəkləyir, bizim respublika ilə əlaqələri genişləndirməyə çalışırlar. Dost Ərəb ölkələri Qarabağ məsələsində bizi daim dəstəkləyib və şanlı qələbəmizə xalqımızla birgə sevinirlər. Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçilərkən bizə səs verən ölkələrin əksəriyyəti İƏT üzvləri və Ərəb dövlətləri olub. Bu da bizim həmin ölkələrlə qurulmuş tarixi əlaqələrin göstəricisidir.


- Dünyanın istənilən ölkəsində məskunlaşan soydaşlarımız ölkəmizin və dövlətimizin maraqlarını müdafiə edirlər. Təbii ki, Amerikada yaşayan azərbaycanlılar üçün də eyni fikri səsləndirmək olar. Bir nüans var ki, Amerikada erməni lobbisi daha güclüdür. Bu məsələdə azərbaycanlıların Amerikadakı siyasi təşkilatlarla, siyasi birliklərlə əlaqələri necədir?

- ABŞ-da geniş Azərbaycan diasporu və diaspor təşkilatları mövcuddur. Həmvətənlərimiz Nyu York, Vaşinqton, Hyuston, Kaliforniya və ABŞ-ın digər şəhərlərində yaşayır. Ümumilikdə onlar vətənlərini sevən insanlardır və öz imkanları daxilində Azərbaycanın maraqlarını müdafiə edərək erməni təxribatlarının qarşısını alırlar. Fürsətdən istifadə edib Azərbaycandan olan yəhudi icmasının fəaliyyətini qeyd etmək istərdim. Onlar uzun illər əvvəl Azərbaycandan ABŞ-a köçmələrinə baxmayaraq, əvvəlki kimi bizim ölkənin səmimi vətənpərvərləridilər və Azərbaycanın maraqlarının müdafiəsində ən fəal rol oynayaraq, düşmənin təxribatına müqavimət göstərirlər.


- Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə dünyada yaşayan azərbaycanlıların Koordinasiya şuraları fəaliyyət göstərir. Amerikada yaşayan azərbaycanlıların koordinasiya əlaqələri necə qurulub? Bu sahədə çatışmazlıqlar varmı? Əgər hər hansı çatışmazlıqlar varsa, onları aradan qaldırmaq üçün nə etmək lazımdır?

- Fikrimcə, bizim diaspor ABŞ-ın yerli siyasi dairələri, qanunverici orqanları və mediası ilə lazımi qədər əməkdaşlıq yarada bilməyib. ABŞ Konqresi ilə sıx əməkdaşlıq çox vacib məsələdir. Konqres həm ABŞ, həm də onun xaricindəki siyasi həyatda mühüm rol oynayır. Sizin sualınıza yalnız bir cavab ola bilər: Konqreslə fəal, mütəmadi və inadkarcasına işləmək lazımdır. Məhz Konqresdə bir çox siyasi təkliflər və qərarlar, o cümlədən Azərbaycan və bütövlükdə bizim regiona aid olan məsələlər müzakirəyə çıxarılır. Aparılan iş dövlət orqanları və parlament səviyyəsində, konqresmenlərin seçici orqanları və onların hər biri ilə ayrılıqda ola bilər. Onları bizim ölkədəki vəziyyət, regionda baş verən bütün proseslər haqqında obyektiv şəkildə ətraflı məlumatlandırmaq, bizim diaspor nümayəndələrinin yaşadıqları regionlardan seçilən konqresmenlər ilə sıx əlaqə və əməkdaşlıq yaratmaq və digər dost xalqların diaspor təşkilatlarının imkanlarından istifadə etmələri lazımdır. Bir sözlə desək, bütün imkanları səfərbər edərək, Konqres və konqresmenlərlə ciddi iş aparmaq zəruridir. Yalnız səmərəli, planlaşdırılmış və fəal iş nəticəsində müsbət nəticələr əldə etmək mümkündür.

Bildiyim qədər Diaspora ilə İş üzrə Dövlət Komitəsi tərəfindən Beynəlxalq Koordinasiya Şurası yaradılıb. Lakin diaspora təşkilatlarının fəaliyyətinin daha da yaxşılaşdırılmasına ehtiyac duyulur. Daha doğrusu, ABŞ-da olan diaspor təşkilatları arasında lazımi koordinasiya yoxdur. Mən bilirəm ki, ABŞ-ın müxtəlif şəhərlərində çalışan çox fəal diaspor təşkilatları var və onlar 44 günlük müharibə vaxtı vətənlərinə olan məhəbbətlərini bir daha sübut etdilər. Təşkilatlar öz səylərini birləşdirərək fəaliyyətlərini əlaqələndirilmiş şəkildə həyata keçirsələr, onlar tərəfindən görülmüş işlərin nəticələri daha çox olar.


- ABŞ Konqresi dünyada böyük siyasi qüvvəyə malikdir. Bir çox siyasi qərarlar, bəyanatlar Konqresdə verilir. Zaman-zaman bəzi qərəzli açıqlamaların da şahidi oluruq. Məsələn, bu günlərdə qondarma erməni soyqırımı ilə bağlı ABŞ prezidenti Co Baydenin rəsmi qərarı birmənalı qarşılanmadı. Bir diplomat olaraq bu barədə düşüncələrinizi eşitmək istərdik
.


- Zənnimcə, qondarma erməni soyqırımının tanınması məsələsini ilk növbədə ABŞ tərəfindən Türkiyəyə qarşı təzyiq aləti kimi qiymətləndirmək olar. Hazırda ABŞ-Türkiyə əlaqələrində müəyyən gərginlik müşahidə olunur . Amerika tərəfi bizim türk qardaşlarımızın heç kəsdən asılı olmayan apardığı müstəqil siyasətə qarşı bir addım atdı. Əlbəttə ki, bu məsələdə erməni lobbisinin böyük rolu var. Məlumdur ki, ABŞ-ın Demokratlar Partiyası Respublikaçılardan daha çox erməni lobbisinin təsiri altındadır. Maraqlıdır ki, ertəsi gün amerikalılar tərəfindən bir sıra müxtəlif şərh və bəyanatlar verilərək, bu tanınmanın Türkiyəyə qarşı yönəlmədiyi və ABŞ məhkəmələrində onun suverenliyinə qarşı olmadığı bildirildi. Bununla da, amerikanlılar hamıya və xüsusilə də ermənilərə çatdırdılar ki, bu, heç bir hüquqi qüvvəsi olmayan bəyanat idi. Ermənilər üçün bu məsələdə əsas məqsəd qondarma soyqırımından guya ki, zərər çəkmiş şəxslərə maddi kompensasiya verilməsi üçün Türkiyəni məsuliyyətə cəlb etməkdir. Lakin ermənilərin bu cəhdləri bir daha iflasa uğradı.
Beləliklə də, Baydenın qeyd olunan bəyanatı faktiki olaraq mənasını itirmiş oldu.

Hesab edirəm ki, Qərb ölkələri hər hansı soyqırımından danışarkən ilk növbədə öz tarixlərinə nəzər salaraq, Amerika qitəsini müstəmləkə etdikləri zaman milyonlarla köklü xalqların məhv edilməsi, Ruanda, Əlcəzair, Vyetnam və digər ölkələrdə törədilmiş qətliamlardakı rollarını izah etməlidir. Necə olur ki, 20-ci əsrin əvvəlinə aid edilən qondarma erməni soyqırımı haqqında təkidlə danışır, 20-ci əsrin sonunda – yalnız 30 il öncə törədilmiş və dünyanın bir çox ölkələri tərəfindən tanınmış Xocalı soyqırımı haqqında susurlar...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi