Modern.az

Eyyub Hüseynov Nazirlər Kabinetinə yazdığı məktubda nədən şikayətlənib?

Eyyub Hüseynov Nazirlər Kabinetinə yazdığı məktubda nədən şikayətlənib?

Aktual

22 Sentyabr 2012, 12:32

Azərbaycan mühitində satıcılar məhsulu satmaqdan daha çox onu sırıyırlar. Bunun qarşısına alacaq tədbirlər qanunda öz əksini tapsa da? qanunların icrasındakı boşluqlar mövcud problemləri gündəmdə saxlamaqda davam edir. Belə ki, günümüzdə satıcılar müştəriyə uyğun olaraq məhsula qiymət təyin edirlər. Bu hal əsasən vətəndaşların üz tutduğu orta və aşağı səviyyəli geyim məhsulları bazarında kəskin hal alıb. Qiymət siyasəti yerinə yetirilmədiyindən məhsulların üzərində malın keyfiyyət və dəyəri haqqında informasiyanı əks etdirən qiymət yarlıqlarına təsadüf edilmir. Səriştəli satıcı da müştərinin geyiminə və intellektinə uyğun olaraq qərar qəbul edir. Bu zaman məhsulun həqiqi dəyərini əks etdirməyən qiymətlər meydana çıxır ki, bu da qanun dili ilə desək istehlakçı hüquqlarının pozulması deməkdir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan bazarlarında və ən prestijli supermarketlərdə belə xüsusən ərzaq malları şəbəkəsində, hətta satışı avtomatlaşdırılmış, yəni skanerlə oxunub qiymət çıxarılan yerlərdə belə Nazirlər Kabinetinin 80 sayılı qərarının 22-ci bəndi pozulur. Qərarda deyilir: “Satışa daxil olan malların üzərində malın adı, növü və qiyməti göstərilməklə tərtib edilmiş qiymət yarlığı və onun arxasında isə maddi, məsul şəxsin imzası və yarlığın doldurulması tarixi olmalıdır. Malın adı, növü və çəkisi qablaşdırmanın üzərində olarsa yarlıqda yalnız mal vahidinin dəyəri göstərilməlidir. Əks halda, İnzibati Xətalar Məcəlləsinin 2009-cu ildəki dəyişikliyə əsasən ticarət şəbəkələrdə qiymət siyasətinin pozulmasına görə 1500 manat cərimə nəzərdə tutulur”.  

Şəxsi müşahidə və qəbul etdiyi şikayətlərdən irəli gələrək AİB sədri deyib: “Bu gün bəzən görürük ki, ya qiymət yarlıqları yoxdur, ya da mal ayrı qiymət ayrıdır. Ümumilikdə götürsək Azərbaycanda market və digər satış məntəqələrində qiymət siyasəti düzgün yerinə yetirilmir. Bizə hətta skanerləşdirilmiş ticarət mərkəzlərindən də şikayətlər daxil olur. Belə ki, malın üzərində göstərilən qiymət ucuz göstərilir skanerdən keçəndə isə başqa qiymət hesablanır. Bunun aradan qaldırmaq üçün istehlakçılar alış-veriş edərkən onlara verilən çekdə malın adın və qiymətini uzlaşdırmalıdırlar”.

İstehlakçıların aldadılmasının bu gün də davam etməsini təəssüfləndirici hal hesab edən E. Hüsüynov sədr olaraq AİB-in işini də tənqid edib.

Geyim məhsulları bazarında istehlakçıların aldanması faktının çoxluq təşkil etdiyini deyən ekspert bildirib ki, bu istər şişirdilmiş endirimlərdə, istərsə də məhsulun üzərində qiymət yarlıqlarının yoxluğu ilə bağlıdır. “Endirim 25% ola bilər, 75% endirim absurd məsələdir. Bu istehlakçı tələsindən başqa bir şey deyil”, – deyə o qeyd edib.

AİB sədri sözügedən məsələnin istər ölkə iqtisadiyyatına mənfi təsirini, istərsə də istehlakçı hüquqlarının tanınması və müdafiəsi baxımından törətdiyi fəsadlardan və ölkə başçısının da diqqət mərkəzində olduğunu da deyib.

14 yanvar 2011-ci ildə Nazirlər Kabinetinin yığıncağında prezident İlham Əliyevin ölkədə şişirdilmiş qiymətlərin mövcudluğundan narahatçılığını bildirdiyini, lakin bununla belə bu işə cavabdeh olan dövlət orqanlarının bu məsələləri yerinə yetirmədiklərini deyən E. Hüseynov keçən həftə prezidentə rəsmi məktub ünvanladığını deyib: “Məktub artıq Nazirlər Kabinetinə göndərilib. Məktubda qeyd olunur ki, AİB dövlət orqanlarının bu sahəyə dair koordinasiya olunmuş fəaliyyətini təşkil etmək istəyir. Çünki dövlət orqanları koordinasiya olunmuş fəaliyyət göstərmirlər”. O, “Ölkədə qiymət siyasətinin pozulması istehlakçı hüquqlarının qorunması siyasətinin mükəmməl olmamasını göstərir. “İstehlakçıdan pul qopartmaq siyasəti bir növ daha güclüdür. Prezidentə ünvanladığım məktubda bu kimi amillərə xüsusi yer ayrılıb”, – deyə E. Hüseynov əlavə edib.

Elçin Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır