Modern.az

Son üç yüzillik tariximizdə Qarabağın dünəni, bu günü və sabahı

Son üç yüzillik tariximizdə Qarabağın dünəni, bu günü və sabahı

10 May 2021, 18:32

Qarabağın dünəni

“1923-cü ildə Dağlıq Qarabağa verilən o muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bombadır, nə vaxtsa partlamalı idi”.

 

Heydər ƏLİYEV

 

Çar Rusiyası Cənubi Qafqazı işğal edəndən sonra burada durum tədricən azərbaycanlıların ziyanına dəyişməyə başladı. İşğaldan əvvəl bu coğrafiyada hadisə və olayları istiqamətləndirənlər məhz azərbaycalılar olmuşlar. Ermənilər isə heç bir nüfuza malik deyildilər. Görünür, bu durum çar Rusiyasını qane etməyib və orada vəziyyətin dəyişdirilməsinə qərar verilib. Bu niyyətlə İrandan və Türkiyədən çoxlu sayda erməni buraya köçürülüb. Onları Azərbaycanın ən münbit torpaqlarında məskunlaşdırır və hərtərəfli himayə edirdilər. Ermənilər torpaq vergisindən azad idilər, onların gənclərini təhsil müəssisələrində oxudur, əsgər aparıb silahdan istifadə etməyi öyrədirdilər. Əsgərlikdən qayıdan və ya məktəb bitirən gənclər dövlət vəzifələrinə irəli çəkilirdilər. Üstəlik, onlara “dənizdən dənizə” böyük bir ərazidə dövlət qurmaq vədi verilirdi.

 

Sovet dövründə də ermənilərə belə münasibət saxlanılır. Yeni xəritələr cızılanda ermənilərə Azərbaycanın tarixi ərazilərindən yeni torpaq payı verilirdi. Qarabağ torpaqlarının bir hissəsi əvvəlcə mübahisəli ərazi halına gətirilir, sonra ora qondarma ad altında muxtariyyət verilirdi. Aydındır ki, Qarabağın Şimalı, Cənubu, Şərqi və Qərbi var. Min illərin tarixində olmayan “Dağlıq Qarabağ” anlayışı hardan meydana çıxdı

 

Belə güclü dəstəkdən azğınlaşan ermənilər sərsəm planlarını həyata keçirmək üçün bəzi terminoloji hiylələrdən də məharətlə istifadə ediblər. Son 30 ildə ermənilər bir az da irəli gedərək “Dağlıq Qarabağ” anlayışını beyinlərdən silmək üçün himayədarlarının köməyi ilə onu “Artsax” adlandırıblar. Qeyd edək ki, “qara” sözü bir sıra türkmənşəli dillərdə “çox”, “böyük”, “nəhəng” anlamında işlədilib. “Qarabağ” sözü də “Böyük bağ” mənasını verir.

 

Azərbaycanlılar, eyni zamanda, getdikcə iqtisadi cəhətdən də zəif salınırdı, varlı Qarabağ bəyləri “quru bəylərə” çevrilirdilər. Güclü dəstəyin hesabına azğınlaşan ermənilər yerli əhali ilə dinc dolanmırdılar. Babalarımızın “yersiz gəldi, yerli qaç!” deyimi və ya “qoy özümə yer eləyim, gör sənə nə edəcəm” kimi geniş yayılmış deyimləri də ozamankı ictimai-siyasi durumun nəticəsində yaranıb. Bənzər ata sözü gürcülərdə də var. Onlarda da “erməni gəldi - yeni bəla gətirdi” ifadəsi geniş yayılıb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü Hacı Kərim Sanlı “Turut qaçaqları” əsərində yazır ki, türk qaçaqların içərisində bir erməni gənci də varmış. Bu erməninin anasını Tiflisə qubernatorla görüşə aparırlar. Qubernator arvada deyir ki, bu Qafqazda sizləri əlimizin içərisində saxlayırıq, bəs sənin oğlun niyə bu türklərə qoşulub? Erməni qadını deyir ki, kaş sizin ayağınız buralara dəyməyəydi. Siz gələndən bəri bu insanlar bir-birinə düşmən kəsilib.

 

Ermənilərə göstərilən güclü siyasi dəstəyi Çeçerinin 20 iyul 1920-ci il tarixində Nəriman Nərimanova vurduğu teleqramdan da aydın görmək olar: “İndiyə qədər... bizə izah edə bilmirsiniz ki, nə üçün Rusiya qoşunlarının Qarabağı və Zəngəzuru tutmasının əleyhinəsiniz və nə üçün bu ərazilərin Azərbaycana aid olmasını dönmədən tələb edirsiniz. Biz Ermənistanla işlərimizi qaydaya qoymalıyıq. Türkiyə bizə qarşı çevrildiyi təqdirdə, hətta daşnak Ermənistan belə, türk hücumuna qarşı bizim ön istehkamımız, forpostumuz olacaqdır”.

 

Beləliklə, 1800-1900-cü illər ərzində ictimai-sosial vəziyyətə ötəri baxış göstərir ki, güclü himayədarlıq hesabına ermənilər Cənubi Qafqazda söz sahibinə çevriliblər. Azərbaycanlıların isə əksinə, titullu millət statusu əllərindən alınıb. Ədalətsiz yanaşma nəticəsində Azərbaycanın ərazisi zaman keçdikcə 114 min kv.km-dən 86,6 min kv.km-ə qədər azalıb, Ermənistanın ərazisi isə 9 min kv.km-dən 28 min kv.km-ə qədər artıb.

 

Yerli əhalinin müqavimətini qırmaq üçün planlı və düşünülmüş siyasət aparılırdı. Ermənilərlə və qeyri-müsəlman millətlər ilə qohum olmuş və milli ruhu zəif azərbaycanlılara siyasi, inzibati vəzifələr verilirdi. Məqsədli şəkildə təmiz milli qanı, südü qatışdırırdılar. Dayısı erməni olan yeni nəsil azərbaycanlılar yetişdirirdilər. Bu siyasəti başa düşən milli ziyalıları ya məhv edirdilər, ya da Sibirə göndərirdilər. Nəticədə, Cənubi Qafqazda ermənilər titullu millətə çevrildilər. Metaforik dillə desək, ermənilər Birinci Qarabağ müharibəsinə at belində və müasir silahlarla daxil oldular. Azərbaycanlılar isə piyada və silahsız idilər, ov tüfəngləri belə əllərindən alınmışdı.

 

Qarabağın bu günü

 

“Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil”.

 

İlham ƏLİYEV

 

Havadarlarının köməyi ilə ermənilər Birinci Qarabağ müharibəsindən qalib çıxdılar və torpaqlarımızı işğal etdilər. BMT və ATƏT bu işə qoşulsalar da, heç nə etmədilər, haqqı-ədaləti qoruya bilmədilər. Bəlkə də, qorumaq istəmədilər...

 

Birinci Qarabağ müharibəsi zamanı minlərlə vətənpərvər igidlərimiz şəhidlik zirvəsinə ucaldı, qazi oldu. Ölkədə xaos, permanent hakimiyyət dəyişiklikləri baş verirdi. Belə vəziyyətdə respublikanın 91 tanınmış ziyalısı Heydər Əliyevə müraciət ünvanladı və Onu Bakıya dəvət etdi. Nəticədə, Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətə gəldi. Ermənilər Dağlıq Qarabağ münaqişəsini məhz Heydər Əliyevin keçmiş Sovet İttifaqında tutduğu vəzifələrdən uzaqlaşdırıldığı bir şəraitdə gündəmə gətirmişdilər. Ulu Öndər zamanında bu məsələnin yüksək səviyyələrdə müzakirələrə çıxarılmasının qarşısını almışdı. O, Azərbaycanın siyasi rəhbərliyinə qayıdanda mövcud vəziyyəti, tarixi durumu ilk çıxışlarında belə anlatdı: “Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan Dövləti yaradırıq. Bunu elə yaratmalıyıq ki, bu daim yaşasın. Bunu heç bir qüvvə heç vaxt, heç bir yana əyə bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaq üçün sadiq olmalıdır. Və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.

 

Ulu Öndər əvvəlcə ölkədə stabillik yaratmağa müvəffəq oldu. Onun rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Neft kontraktları imzalandı. Ölkəyə valyuta axını başladı. Bütün bunlarla bərabər, sülh danışıqları bir nəticə vermirdi. Qarabağ işğal altında qalırdı. Allahın köməyinə də ehtiyac var idi. Min şükür ki, Allah köməyin əsirgəmədi.

 

Ölkə Prezidenti İlham Əliyev Valday konfransında gur səslə bildirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Gənclər qorxmadan cəbhəyə axışdılar. Analar Qarabağ uğrunda övladlarına xeyir-dua verdilər. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün ərzində zəfərlə başa çatdı. Qələbə əzmi və ruhu öz işini gördü. “Dəmir yumruq” qələbə simvoluna çevrildi. Son 30 ildə həyatımız Qarabağ oxu ətrafında çarəsiz fırlanırdı. Vətən müharibəsinin nəticələri barədə, metaforik ifadə etsək, belə deyə bilərik: “Ali Baş Komandan işğalçı Ermənistanı diz üstə çökdürdü, düşməni torpaqlarımızdan iti qovan kimi qovdu”. Beləliklə, tariximizin şərəfli səhifəsi yazıldı və ermənilərin “Qarabağ nağılına” nöqtə qoyuldu.

 

Ali Baş Komandan İlham Əliyev hərb, informasiya və diplomatiya meydanlarında qələbələr çaldı, ayrı-ayrı beynəlxalq təşkilatlara haqq-ədalət dərsi keçdi.

 

Qarabağın sabahı

 

Kimisi quyu qazar, hər susayan içsin deyə,

 

Kimisi də quyu qazar, gələn-gedən düşsün deyə.

 

İbn Xaldun

 

Hər bir millət öz fəaliyyəti ilə özünün milli portretini çəkir. Azərbaycanlılar Qarabağda hər susayan içsin deyə bulaqlar salmış, bəşər övladı müalicə olsun deyə dilbər guşələr, müalicəxanalar yaratmışdılar. Ermənilər isə özlərinə xas bəd niyyətlə bu bulaqları, dilbər guşələri yerlə-yeksan edərək özlərinin vandal simalarını ortaya qoyublar.

 

Daşı daş üstə qalmayan Qarabağın gələcəyi necə olacaq sualı günün sualıdır. Bu sualın cavabı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamındadır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”adlı mükəmməl sənəddə Qarabağın sabahı ilə bağlı müddəalar öz əksini tapıb. Görüləcək işlərin 5 istiqamətdə aparılması nəzərdə tutulur. Bu istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır.

 

Böyük Qayıdışın uğurla başa çatması üçün bir neçə istiqamətdə ciddi fəaliyyət təmin olunmalıdır. Bunlardan vacibləri dayanıqlı məskunlaşma, iqtisadiyyatın reinteqrasiyasıdır. Ancaq təhsil və enerji təminatı da nəzərdə tutulan vacib məsələlər sırasında yer alır.

 

Azad ərazilərə qayıdışı uğurla təmin etmək üçün qeyri-standart baxış və stimullaşdırıcı tədbirlər lazımdır. Eyni zamanda, ənənələr gözlənilməlidir. Nəzərə almaq lazımdır ki, dağlıq rayonlarda kəndlər və qəbiristanlıqlar, adətən, tam yararsız, qeyri-münbit torpaqlarda salınır, münbit torpaqlar isə əkin və bostan üçün saxlanılırdı. Bu tarixi ənənəni unutmamalıyıq.

 

Müasir dövrdə təhsilə yanaşma çağırışları dəyişib. Qarabağda təhsil müəssisələri XXI əsrin tələblərinə uyğun qurulmalıdır.

 

Qarabağda əhalinin iqtisadi fəallığını artırmaq üçün, enerji unikal vasitədir. Enerji bolluğu iqtisadi inkişaf üçün sehrli çubuqdur.

 

Uğurlu idarəetmədə ən vacib məsələ kadr məsələsidir, kimin harda işləməsi ilə bağlıdır. Adətən, 4 qrup kadrlardan (yaşlı, gənc, kişi və qadın) istifadə edilir. Hansı kateqoriyanı təmsil etməsinə baxmayaraq, insanlara o iş həvalə edilməlidir ki, onlar həmin işləri icra edərkən proseslərin içərisindən məhz idarəedən kimi keçə bilsinlər.

 

Azərbaycan Prezidentinin 01.12.2020 tarixli müracətindən bir cümlə ilə qeydlərimə son vermək istəyirəm: “Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.

 

Mənim doğulduğum Kəlbəcər də azad olundu. Kəlbəcərin işğaldan azad olunmasının anonsunu 1996-cı ildə Ulu Öndər Heydər Əliyev vermişdi: “Şübhəsiz, vaxt gələcək Kəlbəcər ermənilərin işğalından azad ediləcək. Onda bizim həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar”.

 

Rahat yat, Ulu Öndər, Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan işğaldan azad edilib, artıq bu yerlər öz sahiblərinin əlindədir.

 

Şahlar Əsgərov,

professor, YAP Veteranlar Şurasının üzvü, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...