Modern.az

Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                  

Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                  

Dünya

16 May 2021, 15:12

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa son zamanlar münaqişə ilə bağlı verdiyi qeyri-obyektiv açıqlamalarla diqqəti cəlb edib.

 

Ermənistan baş naziri Nikol Paşinyanla telefonda danışan Makron daha sonra Facebook səhifəsində erməni dilində yazdığı statusda “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini dərhal tərk etməlidir”- deyə Laçın rayonunda yaranmış sərhəd mübahisəsinə qərəzli münasibət bildirmişdi. ABŞ Dövlət Departamentinin həmin məsələ ilə bağlı “mübahisəli ərazi” ifadəsi işlətməsinə rəğmən, Makron delimitasiya və demarkasiya prosesi baş vermədən məhz Ermənistanı məsələdə haqlı görüb.

Həmsədr ölkə prezidenti kimi münaqişə tərəfləri arasında balanslaşdırılmış mövqe tutmaq əvəzinə tərəflərdən birini dəstəkləmək təcrübəsi təkcə səslənən bəyanatlarla deyil, Ermənistan baş naziri Nikol Paşinyana çoxsaylı telefon zəngləri, humanitar yardımın göstərilməsi və s. ilə özünü biruzə verir.

Azərbaycan torplaqlarının 30 ilə yaxın işğal altında qalmasına rəğmən, həmsədr ölkə kimi Fransa vasitəçilik missiyasında xüsusi aktivliklə seçilmirdi. Amma Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatından və münaqişəni güc yolu ilə həll etməsindən sonra rəsmi Paris yenidən aktivlik göstərməyə başladı. Rusiya və Fransa prezidentlərinin Minsk qrupunun fəaliyyətinin dirçəldilməsi üçün yeni təkliflər verməsi barədə açıqlama bu aktivliyin təzahürü idi. İstənilən halda, Fransanın Qarabağ məsələsində yanaşması obyektivlik və tərəfsizlikdən çox uzaqdır.

 

Bəs Fransa prezidenti Emmanuel Makronun Ermənistana açıq dəstək verən, Azərbaycana yönəlmiş açıqlamaları nəyə hesablanıb?

Qarabağla bağlı verilən qərəzli açıqlamalarla Fransanın daxili siyasəti arasındakı əsas bağlılıq 2022-ci ilin aprelində baş tutacaq prezident seçkiləri ilə bağlıdır. Belə ki, növbəti müddətə prezident seçilməyə iddialı Makron əsas rəqibi, Milli Birlik partiyasının lideri Marin Le Penə qarşı elektorat toplamağa çalışır. Seçkilərdə Fransada yaşayan yarım milyonluq erməni icmasının da iştirak edəcəyini nəzərə alsaq, hər iki siyasətçinin həmin elektoratın dəstəyini qazanmağa çalışdığını müşahidə etmək olar.

 

Harris İnteractive şirkətinin keçirdiyi rəy sorğusuna görə, Emmanuel Makron və Marin Le Pen arasında seçkilər bu günlərdə keçirilsəydi, Makron minimal üstünlüklə qalib gələrdi. Belə ki, seçkilər apreldə baş tutarsa, Makron seçicilərin 53%-ni, Le Pen isə 47%-ni toplaya bilər.

 

Xanım siyasətçi seçkilərdə qələbə qazanacağından əmindir.

“Düşünürəm ki, seçkilərdə qalib gələcəm. Mən milli birlik hökuməti formalaşdırmaq istərdim. İndiki hökumət sağçıların və solçuların ən pis cəhətlərini özündə birləşdirib”- deyə o, iqtidarı tənqid edib.

Marin Le Pen atası Mari Le Penin əsasını qoyduğu “Milli Cəbhə” partiyasının adını “Milli Birlik” adına dəyişərək ultrasağçı partiyanın imicini müsbətə doğru dəyişib. O, millətçi və irqçi şüarları aradan qaldıraraq partiyaya millətçilərlə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrindən daha çox seçici cəlb etməyi bacarıb.

2012-ci ildə Marin Le Pen prezident seçkilərində iştirak etsə də, ikinci tura çıxa bilməmişdi. 2016-cı ildə isə 1-ci turu adlayaraq ikinci turda Emmanuel Makronla mübarizə aparıb. Lakin həmin vaxt Makron 66% seçicinin dəstəyini alaraq inamlı qələbə qazanmışdı.

 

Koronavirus pandemiyası, pandemiyanın doğurduğu iqtisadi çətinliklər, terror təhlükəsi və s. prezident Emmanuel Makronun reytinqinə çox ciddi zərbə vurub. Onun seçkilərdə 2016-cı ildə qazandığı asan qələbəni təkrar edə bilməsi ciddi sual altındadır.

Hazırkı məqamda hər səs uğrunda mübarizə aparan Makron üçün erməni seçicilərin verəcəyi səs də çox vacibdir. Makronun son aylarda müşahidə olunan erməni sevgisi bu amillə də sıx bağlıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir