Modern.az

Fransa ATƏT-in Minsk qrupundan çıxarıla bilərmi?

Fransa ATƏT-in Minsk qrupundan çıxarıla bilərmi?

16 May 2021, 16:37

ATƏT-in Minsk qrupu  Qarabağ münaqişəsinin bu qurumun prinsipləri əsasında sülh yolu ilə həlli üçün yaradılmış təşkilatdır.  Ən əsası bu qrupa üzv olan ölkələr tərəfsiz mövqedən çıxış etməlidir.

Amma ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa Ermənistan- Azərbaycan arasındakı mübahisələrdə açıq-aşkar Ermənistanı müdafiə xəttini tutur. Fransa rəsmilərinin bu yöndəki qeyri-obyektiv açıqlamaları daim ciddi müzakirələrə səbəb olur.

Ermənistan tərəfini müdafiə edən Fransa ATƏT-in Minsk qrupundan çıxarıla bilərmi?

Məsələ ilə bağlı “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri Əvəz Həsənov Modern.az-a danışıb.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu hansısa siyasi status məsələsini gündəmə gətirsə, Azərbaycan bu qurumun  fəaliyyətini əngəlləyə bilər:

 “ATƏT-in Minsk qrupunun formatına və gələcək fəaliyyət istiqamətinə yenidən baxılmasına ehtiyac var. Minsk qrupu Ermənistan- Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanması üçün yaradılıb.

Əvvəllər Azərbaycan Minsk qrupundan asılı idi ki, Ermənistanı işğal olunmuş ərazilərdən çıxmağa təhrik etsin. İndi münaqişənin formatı dəyişib, Azərbaycan artıq bunu özü edir. Qarabağla bağlı müəyyən proseslər tarixdə qalır. Minsk qrupu hansısa siyasi status və ya statusla əlaqəli münasibətlərin qurulmasını gündəmə gətirəcəksə, Azərbaycan tərəfi onun fəaliyyətini əngəlləyəcək. Əgər Minsk qrupu münasibətlərin normallaşmasına aid yeni təkliflərlə çıxış edəcəksə, Azərbaycan bunu dəstəkləyəcək”.


Ə.Həsənov qeyd edib ki, Fransanın neytral mövqe tutmamasının səbəbi gələcək prezident seçkilərində seçilmə şansı az olan Makronun şəxsiyyəti ilə bağlıdır:


“Formatın dəyişdirilməsinə gəldikdə isə Azərbaycan istəyir ki, Fransa neytral mövqe tutsun. Mən düşünürəm ki, Fransanın neytral mövqe tuta bilməməsinin səbəbi bir ildən sonra seçilmə şansı azalan Makronun şəxsiyyətindədir. Yəni Makron bir il şıltaqlıq edəcək. Bu bir ildən sonra yeni seçilən prezident ümid edirəm ki, Makronun verdiyi yalnış bəyanatları etməyəcək.

Məncə, Makronun qızışdırıcı çıxışlarına göz yuma bilsək, Azərbaycan bu müddəti gözləyə bilsə, Fransa ilə münasibətləri normallaşdırmağa əsası var. Azərbaycan istəmir ki, Fransa kimi Avropanın aparıcı ölkəsi proseslərdən uzaqda qalsın. Ona görə bu məsələləri hökumət gərək tənzimləsin və eyni zamanda Fransanı bu məsələlərdən uzaqda tuta bilsin. Ancaq buna nail ola biləcəyimizi zaman göstərəcək”.

Minsk qrupu ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, ABŞ, Fransa, Polşa, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir. 1996-cı ilin dekabrından qrupun üç –həmsədri var - Rusiya, ABŞ və Fransa.

Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.


Fidan İlqar

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi