Modern.az

Sərhəddə baş verənlər: oyun qaydalarının ŞİFRƏLƏRİ

Sərhəddə baş verənlər: oyun qaydalarının ŞİFRƏLƏRİ

Analitika

17 May 2021, 13:10

Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə onların motivinin əsasını təşkil edən açılmayan və ya açıqlanmayan izlər kontektsində yanaşsaq, oyun qaydalarını analiz etmək zərurəti yaranır.


Rusiya hazırkı geosiyasi mənzərədə əqrəblərini həm Bakı, həm də İrəvanla tutuşdurmağa üstünlük verir, fikir verirsinizsə, bundan əvvəl Gümrüdəki 102-ci bazadan olan kontingentin Sünikdə (Zəngəzur) yerləşdirilməsinə dair məlumatlar açıqlanmışdı.


Rusiya bu gedişlə Ermənistana dəstək görüntüsü yaratmağa, sərhədlərinin mühafizəsini gücləndirmək missiyası kimi mövqe sərgiləyən fon yaratmağa çalışır. Təbii ki, Rusiya bu prosesin Azərbaycanda narahatlıqla izlənildiyini də bilir və bu zaman maraqlarını Bakının mövqeyi ilə uyğunlaşdırmaq üçün danışıqlar aparır.


Birincisi ona görə ki, “Zəngəzur dəhlizi”nin açılması Rusiyanın da marağındadır, bu, Moskva üçün əlavə iqtisadi imkanlar vəd edir. “Zəngəzur dəhlizi”nin reallaşması üçün isə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycanın istədikləri mütləq nəzərə alınmalıdır.


İkincisi, Prezident İlham Əliyevin “Ermənistan istəsə də, istəməsə də, “Zəngəzur dəhlizi”ni icra edəcəyik” kimi ultimativ leksikonda bəyanatından sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov Nikol Paşinyanla görüşü zamanı erməni baş nazir müti şəkildə elan etdi: “Biz bəyanatın bütün bəndlərini yerinə yetirməyə hazırıq”.


Rusiya həm Ermənistandakı hərbi qüdrətini artırır, bununla da İrəvana diktə etmək imkanlarını genişləndirir. Eyni zamanda Azərbaycanın da maraqlarını təmin etməyə çalışır.


Bəs kim nə qazanır?


Aydındır ki, müharibədən sonra Paşinyanın Qərb təmayüllü ritorikasını Rusiyaya simpatiya əvəzləyib. Rusiya Paşinyana başa salır ki, sən hakimiyyətdə qalmaq istəyirsənsə, mənim əlimə oynamalısan.


Əks halda isə Robert Koçaryan kimi ehtiyat kadrı var və onu dövriyyəyə salır.


Rusiya onu da başa düşür ki, Koçaryanın seçkilərdə qələbə qazanmaq şansı aşağıdır, buna görə də, oyun qaydalarından maksimum fayda götürmək istəyir.


İndi şübhə qalmır ki, Rusiya özü də Paşinyana hakimiyyətdə qalması üçün vədlər verir, həm də “Zəngəzur dəhlizi” üçün diktələrini yeridir.


Rusiyanın diplomatik fantaziyaları sərhəd tanımır: Həm Ermənistanı daha da asılı vəziyyətə salır, həm Paşinyanı nəyəsə inandırır, həm Koçaryanı dövriyyəyə salır, həm də maraqlarını Bakı ilə uzlaşdırır.


Azərbaycana gəlincə, əslində çoxumuza aydındır ki, Nikol Paşinyanın hakimiyyətdə qalması Bakıya sərf edir. Paşinyan isə sərhədlərin müəyyənləşməsi üçün Bakının və Rusiyanın diktəsi altında hərəkət edir. Bununla belə, Paşinyanın da nəzəri də olsa öz oyun qaydaları var, lakin praktiki təşəbbüsləri elə bələkdəcə boğulur.
Çıxılmaz vəziyyətdə qalan Paşinyan üçün daxili auditoriyanı da sakitləşdirmək lazımdır, buna görə də, İrəvan üzdə problemin həlli üçün guya bütün resurslarını işə saldığına dair görüntü yaratmaq məcburiyyətindir.


Elə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət də bu qəbildəndir, Paşinyan bununla həm görüntü yaradır, həm də nüfuzunun qalxması üçün hərbi təşkilatdan ümidlərinin reallaşmasını sınamaq niyyətlərini ortaya qoyur. Guya məcburiyyət qarşısında qalarkən oynadığı oyunun qaydalarını pozmaq istəyir.


Ancaq Azərbaycan bütün ölçüləri götürüb və diplomatik kanallar da Bakı üçün ən əlverişli mənbələrə çevrilib, Ermənistanın oyun qaydalarını pozmaq cəhdlərindən vaxtında məlumat alır və dəyirmanın çarxına çomaq soxmaqla İrəvanın hərəkətinə mane olur.


İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı Ermənistanın əl-qolunun təmiz bağlanması baxımından diqqət çəkə bilər.


Qazaxıstan da, Belarus da KTMT-da həlledici ölkədir, onların sərhəd məsələsinə görə, Azərbaycana qarşı cəbhədə yer alacağı inandırıcı görünmür.


Baş verənlərdən aşağıdakı nəticələri çıxara bilərik:

  1. 1. Azərbaycan bütün imkanlarını “Zəngəzur dəhlizi”nin reallaşmasına səfərbər edib. Baş verənlər fonunda orduya “həyəcan siqnalı” verilməklə təlimlər keçirilməsi də xəbərdaredici mesaj daşıyır.
  2. 2. Rusiyanın öz maraqları olsa da, Azərbaycanla konfrontasiyaya getmək niyyətində deyil. Bakı və Moskvanın Zəngəzur məsələsində, sərhədlərin delimitasiyası və demarkasiyasında mövqeləri kəsişən maraqlardan çox, maraqların balanslaşdırılmasına hesablanıb.
  3. 3. Azərbaycan sərhəddəki diktəsi ilə Ermənistanı məcbur edir ki, qoşunlarını tez bir şəkildə sülhməramlıların nəzarət zonasından çıxarsın. Artıq buna dair şifahi razılaşmaların olduğuna dair məlumatlar yayılır.
  4. 4. Paşinyan oyun qaydalarını pozanda da, pozmayanda da çətin duruma düşür, lakin Ermənistanda ictimai rəy hələ də Paşinyanın lehinə işləyir.

ABŞ və Fransaya gəlincə, bu amilləri ayrıca yazıda qeyd etmək yaxşı olar.


Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır