Modern.az

Mədəniyyət paytaxtımız Şuşa

Mədəniyyət paytaxtımız Şuşa

Aktual

17 May 2021, 16:05

 

Bu il may ayının 7-də Azərbaycan Respublikası Prezidenti İ.Əliyev  “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamın bu tarixdə imzalanması həm Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, həm də liderlərin səfəri haqda informasiyalarda dünyanın diqqətini, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəldilməsinə xidmət edir. Məhz həmin sərəncamla Şuşa ölkəmizin mədəniyyət paytaxtı elan olunub.

 

Şuşa tarixən ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmaqla bərabər, həm də bizim mədəniyyət beşiyimiz və Qafqazın konservatoriyası  sayılır. Prezidentin sərəncamının əsas məqsədi elə Şuşa şəhərinin əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasıdır. 

 

Bildiyiniz kimi, Şuşa şəhəri Ermənistan hərbi qüvvələri tərəfindən  1992-ci il mayın  8-də işğal edilmiş, vandalizmin davam etdiyi 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki  dağıdılmış, məbədgah və məscidlər təhqir  edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana və çoxsaylı dövlət müəssisələri yandırılmış, dağıdılmış və talan olunmuşdur. 

 

Milli ordumuz Ali Baş Komandanın rəhbərliyi altında 8 noyabr 2020-ci ildə Şuşa şəhəri vandallardan azad etmişdir. Müzəffər Ali Baş Komandan “Şuşa bizimdir! Qarabağ bizimdir!”,  “Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir”,  “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!”, “ Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyərək bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etmişdi. 

 

Şəhər işğaldan azad edildikdən dərhal sonra  onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin inventarizasiyası aparılmış və bərpa işlərinə başlanılmışdır. Şuşanın azad olunması və şəhərin yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması Ulu Öndərin ən böyük hədəflərindən idi.

 

Şuşanın qorunması məsələsi daima Ulu Öndər Heydər Əliyevin xüsusi diqqətində olmuşdur. Bu məqsədlə 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərarın qəbul olunması nəticəsində nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

 

Bu gün də həmin siyasət uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ fevral ayının əvvəllərində AzTV-yə verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini demişdi. Məhz həmin məqsədlə verilən sərəncamın da imzalanma tarixi kimi 7 mayın seçilməsi özündə mühüm mesajları ehtiva edir. Belə ki, Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu və ermənilər hər il həmin günü qələbə bayramı kimi qeyd edirdilər və şəhərin adını da dəyişərək “Şuşi” adlandırırdılar.çox təəssüf ki, ermənilərin bu vandallıqlarna dünya dövlətləri, o cümlədən bəzi müsəlman ölkələri də səssiz qalmışdılar.

 

Işğal zamanı Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin, Şuşanın türk-Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, daha doğrusu özgələşdirilməsinə cəhd edilmişdir. Onların bu hərəkətlərini Ali Baş Komandan bildirmişdir ki, “Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik”.

 

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Vitse Prezident Mehriban xanım Əliyeva və H.Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü çox mühüm tarixi dəyərlər daşıyır və şəhər tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.

 

Şuşanın bərpası şəhərə Azərbaycan ruhunun qayıdışı olacaqdır. Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə inanırıq.  

 

Prezident İlham Əliyev demişdir: “Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır”.

 

Selenay Rüstəmova - Bakı Biznes və Kooperasiya Kollecin tələbəsi, Nərimanov rayonun fəal gənci

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar