Modern.az

Şuşadan qayıdan tanınmışlar: “Bu səfərin təəssüratı hər şeyi kölgədə qoydu”

Şuşadan qayıdan tanınmışlar: “Bu səfərin təəssüratı hər şeyi kölgədə qoydu”

Mədəni̇yyət

17 May 2021, 16:45

30 ildən sonra ilk dəfə mayın 12-si-13-də Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı özündə Qələbəmizin rəmzini təcəssüm etdirdi. Şuşada keçirilən festivalda Azərbaycanın yenidən dirçəldiyi, doğma torpaqlara qayıdış bütün dünyaya nümayiş olundu.

 

Festivalda iştirak etmiş “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı və Xalq artisti Həmidə Ömərova təəssüratlarını Modern.az-la bölüşüblər.

 

Elçin Şıxlı deyir ki, “Xarıbülbül” konserti mədəni festival olmaqla yanaşı həm də özündə müəyyən mesajlar daşıyan siyasi bir akt idi:

 

“44 günlük Vətən müharibəsində hərb qələbə qazandıq. Həmin qələbənin təməlini siyasi gücümüz qoydu. Şuşada keçirilən “Xarıbülbül” festivalı mənəvi cəhətdən bizim qələbəmizin nöqtəsi idi. “Xarıbülbül” mədəni, mənəvi festival olmaqla yanaşı, həm ictimai, siyasi bir akt idi. Biz bütün dünyaya Şuşanın kimə mənsub olduğunu göstərdik. Bəyan etdik ki, biz bu torpaqları heç kimə verməyəcəyik. Müəyyən məqamlarda əlimizdən almışdılar. Amma Azərbaycan Şuşasız mənəvi yara ilə yaşayırdı. Bu yaranı da sağaltdıq. Bizim işlərimiz hələ ki çoxdur.

 

Biz Şuşaya Qarabağ ermələrinin arasından, Rusiya sülhməramlıların müşayiəti ilə getdik. Bu, təbii ki, insana xoş gəlmir. Amma ləzzət edən o oldu ki, ermənilər 50-60 avtobusdan ibarət karvana təəccüblə baxırdılar. Sonra orada bayram etdiyimizi görüb-eşitdilər. Gecə olan atəşfəşanlığı da izlədilər. Bizdən aşağıda - Xankəndidə oturan stepanlar da bu gün- sabah oradan gedəcəklər.

 

44 günlük Vətən Müharibəsi zamanında milli ruhumuzun möhkəmliyi, millət kimi dirçəlməyimiz və bir yumruq kimi birləşməyimiz baş verdi. İndi də onun mənəvi dadını çıxarırıq. Təbbi ki, nər kimi oğlanlarımız canlarını fəda etdilər. Bizim çoxlu qazilərimiz, salamat qayıdan qəhrəmanlarımız var. Bütün bu mənəvi ləzzət və həzz hissini onlara borcluyuq. Yasımızı tutduq, ağladıq, onların ruhlarına rəhmət, dualar oxuduq. İndi isə ruhlarını şad etməliyik. Qazanılan hərbi qələbəni fərqli şəkildə möhkəmləndirməliyik ki, onlar da bilsinlər ki, canlarını boş yerə fəda etməyiblər”.

 

Həmidə Ömərova bildirib ki, Şuşada həm qazandığımız qələbə, həm də şəhidlərimizin qanı, anaların fəryadı vardı:

 

“Bu günə kimi müxtəlif tədbirlərdə iştirak etmişəm. Amma bu iki günlük Şuşa səfərinin təəssüratı hamısını kölgədə qoydu. Qarışıq hisslər yaşadım. Bir tərəfdən çox sevinirəm ki, qalib gəlmiş torpağa getmişik. Digər tərəfdən isə ürəyim qan ağlayırdı. Çünki azad olunmuş Şuşanın hər qarışına bizim şəhidlərimizin qanı axıb.

 

Keçirdiyim hisslər orada olan hər kəsə aiddir. “Xarıbülbül” konsertinin bağlanışında başda prezident olmaqla hamımız kövrəlmişdik. Bizim ən gözəl musiqi nömrələrimiz ən yaxşı sənətkarlarımızın ifasında həmişəkindən fərqli səslənirdi. Hər bir mahnıda fəryad və qələbə sevinci vardı. Onunla birgə böyük hüzn və kədər hissləri də qabarırdı. Açılışda Kənan Bayramlının ifa etdiyi “Bayatı-Şiraz” təsnifi bizi olmayan şəkildə kövrəltdi. O mahnını Şuşada eşitmək tamam başqa bir hiss idi. Mən inanıram ki, televiziyda bizə baxanlar da eyni hissləri keçirirdilər.
Şuşadan aldığım təəssüratı sözlə ifadə etmək çox çətindir. Orada həm qazandığımız qələbə, digər tərəfdə isə şəhidlərimizin qanı, anaların fəryadı vardı.

 

Sənət yoldaşım Firəngiz Mütəllimova oradan gələndən həmən sonra mənə zəng edib Şuşa üçün darıxdığını söylədi. Bax, Şuşa maqnit kimi insanı özünə belə çəkir.

 

Şuşanın yenidən dirçələcəyinə inanıram. Hamımız da buna inanmalıyıq. Dünyanın ən gözəl şəhəri olacaq. O torpağa qədəm qoyanda hamımız Şuşalı idik. Şuşa Qarabağın döyünən ürəyidir, gözüdür. Və Şuşa bizimdir”.

 

Nəzrin Vahid

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!