Modern.az

Parlament jurnalistləri deputat Valeh Ələsgərovu necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Valeh Ələsgərovu necə xarakterizə edirlər?

Parlament

8 Fevral 2010, 13:53

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyətləri barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Modern.az saytı parlament jurnalistlərinə “Bu deputatı necə xarakterizə edərdiniz?” sualı ilə müraciət etməklə KİV nümayəndələrinin Milli Məclisin bütün üzvləri barədə rəylərini öyrənir. Həmkarlarımız bu dəfə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov barədə fikirlərini bildirirlər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz? “Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Konseptual baxımdan yanaşsaq, millət vəkillərinə qarşı çox aqressivdir. Özünü hamıdan ağıllı və savadlı göstərməyə çalışır. İngilis dilini bildiyini tez-tez qabardır. Deputat olandan sonra ondan ilk müsahibəni məm götürmüşəm. Amma bu, birinci və axırıncı oldu, bir də onunla əlaqə saxlaya bilmədim”. 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Savadlı insandır. Həm də təcrübəlidir, bunlar onun davranışından hiss olunur. Amma jurnalistlərlə heç təmasda olduğunu görməmişəm. Hətta rəhbərlik etdiyi komitənin iclaslarına da jurnalistləri çağırmırlar.  Halbuki o komitədə ölkə həyatı üçün önəmli olan məsələlər müzakirə olunur”.

 

“Trend” İnformasiya Agentıliyinin əməkdaşı Azər Hüseynbala: “Milli Məclis sədrinin ən çılğın müavinidir. Ola bilsin ki, öz sahəsinin mütəxəssisidir, amma deputatlıq fəaliyyətində bu, hiss olunmur. Onun nəinki jurnalistlərlə, heç deputatlarla da yaxınlığını görməmişəm”. 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “İndiyədək ondan bir dəfə də olsun açıqlama ala bilməmişəm. Mən onu çılğın deputat kimi tanıyıram”.

  

“Ayna” qəzetinin əməkdaşı Fərəh Əliyeva: “Birbaşa heç vaxt ünsiyyətdə olmamışam, uzun-uzadı müsahibələr almamışam. Qısa açıqlamalar götürmüşəm. Hər dəfə Milli Məclisdə çıxışlarını diqqətlə izləyirəm. Hər dəfə də mənə öz işini bilən insan təsiri bağışlayıb. Fikir vermişəm ki, o qədər də çox çıxış etməyə həvəsli deyil. Amma hansısa məsələyə münasibət bildirirsə, onu tam, hərtərəfli arqumentləşdirir. Elə çıxış edir ki, çox vaxt qarşı tərəf deməyə söz tapmır. Bu yaxınlarda Pənah Hüseynə ingilis dilində kitab oxumaq məsələsi ilə bağlı dedikləri də yadımda qalan replikalarındandır”. 

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Deputatlardan özünəməxsusluğu ilə seçilir. Oturuşu, duruşu da özünəməxsusdur. Daha çox özünü hamıdan ağıllı göstərməyə çalışması ilə yadda qalıb. İnsanlara xoş münasibəti var, amma daha çox dərs verməyi xoşlayır. Müsahibə istəyən jurnalistləri yola verməyi bacarır”.

 

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Milli Məclisdə siyasətdən başı çıxmayan insandır. Sözünə bütöv deyil. Jurnalist kimi məni 10 dəfə müsahibə vermək üçün çağırıb, amma alınmayıb. Ona görə onun barəsində qeyri-dəqiq olduğu fikrindəyəm. Ola bilər yaxşı nefçi olsun, amma deputat kimi onun barəsində məndə heç bir məlumat yoxdur”.  “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Onunla bağlı bir epizod heç yadımdan çıxmaz. Milli Məclisdə qızğın müzakirələr gedirdi. Baxdıq ki, Valeh müəllim kreslosunun üzünü çevirib qapıya sarı, dərin fikrı gedib. Onun özünəməxsusluqları çoxdur. Ötən ilin sonunda məhz onun rəhbərlik etdiyi komitədə qanuna qanunsuz olaraq əlavə və dəyişiklik edilmişdi. Bəli, belə bir saxtakarlıq onun rəhbəri olduğu komitədə baş verdi. Bəlkə də öz sahəsi üzrə yaxşı mütəxəssisdir. Ancaq Milli Məclisdə vaxtını boşuna keçirməsi mənə heç çatmır”.   Modern.az saytının əməkdaşı Elşad Eyvazlı : “Valeh Ələsgərovdan beş ildə jurnalist olaraq bir əməlli müsahibə ala bilmədik. Məncə, jurnalistlərə antipatiyası var. Heç deputatlara da simpatiyası yoxdur. Deyirlər, ixtisasını yaxşı bilir. Amma deputatlıq məsələsində bunu görmürük. Deyəsən özü də bunu bilir”.     “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlının deputat barədə fikirləri müsbətdir: “O, deputat olmamışdan əvvəl Dövlət Neft Şirkətində çalışıb. Yəni ictimaiyyətə onun fəallığı məlumdur. Milli Məclis sədrinin müavini və komitə sədri kimi fəaldır”.

"Ekspress" qəzetinin əməkdaşı Aqil Aslan: "Valeh Ələsgərov özündən çox razı deputatdı. Jurnalistlərlə təmasda olmaqdan nədənsə çəkinir. Məncə onun yeri Milli Məclis yox, Neft Şirkətidir. O, bu sahədə dövlətə çox xeyir verə bilər".

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “ Ümumiyyətlə o adam barəsində danışmaq istəmirəm. Özündən razı şəxsdir”.

 “Lent.az” portalının əməkdaşı Pərvin Abbasovun fikrincə Valeh Ələsgərov az danışan deputatdır: “Ancaq danışanda da normadan çox danışır. Hətta deyərdim lap çox danışır. Hiss olunur ki, neftlə bağlı məsələlər onun üçün çox həssasdır”.  

“Həftə-içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlının fikrincə V.Ələsgərov aktiv deputatdır: “Qanunvericiliklə bağlı çıxışlar zamanı fərqləndiyini görmüşəm. Fikrimcə o, parlamentdə ən yüksək qiymət ala bilən millət vəkillərindən biridir. Bu il onun daha da aktiv olmasını istərdim”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev düşünür ki, V.Ələsgərov fəal deputat deyil: “Mühüm bir qanun layihəsi olanda, ya da beynəlxalq və neft məsələlərinin müzakirəsində çıxış edir. Bəzən Milli Məclisdə qalmaqal yaradır. Hərdən deputatlar və vitse-spiker Bahar Muradova də ona hirslənir. Biz onu “konseptual” adlandırırıq. Çünki bu sözü tez-tez işlədir”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!