Modern.az

Beynəlxalq təşkilatların azərbaycanlı köçkünlərə ÖGEY MÜNASİBƏTİ

Beynəlxalq təşkilatların azərbaycanlı köçkünlərə ÖGEY MÜNASİBƏTİ

Qarabağ

19 May 2021, 12:02

30 ilə yaxın davam edən Qarabağ münaqişəsi Azərbaycan Ordusunun inamlı qələbəsi ilə başa çatdı. Bu illər ərzində Ermənistanın işğalçılıq siyasətini yalnız bəyanatlar verməklə pisləyən BMT, ATƏT və s. beynəlxalq təşkilatlar 1 milyon məcbur köçkünün problemi ilə sona qədər maraqlanmadı. Ermənistanın kapitulasiya aktından sonra Azərbaycanın yaşayış məntəqələrini dağıtması, evləri yandırması, hətta ev heyvanlarını belə öldürməsi dünya birliyinin gözləri qarşısında baş verdi.

 

Bəs beynəlxalq təşkilatlar nə üçün azərbaycanlı məcburi köçkünlərin ata-baba yurdlarının planlı şəkildə dağıdılmasına göz yumur? Məsələ ilə bağlı niyə heç bir reaksiya bildirilmir?

 

Politoloq Tofiq Abbasov məsələ ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.

 

Onun sözlərinə görə, bir çox hallarda beynəlxalq təşkilatlar Azərbaycana qarşı arzuolunmaz münasibət sərgiləyir.

 

“Lakin bu bir tək Azərbaycanla bağlı deyil. Ümumiyyətlə, bütün ölkələrdə, regionlarda böhranlar, münaqişəli vəziyyətlər baş verir. Belə vəziyyətlərdə biz ancaq beynəlxalq təşkilatların ifadələrinin, şərhlərinin şahidi oluruq. Onlar bəyanat verməklə, tərəflərlə sağlam münasibət qurmaqla öz missiyalarını həyata keçirmiş hesab edirlər. Halbuki, bu kifayət deyil. Ermənistan kimi qəsbkar, cinayətlər törədən ölkəni həqiqətən də günahlandırmaq, məsuliyyətə çağırmaq, onlara qarşı sanksiyalar da tətbiq etmək lazımdır. BMT-nin çıxardığı qərarlar Təhlükəsizlik Şurası ilə bağlı verdiyi qətnamələrin icrası ilə bağlı heç bir mexanizmi yoxdur. Məsələ ilə bağlı ancaq çağırışlar, nələrisə həll etməyən xəbərdarlıqlar eşidirik. Bu baxımdan Azərbaycan da beynəlxalq təşkilatların mövqeyi ilə bağlı narazıdır. Təəssüf ki, bizim əlimizdə elə bir təsir vasitələri yoxdur ki, onları hərəkətə gətirməyə sövq edək. Əminəm ki, biz xalq olaraq öz gücümüzə güvənirik. Bəzi ölkələrin, təşkilatların münasibəti bizi qane etmir. Lakin bizim başqa çarəmiz yoxdur”.

 

T.Abbasov minalarla dolu olan ərazilərin xəritələrinin Ermənistandan alınması təkcə Azərbaycanı qayğılandıran məsələ olmadığını bildirib.

 

“Bu beynəlxalq səviyyədə tanınmış təşkilatların marağına səbəb olmuş bir məsələdir. Onlar da öz səslərini qaldırırlar. Lakin onların da elə bir güclü təsir mexanizmləri yoxdur ki, dönüş yaratsın. Digər təşkilatlar, qurumlar özgədirlər. Onların verdikləri bəyanat Ermənistan kimi azğın siyasət yeridən dövlətdə heçnəyi həll etmir. Onlar başa düşməlidirlər ki, bəzi insanların çətinliklərlə üzləşməsi, iztirablar yaşaması, düzgün hal deyil. Sadəcə onlar bu işdə əməli və daxildən gələn bir münasibət əks etdirmirlər. Bilirlər, görürlər ki, vəziyyət gərgindir. Lakin onu dəyişməkdən ötrü ən yaxşı halda dəstək verirlər. O da bəyanat və münasibət bildirməkdən ibarətdir.

 

Torpaqlarımız işğal altında idi. Azərbaycan dövləti məcburi köçkünləri və qaçqınları mənzillərlə təmin etdi. Yeni salınmış qəsəbələrdə infrastruktur yaratdılar. İndi bəzi rayonlarımızda da görürük ki, böyük ərazilər, sahələr onların ixtiyarına verilib. Bu real bir işdir. Burada Azərbaycan höküməti, Azərbaycan dövlətinin rəhbəri prezident İlham Əliyev həmin insanların problemini bilərək, onların ağırlığını başa düşərək, həyat təcrübəsini görə-görə əməli işləri həyata keçirdi. Və bunun öhdəsindən gələ bildi”.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev də məsələyə münasibət bildirib. O qeyd edib ki, bu məsələ ilə bağlı ilk növbədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz rəylərini bildirməlidir:

 

“Bu proses ilk növbədə sənədləşdirilir. Bundan sonra biz iddialar qaldırmaq niyyətindəyik. Bir sıra hüquqi platformalar, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, digər hüquqşünaslar öz rəylərini bildirməlidirlər. Onu da etiraf etmək lazımdır ki, 90-95% yük Azərbaycan xalqının üzərinə düşür. Biz prosesi özümüz maliyyələşdirməliyik. Təzminat məsələsi də var. Bu proses mürəkkəbdir. Lakin bizim üçün daha çox ola bilsin ki, prinsipal xarakter daşıyır.

 

2015-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Çıraqov Ermənistana qarşı məhkəmə işində qeyd edib ki, bizim ərazilərimiz məhz Ermənistan höküməti tərəfindən nəzarət altına alınıb. Və o işdə Ermənistan hökümətindən tələb edib ki, onlara dəyən maddi ziyanı ödəsin”.

 

Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir