Modern.az

Baş Prokurorluq azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin adlarını AÇIQLADI

Baş Prokurorluq azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin adlarını AÇIQLADI

Hadisə

20 May 2021, 14:24

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın acı məğlubiyyəti ilə nəticələnmiş Qarabağ savaşı beynəlxalq humanitar normalarını kobud şəkildə pozaraq insanlıq, müharibə cinayətləri törətmiş və uzun illər ərzində havadarlarının dəstəyi ilə istintaqdan qaçıb  gizlənmiş şəxslərin tutularaq  cinayət məsuliyyətinə cəlb edilməsinə imkan yaradıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, Ermənistan rəhbərliyinin qanunsuz göstərişləri ilə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub:

 

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən respublikamızın işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı  əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara  işgəncə verilməsi,  qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

 

İstintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək  1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və  həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

 

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən  daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək  müxtəlif xarakterli  işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

 

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib”.

 

Aparılmış istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub:

 

“İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyənləşib. Belə ki, Alyoşa Xosrovyan  1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş  sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

 

Bundan başqa Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin  1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara  mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə  işgəncə verib.

 

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci ildə silahlı bölmələrimizin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

 

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın  Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

 

Rəsmi məlumata görə, 20 may 2021-ci ildə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib:

 

“Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

 

Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq  əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin  müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!