Arxiv
22 May 2021, 19:12 | ƏDƏBİYYAT
Ramiz Kərəm - Ruhun dilində yazan şair - “Oxuyan biləcək kim olduğunu”

(Ramiz Kərəm haqqında yazılacaq kitabdan fraqmentlər)

  
Bu gün –mayın 22-si istedadlı şair Ramiz Kərəmin dünyaya gəldiyi gündür. Ancaq dünyaya gəldiyi 1961-ci ilin mayın 22-si yox, 2021-ci ilin mayın 22-sidir. Həyatdan nakam getmiş unudulmaz şairimiz M. Müşfiq demişkən, “bu yaz başqa bir yazdır”...

                                                     * *  *

...“1961-ci ilin may ayının 22-də Gədəbəyin Ataxal kəndində doğuldum. Ata-anamın kölgəsində zəhmətin, zəhmətkeşliyin, halal  çörəyin, mənəvi ucalığın nə olduğunu görə-görə, duya-duya böyüdüm. Həyat indikindən daha çox maraqlı idi, dünya gözəl idi, bu boyda yer-göy ürəyimizə, gözümüzə darlıq eləyirdi”. Gətirdiyim bu iqtibas R. Kərəmin 2007-ci ildə işıq görən  “Bütün sevdiklərim, unutduqlarım” şeirlər kitabına öz əlləri ilə yazdığı ön sözdən götürülmüşdür. Bu məqamda  həmişə fikir-xəyal edəndə təsəlli tapdığım kiçik bir olayı dilə gətirmək istərdim.  Adını çəkdiyimiz kitab çapa hazırlıq prosesində olanda Ramiz  mənə kitabın giriş sayılan ənənəvi  ön sözünü yazmağımı söylədi. Bildirdim ki, indi yeni və alqışlanası bir ənənə yaranıb, müəllifin özü təbii olaraq fikir və düşüncələrini qələmə alır və səmimi formada oxucusuna üz tutur. Ramiz mənim fikrimlə razılaşdı. O. sonrakı kitablarında da bu ənənəyə sadiq qaldı, səmimi olaraq öz duyğu və düşüncələrini dəyərli  oxucularına  ünvanladı.

                                                    

                                                    *     *     *

...Etiraf edək ki. şair və şeir cəhətdən xalqımız çox varlıdır. Elə bu səbəbdəndir ki, xalqımıza “şair xalq” da deyilib. Bunu R. Kərəm də yaxşı bilirdi: ”...Kənddə yeddi-səkkiz  evi birləşdirən bir nəsildə  altı nəfər şeir yazan kimi tanındı. Bəlkə, xəlvət yazanları da var, bilmirəm. Bu say çoxluğu kənddə nəslimizi  “şair nəsil” kimi tanıtdı. Onsuz da, xalqımızı da “şair xalq “ kimi tanıyırlar. Bəlkə də, belə yaxşıdı. Hər halda “Söz adam öldürmür, adam dirildir”.

Onu da səmimi etiraf edək ki. Allah bu çoxluqda hər kəsin kürəyinə əlini qoymayıb. Tanrı mükafatı yalnız seçilmişlərə qismət olub. R. Kərəm istedad baxımından Tanrının sevib-seçdiyi və qədərincə mükafatlandırdığı şairlərdəndir. Onu da əminliklə deyə bilərik ki, R .Kərəm təkcə doğma nəslinin yox, ümumən ədəbiyyatımızın parlaq yaradıcılığa malik şairlərindəndir.

Bu məqamda bir məsələyə də münasibət bildirmək istəyirəm. Ramiz Kərəmin əsl şair istedadı və özünün də yazdığı kimi, nəsil ağacından altı nəfərin  şair olaraq boy atması belə deməyə  əsas verir ki, onun mənsub olduğu nəsil kökdən-binadan şair olub. Bu dünyada çox şey kökdən-köməcdən gəlir, əsassız heç nə yoxdur. Bir daha vurğulayaq ki,  el-obada şair nəsil kimi tanınan  Ələkbərli nəslinin şah budağı R. Kərəm olmuşdur.                                             

                                     

                                                       *    *    *

 
Bu və ya digər səbəblərdən R. Kərəm geniş ictimaiyyət tərəfindən qədərincə tanınmır. Bunun birinci səbəbi R. Kərəmin sadə və təvazökar xarakteri ilə bağlıdırsa, digər mühüm səbəbi  ədəbi camenin və ədəbiyyatın təşviqi və təbliğinə  məsul olan rəsmi  mədəniyyət qurumlarının diqqətsizliyi ilə birbaşa ilgiləndirilməlidir. R. Kərəmi Azərbaycan ictimaiyyəti  yaxından tanımalıdır. Onun parlaq poeziyası geniş oxucu kütləsinə təqdim olunmalıdır. Çünki onun  möhtəşəm və parlaq poeziyası belə deməyimizə  əsas verir. Elə bu səbəbdən bu məqamda R. Kərəmin bioqrafiyası haqqında ensiklopedik məlumatı geniş oxucu kütləsinin diqqətinə təqdim edirəm.


Həyatı


1961-ci il mayın 22-də Gədəbəy rayonunun Ataxal kəndində anadan olub. 1977-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə  daxil olmuş, 1981-ci ildə  oranı bitirmişdir. 1981- 1985- ci illərdə Saatlı, 1985-2006-cı illərdə Gədəbəy rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 2010-cu ildən  Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda  elmi işçi kimi fəaliyyətə başlamış, 2015-ci ildən institutun Şəki bölməsinin rəhbəri vəzifəsində çalışmışdır.  Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur (2010).

  15 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etmiş,  Gədəbəy rayonunun Ataxal kəndində dəfn edilmişdir. 

Yaradıcılığı

Ramiz Kərəm  1980-ci ildə ədəbiyyata gəlib. İlk  yaradıcılıq nümunələri 1980-ci ildə Azərbaycan Yazıçılar Birliyinin  təsisçisi olduğu “Azərbaycan” jurnalında dərc  edilib. Həmin vaxtdan müntəzəm olaraq  “Azərbaycan” və “Ulduz”  jurnallarında çap olunmuşdur. Ədəbiyyatımızda özünəməxsus dəst-xəttə, fərdi üsluba malikdir. Öz müşahidəsi , duyğu-düşüncəsi ilə fərqlənən, dünyanın məğzinə, insanın mahiyyətinə varan bir şairdir. Poeziyası öz  səmimiyyəti, xalq ruhunun intonasiyası ilə seçilməklə yanaşı,  məzmun və mündəricəsində bəşəri duyğuları təcəssüm etdirir. Yaradıcılığında müasir Azərbaycan ədəbi dilinin yeni ifadə çalarları və poetik dilin zənginliyinin  şahidi oluruq .  

 Şeirləri vaxtaşırı müxtəlif almanaxlarda nəşr olunub. Azərbaycanın Qarabağdakı  möhtəşəm qələbəsinə həsr olunmuş ”Zəfər şeiri” Türkiyə Cümhuriyyətində nəşr olunan “Hece taşları” aylıq şeir dərgisinin  xüsusi buraxılışında dərc edilib.

Əsərləri:

1.“Bütün sevdiklərim, unutduqlarım”,“Avropa” nəşriyyatı, Bakı, 2007

  • “Mən sözdən asıldım”, “Vətənoğlu” nəşriyyatı, Bakı, 2015
  • “Sərçə qanadında qurğuşun yükü”, “Zərdabi”nəşriyyatı, Bakı, 2020
  •  

                                                    *     *     *  

    ... 2019-cu il idi. Görkəmli  həkim, qan problemləri (hematologiya) üzrə tanınmış alim, tibb elmləri doktoru, professor Gürşad Hüseynovun əlyazma halında olan şeirlərini nəşrə hazırlayırdım. Bir çox səbəblərdən əlyazmaları üzərində iş çox çətin gedirdi.  Belə ki, müəllifin öz şeirləri  ilə Azərbaycan ədəbiyyatından sevib-seçdiyi poeziya nümunələri bir-birinə qarışmışdır. Araşdırma prosesində eyni zamanda gələcək kitaba yazılacaq ön sözün  üzərində işləyirdim. Kitabın əlyazması hazır olduqdan sonra onu  Gürşad Hüseynovun qardaşı qızı, həmin vaxt Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyən Hicran Hüseynovaya təqdim etdim. Aradan bir müddət keçəndən sonra Hicran xanımdan kitabın əlyazmasını götürəndə o, mənə gələcək kitab üçün yazdığım ön sözlə bağlı bir iradını bildirdi. Həmin vaxt səslənmiş fikirlər indi də qulaqlarımdan getməyib:” Xeybər müəllim, əmim 59 yaşında vəfat edib. Siz yazırsınız ki, əmim həyatdan vaxtsız köçmüşdür. 59 yaşda həyatdan vaxtsız köçmək yazmaq doğru deyil...”


    Əslində, adıçəkilən kitabın məsləhətçisi olan Hicran Hüseynovanın fikirlərini bütün mənalarda-məntiq və nominal baxımından qəbul etməmək mümkün deyildir. Amma... Amması odur ki, insan daha çox ovqata köklənir, əhvali-ruhiyyədən çıxış edir, danışır və yazır. Həmin günlərdə mənim özüm 59 yaşın içində idim... 59 yaş mənim üçün çox az görünürdü. İndi yazacağım fikirlərin çoxlarına təbii və səmimi görünəcəyinə də əminəm. Çoxlarımız  18-20 yaşı olanda, orta və ali məktəbdə oxuyanda 50 yaş deyiləndə gözlərimizin önündə böyük bir  rəqəm canlanar, xəyalımızdan  xeyli böyük bir ömür-gün yolu gəlib keçərdi... Hətta az-çox yaradıcılığa meyilli olan şəxslər 18-20 yaşlarında  özlüyündə  belə bir xəyallar da qururlar. Yaradıcı şəxslər 29-30 yaşlarında bir şeir kitabı buraxmaq, ondan sonra həyatla vidalaşmaq kimi sentimental hisslərlə yaşayırlar... Ancaq həyatın redaktə və korrektəolunmayan öz qanunları vardır. İnsanoğluna yaradılışından acılar dadızdıran həyat isə ağrı-acılarına baxmayaraq olduqca şirindir...


    Onu da qeyd edim ki, Gürşad Hüseynovun  ömür-gün yolu və bədii yaradıcılığını özündə əks etdirən  “Sözüm-səsim-sorağım”( Zərdabinəşr”, Bakı,  2019) adlı  kitabın redaktoru Ramiz Kərəm olmuşdur.

         
    Yuxarıdakı olayı  təsadüfən qeyd etmirəm. Məqsədim  Ramiz Kərəmin də bu işıqlı dünyadan 59 yaşında köçməsini oxucuların diqqətinə çatdırmaqdır. Bir müddət mən o fikirdə oldum ki, Ramiz Kərəm bu dünyada az yaşadı... İrəli-geri çox fikirləşsəm də, qəlbimdə-beynimdə belə bir fikir hakim olmuşdu ki, o, bu dünyadan vaxtsız köçdü. Mən hər an onu andım, hər gün onu xatırladım. Mən R. Kərəmin şeirlərini  dönə-dönə oxuyandan və başqa nəsnələr barədə fikir-xəyal edəndən sonra onun dünyadan vaxtsız köçməsi ilə barışdım. Onun şeirlərində alın yazısı var:

       ... Öldüm dekabrda, öldüm iyulda,

           Mart da, noyabr da, fevral da həmin.

           İlin hər həftəsi, ilin hər ayı,

           Ölüm tarixidi Ramiz Kərəmin.


     Ramiz Kərəm bu sıralanmada birinci dekabr yazıb. Birinci dekabr yazmaq texniki məqsəd güdmür, sıralanmaya xidmət etmir və qafiyə naminə də belə yazılmamışdır. Buna yalnız materialistlər təsadüf  deyə bilərlər. Əsla təsadüf  kimi qəbul olunmamalıdır.(Bu dünyada təsadüf deyilən heç nə yoxdur Çoxları kimi mən də fəlsəfənin təsadüf adlandırılan kateqoriyasına inanmıram. Bu dünyanın –cümlə-cahanın, külli-kainatın harmoniyası gerçəkdən təsdiqləyir ki, ölçü-biçisiz, çəki -tərəzisiz, nizamsız və sistemsiz bir şey yoxdur). Bu, alın yazısıdır. Tanrının yazısına və taleyin işinə inanmamaq və heyrət etməmək mümkün deyil. Bu dünyada insan heyrətlənərək ömür edir... O ki qaldı R. Kərəmə. O, bu  işıqlı dünyaya heyrətlə baxırdı və yazdıqları ilə də heyrət doğururdu...

       Dərdlərə dərman zaman isə məqamında öz diktəsini edir. Ancaq  sonra  dünya, zaman, tarix, çərxi-fələk, fələyin gərdişi, oxuya bilmədiyimiz alın yazısı barədə fikirləşəndə hər şeyin öz axarı ilə getdiyi ilə razılaşmağa məcbur oluruq. Dünyanın bir çox böyük şairlərinin ömür-gün yolunu göz önünə gətirəndə görürük ki, R. Kərəmin mənəvi sələfləri də uzun və dadlı-ləzzətli ömür sürməyiblər. Bu sətirləri yazarkən gözümün önündən Aleksandr Puşkin, Mixail Lermontov, Sergey Yesenin, Qarsiya Lorka, Mikayıl Müşfiq, Əli Kərim gəlib keçdi. Puşkin 38, Lermontov 27, Yesenin 30,  Lorka 38, Müşfiq 30, Əli Kərim 38 yaşında bu dünyaya əlvida demişlər.

    R.Kərəm  60-a çatmadı... Nominal cəhətdən 59-la 60 arasında vur-tut bir rəqəm fərqi vardır. Amma 59 altmış deyildir və nə yaxşı ki bu belədir. 60  yuvarlaq rəqəmdir. R. Kərəm yuvarlaq yox, narahat və əzablı bir şair ömrü yaşadı. Başqalarını deyə bilmərəm, ancaq məndə 60 rəqəmi və 60 yaş çox fərqli bir assosiasiya yaradır...

    Yazılmayan, ancaq həm də pozulmayan mənəvi məntiqi inkar etmək  də mümkün deyildi. Əsrlərin qənaəti belədir: əsl şairlər uzun ömür sürə bilməzlər. Əsl şair hara, uzun ömür sürmək hara. Əsl şair və uzun ömür sürmək ifadələri bir-birinə tam ziddir.

     

    *    *     *

       
    Deyirlər, qələm Tanrı tərəfindən yerlə göy arasında olan bütün şeyləri və gələcəkdə meydana gələcək vaqiələri yazmaq üçün insana ərməğan olunub. Qələmdən əvvəl insanoğlu fikir-zikrini əliylə-barmağlıyla  xəyalən göylərə, daşla ayağı altındakı qara torpağa yazıb. Ramiz də ilk şeirini saatlarla göz dikdiyi göy üzünə, yüyürüb qaçdığı yurd yerinə yazdı...  Ramiz Kərəmin xatırlamasına görə,  ilk şeirini on beş yaşında olarkən yazıb. Onun tale dəftərinə ilk yazılan , bəlkə də, “şeir” sözü olub. Dil açanda şeirlə dil açıb, ”dünyayla şeir dilində danışıb”:

                               Dedilər ki, şeir yazır,

                               Usta Kərəmin oğlu.

                               Qələmlə deyir sözünü,

                               Dosta Kərəmin oğlu.

    Ramizin dili dildən , sözü sözdən seçildi. O, hamı kimi danışmadı, o, hamının işlətdiyi sözü işlətmədi. O, özgə biri oldu. O, xorda-çoxluqda olmadı, tək oldu, təkcə oldu. Əslidə, yaradıcı şəxs  dil və üslub deməkdir. Ədəbi mətnin dil və üslubu onun müəllifinin təsdiq və inkarıdır. Dil və üslub ədəbi damğadır. R. Kərəm on beş yaşında yazdığı ilk şeirindən son yazdığı poetik nümunəyə kimi  dil və üslubuna sadiq qaldı. Onun bənzərsiz, orijinal və təkrarolunmaz üslubu vardır. Ədəbi mətndə  daha çox tədqiq olunan da həmişə dil və  fikrin ifadə arxitektonikası (üslub) olub və bundan sonra da bunun belə olacağına əminəm. Ona da inamım var ki, R. Kərəm poeziyası zaman-zaman çox müxtəlif yöndən tədqiqata cəlb olunacaqdır.  

       ... Hər şey körpəlikdən gəlir. İlk şeir də körpəlikdə yazılır. Amma həmin ilk şeir dağda-daşda yüyürüb qaçanda, dan üzü günəşin  işaran şöləsinə göz dikəndə, yorğun günəşin qürubuna çönüb baxanda, aylı gecələrin südlü işığına boylana-boylana qalanda, sükuta dalıb sonsuzluğa diqqət kəsiləndəmi, yoxsa yuxudamı yazılır?! Doğrusunu  Allah bilir. Yenə doğrusunu Allah bilir ki, ilk şeir nə vaxt yazılır. Ancaq onu əminliklə deyə bilərəm ki, ilk şeir insanın “qanadları” olan zaman yazılır. Əslində, bu məqamda yazılır feilinin əvəzinə söyləyir yazsaq daha çox yerinə düşərdi. İnsanoğlunun ”qanadları” olanda öz-özünə danışır. “Qanadlar” da insanın təmiz və məsum olduğu dönəmdə- uşaqlıq dövründə olur. Sonra insanoğlunun bilmədiyi səbəbdən həmin “qanadlar” əriyib yox olur. Amma  Tanrı tərəfindən seçilmişlərdə qalır. R. Kərəm  bir insan kimi kamilləşdiyi, bir şair kimi püxtələşdiyi  zaman elə bu etirafda bulundu:

        ...Nədənsə, hərdənbir qəribləşirəm,

           Elə bil hamıdan uzaq düşürəm.

           Bütün dostlarımdan, özümdən küsüb,

           Hər şeyə boylanıb, baxıb son dəfə,

           Yarpızlı dağlardan, bəxtim bulaqdan,

            Sevdiyim güneydən, quzeydən keçib.

            Sonrasa dünyada hər şeydən keçib,

           Uçmaq istəyirəm ulduzlaracan.

     

    Allah  hər kəsə bu istəyi , bu coşqu və bu ilhamı- ulduzlara uçmağı qismət etmir. Allah Ramiz Kərəmə ulduzlara uçmaq sevdasını ona görə ərməğan etdi ki, o,  sözün dalınca getsin:

                            ...Dedim söz əkərəm, söz göyərdərəm,

                             Söz də toxum kimi, söz də dən kimi...

                           ...Mən də bu torpağa dən atmalıyam,

                              Bitib yetişsə də, yetişməsə də.


    Allah ona bu rüsxəti, bu fürsəti verdi- o, söz əkdi, sözü də göyərdi. Tanrı Ramiz Kərəmə bu istedadı, bu imkan və fürsəti  təsadüfən vermədi. Hər şeyin doğrusunu bilən Allah, Ramiz Kərəmin Böyük  Sözə xəyanət etməyəcəyini bilirdi. Allahın izni ilə Ramiz Kərəmin sözü sözlərdən seçildi. Onun sözü  mənəvi və genetik babaları olan İmadəddin Nəsimi, Mövlanə Füzuli, Yunis İmrə, Qaracaoğlan və b. azman söz yaradıcılarının əmanət qoyduqları silsilədə qərarlaşdı.

     

                              *   *  *

     Sərxoş yeriyirəm, yorğun gəzirəm,

     Kim nə fikirləşə, kim hara yoza.

     Ruhumun şəklini, çəkir beləcə,

     Ayağım yollara, əlim kağıza.

     

     Ruhumu yazıram yolların üstə,

     Bəlkə, oxudular yol adamları.

     Bilməzlər ruhumu yazdığım dili,

     Şöhrət adamları, pul adamları.

     

     Qaraltdım   üzünü ağ vərəqlərin,

     Oxuyan biləcək kim olduğumu.

     Kasıb daxmasında çalınan hava,

     Qopuz sinəsində sim olduğumu.

     

     Qələm də yolçudu, mən yolçuyam,

      Gəzirik ötəri səyahət kimi.

      Kağızlar yazılır, yollar gedilir,

      Ruhlar tapşırılır əmanət kimi.


     Nümunə gətirdiyim bu şeir Ramiz Kərəmin  əl atıb götürdüyüm şeirlərindən biridir. R. Kərəmin “Mən sözdən asıldım” kitabına vaxtilə yazdığım məqalədə belə bir fikir işlətmişdim ki, oxucu onun kitabının istənilən səhifəsini açıb oxusun, ardıcıl oxusun, ordan-burdan oxusun ,  fərq etməz, kitabın harasından- əvvəlindən, ortasından, axırından açıb oxusun bircə zəif  şeirlə üz-üzə qalmayacaqdır. Onun sıradan , sönük və adi şeirinə rast gəlmək mümkün deyildir. Onun poeziyası duyğu, düşüncə və hiss poeziyasıdır. R. Kərəmin şeirlərində həssas oxucu  özünü görəcək,  öz hiss və duyğuları ilə üzbəüz qalacaq, öz doğma qəm-kədərini görəcəkdir. Əslində, həqiqi ədəbiyyat, əsl ədəbi mətn ayna-güzgü effekti və əks-səda yaratmalıdır.  

                                               *   *   *

      ... Zaman bir göz qırpımı belə dayanmadan axır. İnsanoğlu çox işlərə əl aparsa da, çox nəsnələrdə bulunsa da, heç vaxt zaman adlı məfhumun işinə qarışmaq niyyətində olmayıb. Yaxşı bilir ki, bu “girməli kol deyil”, baş vurmalı iş deyil. Ancaq insanoğlu öz təfəkkürünün gücü sayəsində yaratdığı simvol və nominal rəqəmlər sayəsində zaman adlı məfhumu məqsədli şəkildə seçib ayırıb və məqam düşəndə ayı və günü təkrarlayıb. Ayın və günün təkrar olunması yalnız nəzərən mümkündür. Bu hal gerçəkdən-astronomik baxımdan mümkün olası deyildir. Dünən dünəndir, bu gün isə bu gün. Dünən bu gün olmadığı kimi, bu gün də sabah ola bilməz.

    R.Kərəm 1961-ci ilin mayın 22-də Gədəbəyin Ataxal kəndində anadan olub. Bu gün də nominal olaraq mayın 22-sidir. Ancaq 1961-ci ili mayın 22-si yox, 2021-ci ilin mayın 22-sidir. Nominal olaraq ilin  rəqəmləri də dəyişib. Zaman axarında hələ çox şey dəyişəcəkdir. Dəyişməyən və gələcəyə üz tutub gedəcək bir varlıq var. O da böyük hərflərlə yazılan SÖZdür. Necə ki, həmin müqəddəs SÖZ Nuh əyyamından bizə qədər gəlib çıxıb, indi də tam əminliklə əlimizi ürəyimizin üstünə qoyub deyə bilərik ki, SÖZ yenə var olacaqdır. Amma hər söz yox, yalnız və yalnız Böyük SÖZ. R. Kərəmin də Böyük SÖZün boy sırasının harasındasa yeri var. Böyük SÖZün ucalan minarələrinin  kərpicləri arasında R. Kərəmin üç şeir kitabı da dayanıb.

    R.Kərəm geniş ictimaiyyət tərəfindən kifayət qədər tanınmasa da, ancaq unutmayaq ki, o, Azərbaycan poeziya kəhkəşanında (pleyedasında) qədərincə işıqlı bir ulduzdur. Onun poeziyasının  bircə nümunəsi  ilə tanış olanlar R. Kərəmin çox parlaq bir yaradıcılığa sahib olduğunu təsdiqləyəcəklər. Bir daha vurğulayıram ki, R. Kərəm poeziyası adi və sıradan bir poeziya nümunəsi deyildir. Onun hər bir misrası, hər bir şeiri insanı düşündürür, hissini-duyğusunu tərpədir, fikir-xəyalını yerindən oynadıb uzaqlara aparır, nəhayətdə insanın ağıl və qəlb, ümumən mənəvi dünyasını zənginləşdirir. R. Kərəmin özü və sözü hay-həşir, qara-qışqırıq salan olmadı. Ancaq onun şeirləri cəlbedici, cazibədar və onu tanıyan oxucunu uzaqdan çağıran bir poeziyadır. Onun şeirləri təbiətindən su içir, xarakterindən qidalanır. O heç vaxt qışqıraq “mən burdayam” demədi. Ancaq indi əminliklə deyə bilərik ki, R. Kərəm  burdadır- ədəbiyyatdadır. Onun ədəbiyyatımızda özünəməxsus bəlli bir yeri var. Bu cür qəti və məsuliyyətli bir fikir söyləməkdə özümü  haqlı sayıram. Ədəbi-bədii dəyərlərə az-çox bələd olan biri kimi tam məsuliyyətlə söyləyirəm ki, onun poeziyası həqiqi və böyük ədəbiyyatın bütün tələblərinə cavab verir. R.Kərəmin adı Azərbaycanın  əsl şairlərinin arasında, imzası böyük şairlərin sırasında çəkilməlidir. Azərbaycan ədəbiyyatında yarandığı gündən bu günə kimi  100 əsl şair varsa, o sırada R. Kərəmin adı və imzası var. Bu nominasiyada 50 nəfər seçilmiş olarsa, yenə də heç bir tərəddüd etmədən R. Kərəmin adı və imzası orada qeyd edilməlidir.

     

    Xeybər GÖYYALLI                         

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
    SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?