Modern.az

Bizimkilər - “ARB24”ün aparıcısı: “Çəkiliş vaxtı üstümə bıçaq çəkiləndə çox qorxmuşdum” - MÜSAHİBƏ

Bizimkilər - “ARB24”ün aparıcısı: “Çəkiliş vaxtı üstümə bıçaq çəkiləndə çox qorxmuşdum” - MÜSAHİBƏ

Media

24 May 2021, 10:37

Modern.az saytı “Bizimkilər” rubrikasına davam edir. Biz bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikanın budəfəki qonağı ARB24 telekanalının jurnalisti Vəfa Quliyevadır.


Arayış:
Vəfa Təyyar qızı Quliyeva 1989-cu ildə Zərdab rayonunda  anadan olub. Orta təhsilini Bakıda Suraxanı  rayonu 290 saylı orta məktəbdə alıb. 2011-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakultəsinin kinoşünaslıq ixtisasını bitirib. 10 ildən artıqdır ki, jurnalist kimi fəaliyyət göstərir. Hazırda ARB24 kanalında fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.


- Vəfa xanım, necə oldu ki, bu peşəni seçdiniz? Uşaqlıq arzusudur?

- Bəlkə də şablon səslənəcək. Amma düşünürəm ki, bu məndə uşaq yaşlarımda yaranan bir sevgi olub. Həmişə xüsusilə xəbər aparıcısı olmaq istəmişəm. Yadımdadı ki, uşaq vaxtı atamın oxumaq üçün aldığı qəzetləri götürüb evdəki güzgünün qarşısına stul qoyub, aram – aram, intonasiya ilə orada yazılan xəbərləri oxuyurdum. Sanki studiyada xəbər aparırammış kimi.

Bir xatirəmi də deyim. AzTV-də o vaxtı Esmira Çərkəzqızı adlı aparıcı xanım xəbərləri hər dəfə təqdim edəndə bütün işimi atıb qaçırdım televizorun qabağına. Bir dəfə əlimi bərk yandırmışdım, həmin aparıcının efir saatı başlayan kimi atam ağlamayım deyə məni çağırdı ki, gəl bax. Həmin xanımın diksiyasına, özünə o qədər valeh idim ki, sevərək xəbərləri axıra kimi izlədim və demək olar ki, əlimin yandığı heç yadıma belə düşmədi. Düşünürəm ki, oxuduğum orta məktəbdə, müxtəlif dövlət tədbirlərinin aparıcısı olmağım, universitet illərində müəllimlərimin “sənin aydın, təmiz diksiyan var, səndən yaxşı diktor çıxar” deməsi və tələbəlik illərimdə praktikamın məhz televiziyada yaşanması mənim bu  peşəni  seçməyimə səbəb olub.


- İlk iş yeriniz hansı mətbuat orqanı olub?

- İlk dəfə  Universitet illərində “Mədəniyyət” qəzetində böyük sənətkarlarla müsahibələrim, uşaqlığımızın əvəzedilməz məktəbli qəzeti olan “Şəkər Villası”nda məqalələrim dərc olunub. Daha sonra ATV, ANS, İnterAz, “Space” telekanallarında təxminən 10 ildən artıq fəaliyyət göstərmişəm. Müxbir, redaktor, aparıcı kimi çalışmışam və artıq 3 ildir ki, Azərbaycanın ilk biznes xəbər kanalı olan “ARB 24”də xəbər aparıcısıyam.



- İşlədiyiniz dövrdə ən yadda qalan hadisə hansı olub?

- Müxtəlif telekanallardakı  fəaliyyətim zamanı  başıma çox hadisələr gəlib. Ən yadda qalanlarını  deyim: bir dəfə reyd zamanı çörək sexinin müdiri çəkiliş aparmağımıza izn vermirdi, səbəb isə sexdəki çörəklərin natəmiz şəkildə hazırlanması idi. Elə çəkiliş qrup ilə müsahibə yaxınlaşmışdım ki, cibindən bıçaq çıxardı və mənə tuşlayıb “çəkil, yoxsa əlimdən xəta çıxar” demisdi. Etiraf edim ki, həmin an çox qorxmuşdum, çünki yenicə müxbir kimi fəaliyyətə başlamışdım. Belə bir hadisəni təsəvvür belə etməmişdim.

Fəaliyyətim boyu çox nadir hallarda kriminal xəbər çəkmişəm. Bir dəfə gənc bir oğlan göldə batmışdı. Günlərlə onun axtarışları gedirdi və mən bununla bağlı canlı efirə çıxmalı idim. Elə canlıya çıxmağıma az qalmışdı ki, gəncin meyitini FHN əməkdaşları sudan çıxartdılar. Ailə üzvləri israrla tanınmaz hala düşmüş meyitin çəkilməsini istəyirdi. İlk dəfə idi ki, bir meyiti çox yaxından və tanınmaz formada görürdüm... Olayın təsirindən necə oldusa huşumu itirdim, bir də gözümü açdım ki, tibb bacıları, polis əməkdaşları başımın üzərindədi, məni ayıltmağa çalışırlar.

Hazırda işlədiyim telekanalda - ARB 24-də xəbərlərin 19:00 buraxılışı üçün pilləkənləri  düşərkən anidən müvazinətimi itirib necə zərblə necə yıxılmışdımsa, həmin efirə çıxa bilməmişdim. Həmkarım Səlminə Ələkbərli sağ olsun, 5 dəqiqə içində hazırlaşıb, məni əvəz etmişdi.
Çox hadisələr olub ən yadda qalanlarını dedim.


- Vəfa xanım, ailəlisiniz. Yoldaşınız bu sahədə çalışdığınızı biləndə işinizə qarşı çıxmadı?


- Bəli artiq 7 ildir ki, ailəliyəm. İki oğul övladımız var. Yoldaşım məni tələbə yoldaşımın, 14 illik rəfiqəmin toyunda (2011-ci ildə) görüb bəyənmişdi. Haqqımda maraqlanarkən, sadəcə olaraq müəyyən səbəblərdən rəfiqəm heç mənim bu məsələdən xəbərim olmadan, yaxşı məqsədlə ona şirin yalan demişdi və söhbət elə oradaca bağlanıbmış. Amma həyat elə gətirib ki, həmin söhbətdən düz 3 il sonra həyat yoldaşım bir təsadüf nəticəsində rəfiqəmin ona yalan dediyini öyrənib. Daha sonra isə məni axtarıb tapıb. Zamanla bir-birimizi tanıyıb, güvənib ailə qurduq. Yoldaşımla ailə quranda artıq 5 il idi ki, bu sahədə idim. Və o mənim bu sahəyə necə bağlı biri olduğumu bilirdi, təbii ki, əvvəl etiraz oldu, amma zamanla güvən, hörmət öz sözünü dedi. Bu gün də mənə güvənir, çalışdığım sahədə fikirlərimə hörmət edir.

Sizə kiçik bir sir də açım, ailə qurandan sonra öyrənmişəm ki, həmişə deyirmiş “bircə jurnalist  xanımla evlənmərəm”.
 


- Övladlarınızın sizin peşəyə yiyələnməsini istərdinizmi?

- Mən peşəmi çox sevirəm, əgər bu peşə üçün bacarıq və qabiliyyətləri olarsa, niyə də yox. Əgər gələcəkdə jurnalist, aparıcı kimi özlərini görərlərsə, onlara həmişə dəstək olmağa hazıram. Amma hələ balacadılar və əsas maraq dairələri idman - futboldu. Böyük oğlum “Manchester United” azarkeşidi, “futbolçu olacam” deyir. Balaca isə hərbçi olmaq arzusundadır.


- Jurnalistika sizə nələri qazandırıb, nələri itirməyinizə səbəb olub?


- Jurnalistika mənə çox seyi - haqqı nahaqqa verməməyi, daha da məsuliyyətli olmağı öyrədib. Bu sahədə peşəkarlarla çalışaraq çox bilgi qazanmışam və indi də o peşəkarlara borcluyam. Gözəl dostlar, həmkarlar, qazanmışam. Bu sahədə çalısarkən böyük bir itkim olduğunu düşünmürəm.


- Heç jurnalistikadan getməyi düşünmüsünüz?

- Bu sahəyə o qədər bagli biriyəm ki, inanmiram gedə bilim. Həyatımın ən böyük uğurları jurnalistika ilə bağlıdır, arzularım da burada gerçəkləşib. Məktəb illərində hər inşa yazanda, hər tədbirdə aparıcılıq edəndə Qarabağımızdan, Şuşamızdan, yenidən bizim olacağından, əzəli torpaqlarımıza qayıdacağımızdan yazardım, danışardım. Və qismət elə gətirdi ki, bu arzum gerçək oldu, deyərdim ki, bu, mənim üçün jurnalist fəaliyyətimdə ən böyük uğurdur. İndi də həmin torpaqların günbəgün abadlaşması xəbərini təqdim edərkən böyük zövq alıram və bu xəbərləri davamlı təqdim etmək  istəyirəm.



- Bu günə kimi çalışdığınız yerlərdən ən unudulmazı hansı olub?

- Əslində çalışdığım bütün KİV orqanlarının hər biri mənə doğmadı, əzizdi. Çünki hər birindən öyrəndiklərim olub, qazandıqlarım olub. Hər biri, bu sahədə bir pillə inkişaf etməmə səbəb olub. Ən unudulmazı bu gün üçün deyərdim ki, hazırda çalışdığım televiziya -ARB24 kanalıdır. Çünki məhz bu kanalın efirində 30 il  işğal altında olan Qarabağımızın azad olunma xəbərini 44 gün yorulmadan, usanmadan, bir gözü gülüb, bir gözü ağlayaraq, təqdim etdik. Mənim üçün ən unudulmaz an məhz burada yaşanıb.


- Özünüzlə bağlı dəyişiklik etmək istəsəniz, nələrdən başlayarsınız?

- Özümlə bağlı vizual olaraq nələrisə dəyişməzdim, çünki təbiiliyə çox önəm verirəm. Xarakterimdə isə səbirsizliyimi dəyişərdim. Deməzdim ki, aşırı səbirsizəm, amma hazırkı dərəcəsi də məni  qane etmir. Bir də çox həssasam, həddən artıq, təssəvvür edin ki, bəzən  aldığım və ya oxuduğum bir xəbərdən təsirlənib gözümün yaşın silib, studiyaya düşmüşəm. Bir müəllimiz var idi, o həmişə deyirdi ki, jurnalist polad kimi möhkəm olmalıdır. Aldığı məlumat, oxuduğu xəbər, yanında baş verən heç bir hadisə onu sarsıtmamalıdır. Bir sözlə, soyuqqanlı olmalıdır. Əslində bu fikirlərlə razıyam, amma bəzən nə etsən də alınmır.

Sonda diqqətiniz üçün sizə təşəkkür edirəm. “Bizimkilər”də bizi izləyicilərə, oxuculara daha yaxından tanıtdığınız üçün minnətdaram…



Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır