Modern.az

Rayonlararası ictimai nəqliyyatla bağlı qaydalar AÇIQLANDI

Rayonlararası ictimai nəqliyyatla bağlı qaydalar AÇIQLANDI

25 May 2021, 14:53

Nazirlər Kabineti yanında Operativ Qərargahının açıqladığı qərara əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa ediləcək.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

 

N.Allahyarova qeyd edib ki, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti xüsusi təlimat əsasında təşkil ediləcək:

 

“Avtovağzal kompleksləri və sərnişin daşıyıcı şirkətlər dərhal zəruri hazırlıq işlərinə başlayıb və 31 may tarixinədək müvafiq xidmətləri göstərməyə tam hazır olacaqlar. Təhlükəsiz daşıma tədbirləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanmış xüsusi təlimat əsasında təşkil ediləcək. Respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı gündəlik dezinfeksiya olunacaq.

 

Sıxlığın qarşısının alınması məqsədilə daşımaların sərnişin axınına uyğun olaraq idarə edilməsi təmin ediləcək. Koronavirus əlamətləri olan sərnişin aşkar edildiyi təqdirdə davranış qaydaları barədə sürücülərin təlimatlandırılması həyata keçiriləcək.

 

Sürücülərdə koronavirus əlamətlərinin olmasına işə başlayarkən və işdən sonra nəzarət olunması, belə şəxslərin avtobusu idarəetmədən müvəqqəti kənarlaşdırılması və aidiyyəti tədbirlərin görülməsi prosesi təmin ediləcək.

 

Sürücülərə dezinfeksiyaedici spirt tərkibli gel məhlulu, birdəfəlik əlcək və maskalar veriləcək”.

 

Onun sözlərinə görə, avtobusların havalandırma prinsipi ilə işləyən daxili soyutma və isitmə sistemlərindən istifadənin məhdudlaşdırılması təşkil olunacaq.

 

“Avtobuslarda təmizlik işləri aparılarkən pəncərələrin qapalı, sərnişindaşıma yerinə yetirilən zaman isə salonun havalandırılması məqsədilə mümkün qədər açıq vəziyyətdə saxlanılmasına nəzarət ediləcək”.

 

Şənbə-bazar günləri şəhərlərarası ictimai nəqliyyatla bağlı məsələyə gəlincə, DANX rəsmisi deyib ki, bununla bağlı Operativ Qərargah tərəfindən əvvəlcə verilmiş qərara dəyişiklik edilməyib:

 

“Ölkə daxilində ictimai nəqliyyatın hərəkəti necə tənzimlənirsə, şəhərlərarası da o cür tənzimləcəcək və məhdudiyyət davam edəcək. Mayın 31-nə qədər yeni qərar olarsa, sərnişinləri məlumatlandıracağıq. Hələlik 5 günlük rejimdə işləməyi düşünürük”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər