Modern.az

Bizim əsgər: “İllərin həsrətindən sonra dədə-baba torpağıma ayaq basanda onu qucaqlaya bilmədim” - MÜSAHİBƏ

Bizim əsgər: “İllərin həsrətindən sonra dədə-baba torpağıma ayaq basanda onu qucaqlaya bilmədim” - MÜSAHİBƏ

26 May 2021, 08:49

Məğrur Əliyev: Müharibə başlayanda, çox çətinliklə yazdığım həmin qısa mesaj mənim vəsiyyətim idi”


Modern.az
saytında “Bizim əsgər” rubrikasına davam edirik. Budəfəki müsahibimiz 25 ildir mətbuat sahəsində fəaliyyət göstərən jurnalist Məğrur Əliyevdir (Əli Polad). O həm də Vətən müharibəsində zabit kimi iştirak edib və yaralanıb. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətində böyük redaktor işləyir.

 

- Məğrur bəy, illərdir yuxularınızda gördüyünüz eviniz, el-obanız uğrunda düşmənlə döyüşmək necə hissdir?


- Hər şeydən öncə yadıma düşən odur ki, müharibə başlayanda sevinirdim... Ona görə ki, 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımızın azad edilməsi üçün bir şans yaranmışdı. Vətən müharibəsinin başlamasından və özümün də ön xətdən döyüşlərə qatılmağımdan çox məmnun idim. Sanki böyük bir hədiyyə almışdım. Əslində, müharibəyə sevinmək qəribə, hətta anormal bir yanaşmadır. Çünkü biz bilirik ki, müharibə qələbə ilə yanaşı, insan itkiləri, dəhşətli dağıntılar, fəlakət də gətirir. Lakin bizim illərlə bu müharibəni həsrətlə gözləməyimizi, nəhayət başlayanda isə sevinməyimizi əsaslandıran bir çox amillər var idi. İlk səbəb odur ki, ermənilər bizə müharibədən başqa yol qoymamışdı. Belə ki, Azərbaycan ötən 30 il ərzində məsələnin sülh yolu ilə həlli üçün çox çalışdı, ən yüksək güzəştlərə hazır olduğunu bəyan etdi. Lakin qarşı tərəf hər dəfə bizi aldatmağa, status-kvonu uzatmağa cəhd göstərdi və tarixi reallığa zidd, Azərbaycanın heç vaxt qəbul etməyəcəyini bildiyi təkliflər, bəyanatlar səsləndirdi. Nəticədə, müharibə torpaqlarımızın azadlığı üçün yeganə çıxış yolu oldu. Digər tərəfdən, biz 90-cı illərdə qeyri-bərabər müharibədə hər cür alçaqlığı özünə rəva görən bir düşmənə məğlub olmuşduq. Bu isə qisas hissimizi daha da alovlandırırdı. Bilirik ki, müharibənin də yazılmış və yazılmamış qayda-qanunları olur. Amma düşmən birinci Qarabağ müharibəsində bunların heç birinə əməl etməmişdi, faşistləri belə kölgədə qoyan əməllərə imza atmışdı. Bunları nəzərə alsaq, müharibə 30 ilə yaxındır üstümüzdə olan bir ləkəni silmək, layiq olmadığımız durumu aradan qaldırmaq üçün bir fürsət idi. Ona görə də Vətən müharibəsində iştirakımdan çox böyük şərəf duyuram. Qeyri-mümkün idi ki, bu müharibə olaydı və mən kənarda qalaydım...

 

- Bəs torpaqlarımızın böyük bir hissəsinin azad edildiyi Vətən müharibəsi başa çatanda, ürəyinizdə qalan bir arzu oldumu?

- Mənim ən böyük arzum torpaqlarımızın tam şəkildə azad olunması idi. Çox istəyirdim ki, canımız-qanımız bahasına Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı və Şuşaya üçrəngli bayrağımızı sancdığımız kimi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərəni də öz nəzarətimiz altına qaytaraq. Düzdü, təbii ki, döyüşlər uzandıqca, itkilərimiz də çoxalacaqdı. Amma biz buna hazır idik. Hətta İrəvana qədər dayanmadan getmək əzmindəydik. Lakin təəssüf ki, bəzi geosiyasi səbəblər ucbatından hamımızın arzusu olan bu mənzərə reallaşmadı. Buna baxmayaraq, inanıram ki, danışıqlar masasında da zamanla qələbələrimiz olacaq və biz bütün Qarabağ üzərində tam nəzarətimizi bərpa edəcəyik, bayrağımız Xankəndidə, Xocalıda da dalğalanacaq.

 


- Döyüşdünüz bölgələr nə ilə yadınızda qaldı?


- Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin sonuna kimi bütün döyüşlərdə iştirak etmişəm. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Qubadlı və son olaraq da Şuşamıza qədər döyüş yolu keçmişəm. Şuşa ətrafında yaralanmışam. 2021-ci ilin yanvar ayında ordudan tərxris olunmuşam. İllərdir həsrətlə uzaqdan baxdığımız torpaqlarımıza yenidən ayaq basmaq, onun sahibi olduğumuzu yaşamaq – haqsızlığın ortadan qalxdığını, ədalətin bərpa olunduğunu təcəssüm etdirən ən gözəl hislərdir. Bu sevinc dolu hislərlə yanaşı, illər öncə tərk etməyə məcbur olduğum ata evimizin bünövrəsinə kimi vandallar tərəfindən dağıdıldığını, eləcə də ecazkar təbiətimizin, tarixi abidələrimizin, qəbiristanlıqlarımızın viran qoyulduğunu, talan edildiyini görmək çox kədərli idi. Buna baxmayaraq, müharibədə məni kövrəldən bir məqam da oldu ki, onu sizinlə bölüşmək istəyirəm. Biz işğaldan azad etdiyimiz torpaqlarımızda irəlilədikcə, bəzi kəndlərimizdə ermənilərin əşyalarla birgə atıb qaçdığı evlərə daxil olurduq. Tərk edilmiş evlər, yerə tökülmüş ailə fotoları, xüsusən də uşaq oyuncaqları məni 30 il öncəyə qaytarırdı. Həmin məqamlarda 1993-cü ildə Füzulidə tərk etdiyimiz evimizin əşyalarının, şəkillərimizin hansısa erməni vandalının, hansısa qana susamış erməni zabitinin ayaqları altında tapdalanması gözlərimin önünə gəlirdi. Tarix təkrarlanırdı, ədalət bərpa olunurdu. Bu dəfə qaçanlar ermənilər idi.

Təbii ki, o zaman tərk etdiyimiz kəndlərimizə sonradan aldadılaraq, şirnikləndirilərək köçürülən sıravi ermənilərin indiki halına acıyırdım da. Amma bu vəziyyətin səbəbkarı onlar idi. Öz rəhbərlərinin yalanlarına inanmaları, reallığı düzgün qiymətləndirərək torpaqlarımızı sülh yolu ilə boşaltmamaları nəticədə onları bu cür acınacaqlı hala saldı.

Eyni zamanda, bu, biz azərbaycanlıların böyüklüyüdür ki, hətta düşmənimizin də acısına kədərlənməyi bacarırıq. Halbuki biz 1990-cı illərdə ermənilərin hər cür qeyri-insani, ağlasığmaz vəhşiliklərinin şahidi olmuşuq.

 

- Əgər həlak olsaydınız...

- Açığını deyim ki, müharibədə sağ qalmaq və ya ölmək barədə düşünməyə vaxt yox idi. Təbii ki, müharibədə olan hər kəs ölümdən və ya yaralanmaqdan sığortalanmayıb. Heç kim bilmirdi ki, hansı güllə onu hansı məqamda yaxalaya bilər və ya mərmi neçə metrliyinə düşəcək. Biz yalnız ona köklənmişdik ki, haqqımız olanı geri almağa gəlmişik. Təbii ki, döyüşlər zamanı tədbirli olmalı və ehtiyatı əldən verməməliydik. Ancaq düzünü deyim ki, məhz sağ qalım deyə, xüsusi tədbirlər görmürdüm. Ola bilərdi ki, hansısa bir şəhidimizin əvəzinə mən ölərdim. Bu, müharibədə nisbi məsələdir. Amma buna baxmayaraq, sağ qalmaq istəyirdim. Çünki yolumu gözləyən övladlarımı, anamı, yoxluğumda ailəmizin bütün çətinliklərini öz üzərinə götürən həyat yoldaşımı və digər doğmalarımı qoyub gəlmişdim. Təsadüfi və tez gələ biləcək bir ölümü həm də ona görə istəmirdim ki, yekun qələbəmizi görüm və bu qələbənin qazanılmasına maksimum öz töhfəmi verim. Sonda isə qalib ordunun zabiti kimi alnıaçıq evimə, doğmalarımın, dostlarımın əhatəsinə qayıdım, övladlarıma xatirələrimi danışım. Onu da dəqiq bilirdim ki, əgər şəhid olsam, övladlarım ömürləri boyu başlarını dik tutub gəzəcəklər. Və tanıyan, tanımayan bütün insanların, dövlətimizin qayğısı ilə əhatə olunacaqlar, sahibsiz qalmayacaqlar. Çünkü Azərbaycanımızda şəhid övladı statusundan yüksək bir ad, məqam yoxdur.

 


- Müharibəyə yollananda, evdəkilərə nə vəsiyyət etmişdiniz?

- Xüsusi bir vəsiyyətim və ya tapşırığım olmamışdı. Əvvəla həyat yoldaşım, qardaşlarım yetkin insanlardır və mən olmayacağım təqdirdə, nə etmək lazım olduğunu bilirlər. Həm də sentyabrın 21-də təkrar hərbi xidmətə çağırıldıqda, bir həftə sonra müharibə başlayacağını bilmirdim. Amma ürəyimə dammışdı ki, nəsə olacaq. Həmin gün ön xəttə yollandığımı biləndə, “Feysbuk” səhifəmdə status yazmışdım ki, Vətən çağırdı, gedirik. Təki, qələbəmiz və bu qələbədə payımız olsun. Sentyabrın 27-də səhər tezdən müharibə başlayanda, od-alovun içərisində çox çətinliklə 5 saniyə vaxt tapıb, həyat yoldaşıma mesaj yazdım ki, müharibə başladı, uşaqlardan muğayat ol. Bu qısa mesaj elə mənim vəsiyyətim idi.

 

- Xanımınız da jurnalistdir. Müharibəyə qatılmağınızda bunun xüsusi bir əhəmiyyəti var idi?

- Vətən müharibəsində bütün peşə sahibləri - jurnalistlər, həkimlər, müəllimlər, sadə kəndli balaları – hamımız hərbçilərimizlə birlikdə çiyin-çiyinə vuruşurduq. Məncə, müharibəyə gedən insanın hansı peşə sahibi olmasının heç bir əhəmiyyəti yoxdur. Yəni müharibədə hər kəs vətənin əsgəridir və bərabər bir vəziyyətdədir. Jurnalistin müharibədə əlində silah döyüşməsi o baxımdan maraqlıdır ki, baş verənlərə başqa gözlə baxırsan. Bu proses yaradıcı insanın təxəyyülündə daha dərin izlər buraxır. Bir də bəlkə jurnalist ailəsi olmağımızın üstünlüyü bu oldu ki, müharibə dövründə həmkarlarımız bizi unutmurdular, haqqımızda mütəmadi yazırdılar. Həyat yoldaşımdan mənim barəmdə daim məlumat alırdılar. O cümlədən də Modern.az saytı döyüş yolumu əvvəldən sona kimi işıqlandırdı. Buna görə Modern.az saytına, dəyərli həmkarlarım Elşad Eyvazlı, Əfqan Qafarlıya, eləcə də Leyla xanım, sizə təşəkkür edirəm.

 

- Soyuq havalarda, çətin şəraitlə üzləşəndə, Məğrur bəy öz həyat təcrübəsini gənc əsgərlərimizlə bölüşürdümü?

 

- Əlbəttə, sevə-sevə. 18-20 yaşlarında, demək olar ki, övladım yaşında olan gənc əsgərlərimizin həm həyat, həm də döyüş fəaliyyətlərində böyüklərin məsləhətlərinə ehtiyacı olurdu. Mənim kimi yaşlı hərbçilərin çətin məqamlarda həyat təcrübələrini, hərbi təcrübələrini onlarla bölüşməsi, şübhəsiz ki, çox faydalı idi. Döyüşlər zamanı təhlükəsizlik, gigiyenik qaydalar və digər məsələlərdə mən də gənc əsgərlərimizə köməklik göstərirdim. Hətta bir əsgərimizin təhlükəsizlik baxımından ciddi səhvinin qarşısını almağa müvəffəq oldum. Hansı ki, bu səhvin nəticəsi faciəli ola bilərdi. Mən özüm də ata olduğum üçün başa düşürdüm ki, gənc əsgərlərimizi evlərində min bir əziyyətlə böyüdən valideyinləri gözləyir. Onlar biz zabitlərə arxayındırlar. Hətta sizə deyim ki, əsgərlərimə bir neçə dəfə yemək də bişirmişəm. Xəstələnəni olanda, dərman verib, üstünü örtmüşəm. O cümlədən ön xətdən arxaya gəlib-qayıdanda, onlar üçün bazarlıq da etmişəm. Mən gördüyüm, tanıdığım bütün zabit-gizirlər əsgərlərə bu cür yanaşırdılar. Biz hamımız müharibədə qardaş idik.

 


- İnsan əzizlərinin dəyərini onları bir daha görə bilməmək qorxusu olanda, daha yaxşı anlayır. Bəs Məğrur bəy necə?

- Əslində əzizlərim, ailəm üçün əsas ona görə narahat olurdum ki, onların gecə-gündüz bütün fikirlərinin, ürəklərinin yanımda olduğunu anlayırdım. Bilirdim ki, kim gecə yatmayıb mənim üçün dua edir və ya kim mənim səngərdə ac ola biləcəyimi düşünüb, yemək yemir... Ona görə də onlarla danışanda deyirdim ki, narahat olmayın, hər şey yaxşıdır. Təbii ki, müharibə şəraitində əzizlərinin  dəyərini daha yaxşı anlayırsan. Eyni zamanda, özünü qorumağa çalışırsan ki, onlar yenidən səni sağ-salamat görə bilsinlər. Yeri gəlmişkən, mən döyüşlərdə olanda, qardaşım anama təskinlik vermək, dualarına dəstək olmaq üçün deyirmiş ki, təki Məğrur yaralansın, ayağı olmasın, qolu olmasın, amma evə sağ gəlsin. Və ya 10 yaşlı qardaşım oğlu Röyal müharibə günlərinə düşən ad gününün qeyd edilməsinə heç cür imkan verməyib. Ha dilə tutublar, deyib ki, olmaz, əmim müharibədədi... Təsəvvür edin ki, bu düşüncədə olan əzizlərini bir daha görə bilmək, eyni zamanda onların da səni sağ görmək istəməsinin nə qədər önəmli olduğunu anlamaq hisləri müharibədə iştirak edən bir hərbçi üçün nə deməkdir.

 

- Əsrlərdən bəri, illərdən bəri,
Qurbanı olduğum yerdir bu yerlər...

İllərdir həsrətində olduğunuz Füzuli rayonunun doğma Yuxarı Seyidəhmədli kəndinin torpağını “qurban olum” deyərək qucaqladınızmı?

- İllərdir əlçatmaz olan kəndimizin, evimizin işğaldan, murdar ayaqlar altında tapdanmaqdan, talanmaqdan azad olması mənim üçün çox böyük anlam kəsb edir. Amma uzun illərin həsrətindən sonra dədə-baba torpağımı qucaqlaya bilmədim. Çünki kəndimizin ərazisindən gecə vaxtı hərbi maşınlarla keçdik. İrəli gedirdik, düşməyə imkan yox idi. Digər tərəfdən, bizim kəndimiz keçmiş cəbhə xəttinin düz arxasında yerləşir. Kəndimizdə demək olar ki, heç bir tikili qalmayıb. Ərazimiz başdan-ayağa səngərlər, tranşeylər və hər metrdə rast gəlinən minalardan ibarətdir. Yəni həyətimizə, evimizin xarabalığına yaxından baş çəkmək təhlükəsizlik baxımından da doğru olmazdı. Bir maraqlı məsələ də var. Döyüşlərin iştirakçısı olaraq, hər gün azad edilən torpaqlarımızda irəlilədikcə, bu reallığı yaşadıqca, artıq konkret hansısa ərazinin sənin doğulduğun kənd, yoxsa başqa biri olduğu fərq etmir. Tam mənası ilə anlayırsan ki, bu torpaqların hamısı vətəndir. İnanıram ki, tezliklə kəndimizin ərazisi də təhlükəsiz hala gətiriləcək və biz doğma kəndimizə dönəcək, dövlətimizin dəstəyi ilə evlərimizi bərpa edəcək, əzizlərimizin məzarlarını ziyarət edib səhmana salacağıq. Əminəm ki, xatirələrimizdə yaşayan o xoş, şad günlərimiz geri dönəcək. Bu illərdə vətənsiz dünyadan köçənlərimiz geri dönə bilməsə də...

 


- Müzəffər ordunun zabiti, illərdir uzaq düşdüyü torpağına qovuşan bir vətəndaş və təcrübəli jurnalist kimi "Əsgər salamı”nızıeşidək.

- Jurnalist, Vətən müharibəsinin iştirakçısı və ilk növbədə bir vətəndaş olaraq, Qarabağımızın böyük bir hissəsinin işğaldan azad edilməsinə görə bütün xalqımızı - ən kiçiyindən ən yaşlısına kimi təbrik edirəm. Mən həmişə deyirəm ki, müharibədə qalib gələn təkcə hərbçilərimiz olmadı. Müharibənin qalibi bütün Azərbaycan xalqıdır, bütün vətəndaşlarımızdır. Mən qalib Azərbaycan xalqını salamlayıram. O xalqı ki, 44 günlük Vətən müharibəsində qəlbləri biz döyüşçülərlə birgə vururdu. Atəş əmri verən Ali Baş Komandanımızı salamlayıram. Birlikdə müharibəyə getdiyimiz 23 nəfərlik zabit qrupumuzu salamlayıram. Sıralarında yer aldığım Artilleriya batareyasının əsgər-zabitlərini, eləcə də müharibədə iştirak etmiş bütün hərbçilərimizi salamlayıram. Vətən müharibəsinin yaralarını öz bədənlərində daşıyan qazilərimizi salamlayıram.

Və ən əsası, həyatlarını torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlərimizin ruhlarını salamlayıram!

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir