Modern.az

Bakıdakı dəhşətli tıxacların səbəbi AÇIQLANDI

Bakıdakı dəhşətli tıxacların səbəbi AÇIQLANDI

Hadisə

26 May 2021, 16:06

Son günlər Bakı tıxacların əlində əsir-yesir qalıb. Ən acınacaqlısı isə odur ki, əvvəllər səhər və axşamın pik saatlarında üzləşdiyimiz tıxacla indi bütün günboyu qarşılaşırıq.

Əksər küçə və prospektlərdə saatlarla sürən tıxac təbii ki, avtobusların hərəkətini də iflic edir. Gecikmələr vətəndaşları vaxtında mənzilbaşına çatmağa qoymur.


Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Modern.az-a açıqlamasında tıxacın hər küçədə müxtəlif səbəblərdən yarandığını bildirib:


“Bir küçədə tıxac nəqliyyat vasitələrinin çoxluğuna görədirsə, digər küçədə sıxlıq halları hansısa bir avtomobilin nasazlığı üzündən onun yol həlqəsində dayanması ilə bağlı olur. Digər bir küçədə qanunsuz parklanma halları tıxac yaradır. Yəni ümumilikdə tıxacların səbəbləri müxtəlifdir. Heydər Əliyev və Ziya Bünyadov prospektində bu gün səhər saatlarında olan sıxlığın səbələri də eyni deyildi”.


"Avtosfer.az" saytının baş redaktoru  Elməddin Muradlı insanların şəxsi nəqliyyat vasitələrinə daha çox üstünlük verdiklərini söyləyib:


İctimai nəqliyyatın zəif təşkil edilməsi, avtobusların sayının az olması, metronun bağlanması insanları şəxsi nəqliyyat vasitələrinə üstünlük verməyə məcbur edir. Eyni zamanda, şəxsi nəqliyyat vasitəsi olmayanlar da taksilərə üz tutur. Bununla paralel təxminən 1 aydır ki, Bakıda “Formula-1” yarışlarına hazırlıq prosesi gedir və yollarda müəyyən məhdudiyyətlər tətbiq olunur. Bəzi yollarda müvafiq mühafizə qurğuları quraşdırılır. Qurğular quraşdırıldıqca, yolların hərəkət hissəsi daralır, bunun da təsirləri var. Sürət aşağı düşür, aşağı düşdükcə də intensivlik azalır”.

Ekspert dünənki sıxlığın məsuliyyətsizlik səbəbindən baş veridyini bildirib:

“Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində, yəni Kukla Teatrının qarşısında tamamilə yeni bir sistem tətbiq etdilər. Bunu BNA-dən, yol polisindən xəbərsiz ediblər. Bu barədə də vaxtında sürücülərə məlumat verilməyib.

Dünən hamımız çox dəhşətli bir mənzərənin şahidi olduq. Əziz Əliyev küçəsindən çıxanda geriyə dönüb sola - Dəniz vağzalı tərəfə hərəkət etmək mümükün deyildi. Əvvəl orada işıqfor işləyirdi. Sağda Əziz Əliyev küçəsindən gələnlər Nefçilər prospektinə çıxıb, həm sağa - Azneft dairəsinə, həm də sola - Dəniz vağzalı tərəfə gedə bilirdilər. Artıq bu mümkün deyil. Hamı sağa getməli, “Azneft”dən fırlanıb, geri qayıtmalıdır. Artıq işıqforda yaşıl dalğa sistemi də işləyir. Orada da yol daralıb. Əvvəl 3 yola işıqfordan hərəkət edib, rahat gedə bilirdilərsə, indi o artıq 1 zolaq olub. Ona görə də vəziyyət çox acınacaqlıdır. Amma bu, müvəqqətidir, nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, ayın 31-dən yuxarıda qeyd etdiyim ərazilərdə hərəkət tamamilə məhdudlaşdırılacaq. Və proses ayın 8-nə qədər davam edəcək”.

 

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov da son günlər müşahidə olunan tıxacların əsas səbəbinin “Formula-1”ə hazırlıq olduğunu qeyd edib:


“Bakıda “Formula-1” yarışlarının keçirilməsi ilə bağlı şəhərin mərkəzi küçələrinin bəzilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Bəzi küçələrdə artıq maneələr qoyulub, hərəkət istiqamətini dəyişiblər. Əsas səbəb odur. Xüsusi bir başqa səbəbi yoxdur. Ümumi olaraq da onu deyə bilərəm ki, səbəb həm də metronun işləməməsi, marşrutların lazımi dərəcə də fəaliyyət göstərməməsi səbəbindən fərdi avtomobillərdən və taksilərdən istifadə hallarının çox olmasıdır”.

 

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?