Modern.az

Ceyhun Hacıbəyli irsindən bir inci - İlk Azərbaycan operası necə YARANDI

Ceyhun Hacıbəyli irsindən bir inci - İlk Azərbaycan operası necə YARANDI

28 May 2021, 09:40

İstedadlı və səriştəli tərcüməçi Oktaedr Qəbələli Ceyhun Hacıbəylinin ötən əsrin 50-ci illərində qələmə aldığı “İLK AZƏRBAYCAN OPERASI  NECƏ YARANDI” adlı xatirəsini rus dilindən dilimizə çevirib. Əsərdə bəzi mübahisəli məqamlar olsa da (nəzərə almaq lazımdır ki, xatirə məlum hadisədən 40-50 il sonra qürbətdə, heç bir mənbəyə, tarixi sənədə yox, yalnız yaddaşın gücünə istinad edilərək qələmə alınıb), bir sıra ədəbi, tarixi və mədəni hadisələrin tədqiqi və dəyərləndirilməsi baxımından mühüm  əhəmiyyət kəsb edir. Xatirəni oxucuların diqqətinə təqdim edirik.

Abid Tahirli,
filologiya elmləri doktoru

 

***

İLK AZƏRBAYCAN OPERASI NECƏ YARANDI


Ceyhun Hacıbəyli


Mən və qardaşım Üzeyir (o məndən üç yaş böyükdür) ilk gənclik illərimizdən musiqiyə meyl edirdik. Qarabağın təbiəti, xüsusilə onun mənzərəli paytaxtı Şuşa, lirika və poeziya sahəsində romantizm və yaradıcılıq ilhamı mənbəyi idi.


Ən istedadlı müğənnilər və sazandalar (çalğıçılar) qarabağlıdır. Qarabağlı müğənnilərdən Hacı Hüsü və Qaryağdı oğlunu, tarzən Sadıqcanı, hətta dahilər adlandırmaq olardı. Peşəkar olmayan çox müğənni və tarzənlər vardı ki, onlar da öz səslərinə və ifasına görə istənilən müğənnidən və ya musiqiçidən heç də geri qalmırdı.


Ana tərəfdən qohumlarımız (dayılarımız, onların oğulları və başqaları) arasında çox nüfuzlu şəxslərin xahişi ilə çıxış edən 4 müğənni və 3 tarzən var idi...


Mənim və qardaşım Üzeyirin məlahətli səsimiz vardı və tezliklə biz yalnız təcrübələr yolu ilə klassik musiqinin (muğamların və ya “dəstgahların”) bütün incəliklərini öyrəndik, “təsniflər” (ritmik oxuma) haqqında heç demirəm.


Qeyd etməliyəm ki, səsin qorunması üçün lazım olan vokal məşqləri bizə o qədər də asanlıqla başa gəlmirdi, çünki atamızın və xüsusilə dayımızın yanında oxumağa utanırdıq: əmim təbiətən zabitəli insan idi və üstəlik, ailə həyatı uğursuz olduğuna görə onun şənlənməsinə səbəb az idi...


Teatrla ilk dəfə məktəb illərində, o vaxt bizim təhsil almağa başladığımız Şuşa rus-tatar (rus-Azərbaycan) məktəbinin nəzarətçisi Hasım bəy Vəzirovun tükənməz enerjisi və təşəbbüskarlığı sayəsində Əbdürəhim bəy Haqverdiyevin məşhur “Dağılan tifaq” pyesinin həvəskar qüvvələr (əsasən müəllimlər) tərəfindən hazırlanmış ilk tamaşasında (vokal hissəsində) iştirak edərək tanış olduq. Bizim rolumuz o qədər də mürəkkəb deyildi: biz meşədə gəzə-gəzə bir mahnı oxumalı idik, həmin mahnının sözləri belə başlanırdı:

 

“Əsmə, badi-səba, əsmə,

Dəymə tellər o tellərə,

Şanə vurma o tellərə

Dad əlindən...”.

 

Biz bu mahnını səhnənin arxasında oxuyurduq,   səhnəyə çıxanda isə “qəflətən” Nəcəf bəyin oğlunun meyitinə “ilişməli” və “Vay, burda bir ölü var!” deyə qışqırıb qaçmalı idik! Bütün bunlar o qədər də çətin deyildi və biz öz rolumuzu kifayət qədər müvəffəqiyyətlə yerinə yetirdik (öz ünvanımıza çoxlu komplimentlər eşitdik), amma bu epizod bizi teatra yaxınlaşdırdı.


Elə həmin il yayda, müəllimlərin əksəriyyəti yay istirahətinə gələn dövrdə yorulmaz təşəbbüskar Haşım bəy Vəzirovun sayəsində həm məktəbin özünün binasında (Xan sarayı cinahında), həm də Xandəmirovun yeganə teatr zalında “Dağılan tifaq” pyesindən əlavə Mirzə Fətəli Axundzadənin, Tolstoyun, Madatovun və başqalarının əsərləri tamaşaya qoyulurdu. Bir dəfə melodik-vokal axşamların birində iki tələbə idillik melodik-vokal dialoqunda Məcnun  və Leyli rollarında çıxış edirdilər. Füzulinin bu romantik poemasının süjeti bizə hələ məktəbəqədər yaşımızdan məlum idi. Ona görə də proqramın bu qısa nömrəsi bizə çox dərin təsir bağışladı.


Bu, bizim tamaşaçılar üçün çox münasib mövzu idi. Lakin həmin dövrdə biz beynimizdə dolaşıq şəkildə yaranmış ideyanı ifadə edə bilmədik. Biz Bakıya gələndən rus və italyan truppalarının opera tamaşaları ilə əyani tanış olandan sonra bu ideya daha real formada  təsəvvürümüzdə canlandı. “Romeo və Cülyetta”, “Tristan və İzolda”, “Traviata”, “Toska” – Leyli və Məcnun mövzusuna oxşar olan bu mövzular bizə xüsusilə güclü təsir bağışladı.


Sentimentallıq romantik meyilli qarabağlılara təbiətən xas olan cəhətdir.

Deməliyəm ki, qardaşım Üzeyir skripka çalmağı və not sistemini hələ biz Şuşadan Bakıya  köçəndən əvvəl, Qori Müəllimlər seminariyasında oxuyan vaxt öyrənmişdi.  Tətil vaxtı, Üzeyir Şuşaya gələndə, ifasını təkmilləşdirmək üçün səylə məşq edir, bu isə mənə Avropa musiqisinin elementləri ilə tanış olmaq, operalardan ayrı-ayrı motivləri və ya romansları öyrənmək imkanı verirdi. Mən də öz tərəfimdən, ona bizim musiqimiz sahəsində yeni biliklərim barədə məlumat verir, yaxud  muğamların bu və ya digər formalarını onun yaddaşında təzələyirdim. Bakıda opera tamaşaları ilə daha yaxından tanış olandan sonra bizim hələ Şuşada olarkən yaranmış dolaşıq fikrimiz daha real formalar kəsb etməyə başladı. Həm Şuşada, həm də Bakıda bu təşəbbüs qardaşıma məxsus idi. O, öz ideyalarını mənimlə bölüşür, sonra isə yaradıcı işin əvvəlcə ümumi şəkildə, daha sonra təfsilatı ilə rəsmiləşdirilməsi üçün mənim fikrimi soruşurdu.


Sözün qısası, 1907-ci ilin baharında biz işə başladıq. Şərait münasib idi: Üzeyirlə mən “İslamiyyə” mehmanxanasında yaşayırdıq, ailəmiz isə əyalətdə, böyük qardaşım Zülfüqarın yanında idi. Biz mətn üzərində işləyir, lirik nömrələri əsasən Füzulidən götürür və onları özümüzün hazırladığımız tam mətnə “qoşurduq”. Ayrı-ayrı vokal nömrələr üçün biz muğam janrları (məsələn, Məcnunun atası üçün Rast və Çahargah, Məcnunun özü üçün Şikəsteyi-fars, Bayatı-Şiraz, Segah və s.) və təsniflər seçir, onları xalq musiqisindən və ya orijinal motivlərdən götürürdük. Qardaşım bu təsnifləri  nota köçürürdü. Tədricən o, xorun çıxışları üçün polifonik tendensiyaları tətbiq edirdi.


Məlumdur ki, bizim musiqidə və ümumiyyətlə, bütün Şərq musiqisində polifoniyalar yox idi, yalnız unisonlar və oktava vardı. Polifoniyanın tətbiqi sonralar qardaşım tərəfindən təkmilləşdirilib. Beləliklə, bu mühüm islahatın pioneri mənim qardaşım olub.


Bizim bu təşəbbüsümüzdən xəbəri olan azsaylı dostlarımız arasında məşhur dramaturq Əbdürrəhim bəy Haqverdiyevin iştirakı xüsusilə dəyərli idi. O özü Avropa musiqisi və not sistemi ilə tanış olduğu üçün bizə qiymətli məsləhətlər verirdi. Hətta sonralar bir dəfə püpitr  arxasında Üzeyiri əvəz etmişdi.


İşimiz yavaş-yavaş irəliləyirdi, bir neçə aydan sonra partitura hazır idi. İndi tamaşa barədə fikirləşmək, orkestr seçmək, münasib artistlər tapmaq lazım idi. Üzeyir seminariya dövründən tanıdığı keçmiş həmkarlarından ibarət simli orkestr təşkil etdi. Bu həvəskar skripkaçılar gərgin məşqlər sayəsində  öz alətlərindən əvvəlki “danqıltı”dan fərqlənən əsl səslər çıxarmağa nail oldular.


Şərq orkestri əvvəlcə bir tar (“uzun” Zeynal), bir kamança (Oqanezaşvili)  və bir qavaldan ibarət idi. Sonradan Üzeyir not sistemi tətbiq edərək Şərq musiqi alətlərindən ibarət böyük simli orkestr təşkil etdi.  Artistlər məsələsi isə  çox mürəkkəb oldu.


Opera üçün yaxşı səsə malik olan artistlər axtarıb tapmaq lazım idi. Hələlik bizim belə artistimiz yox idi. Dram və komediya tamaşalarında çıxış edən artistlər vardı, amma onların ümumiyyətlə, səsi yox idi. Həqiqi müğənnilər axtarmaq da yaxşı düşmürdü, çünki heç bir xanəndə  bizim səhnədə çıxış etməmişdi, Məcnun rolu isə sadə rol deyildi: burada həm səs, həm də kifayət qədər mürəkkəb artistlik bacarığı lazım idi.


Münasib Leyli tapmaq məsələsi də çətin idi – o dövrdə müsəlman qadınlar səhnədə çıxış etmirdilər. Nəhayət, uzun axtarışlardan və dostlarımızlaməsləhətləşəndən sonra Məmmədhüseyn Sarablının şəxsində Məcnun tapdıq. Şəhər upravasında xidmət edən bu şəxsin kifayət qədər yaxşı səsi vardı və həvəskar artist kimi bir neçə dəfə dram tamaşalarında çıxış etmişdi. Bir sözlə, səhnədə dayana bilirdi.


Leyli rolunu bizim əmioğlu Əhməd Bədəlbəyliyə tapşırdıq. İncəbel və bəstəboy olması, üstəlik incə gur səsi müəyyən qədər onu qadına oxşada bilərdi (əlbəttə, o, qadın paltarı geyinmişdi). Leylinin adaxlısı İbn-Salam rolunu Üzeyirin təkidli xahişi ilə mən ifa etməli idim, hərçənd səhnədə oynamaq üçün əldən getmirdim. Məcnunun atası rolu üçün isə əksinə, çox “şairanə” şəxs tapdıq. Bu, əslən qarabağdan olan qocaman müəllimi Mirzə Muxtar  idi. Muğamın bilicisi olan Mirzə Muxtarın cavanlıqda yaxşı səsi olmuşdu və bu səsdən müəyyən qədər qalmışdı. 


Muğamlarla tanış olması onda özündənrazılıq kompleksi yaradırdı. Zavallı qoca əslində bu xüsusiyyəti ilə öz acizliyini ört-basdır etmək istəyirdi. O, bir qədər şıltaqlıq, vasvasılıq edirdi. Məşqlərdə öz nömrəsini ifa edərkən hərdən özündən çıxır, mübahisə etməyi çox xoşlayır, amma az sonra improvizasiyalara qoşulurdu. Tarzən “uzun Zeynal” da tündməcaz adam idi. Təsadüfi deyil ki, o Qarabağın ən sərrast atıcılarından biri hesab edilirdi. Mirzə Muxtar öz partiyasının ifasını başa çatdırmalı olanda təzədən bitib-tükənməz improvizələrə başlayırdi. Bu halda tarzən “uzun Zeynal” təzədən sim seçməli olur, bu isə onu əsəbiləşdirirdi. O, Mirzə Muxtara müraciətlə hirsli-hirsli deyirdi: “A Mirzə, qurtar daaa...!”. Mirzə Muxtar da acıqlı tərzdə etiraz edirdi: “Rəhmətliyin oğlu, qoymarsan musiqimi tamam eliyəm!”.


Ümumiyyətlə, Mirzə Muxtar çox baməzə adam idi. Onu görəndə hər kəsin üzündə təbəssüm yaranırdı.  Amma belə xırda məqamlara baxmayaraq, deməliyəm ki, Mirzə Muxtar öz rolunun öhdəsindən gəlirdi, bu rol hətta sonralar da onun üçün qaldı. İbn-Salam ilə Leylinin toy mərasimində onun “özündən toqquşduraraq” bir klassik melodiyanı  ərəb dilində oxuması tamaşaçılara çox güclü təsir bağışlamışdı.


Leylinin atası rolu o vaxt hələ  həvəskar gənc olan  İmran Qasımova tapşırıldı. Peşəsi podratçılıq olan bu adam bizim təşəbbüsümüzdə çox fəal iştirak edirdi.  Onun çox cingiltili səsi vardı (elə buna görə bizim dəvətimizi ürəkdən qəbul edirdi), lakin Şərq musiqisinin qanunlarına yaxşı bələd idi. Bəzən muğama aludə olur və yüksək notlarda detonasiya edirdi.


Xoreoqrafiya  (balet) məsələsi mənim məktəb yoldaşlarımdan birinə - beş qardaşın ortancılı olan Bəhram Vəzirova tapşırıldı.  Vəzirov qardaşları haqqında deyirdilər: “Əgər Vəzirov qardaşlarının başları da ayaqları kimi, yaxşı işləsəydi onlar Qarabağda  birinci olardılar”.


Hər halda Bəhramın improvizasiyası çox uğurlu oldu. Və o vaxta qədər ərəb rəqslərini öz gözləri ilə görmək imkanı olmayan tamaşaçılar vəcdə gəlmişdi.  Bunu deməyə ehtiyac varmı ki, baletmeyster özü də heç vaxt ərəb rəqsi görməmişdi.


Personajların sayı artdıqca  məşqlər üçün  münasib yer barədə fikirləşmək lazım idi, çünki mehmanxanada bizim qaldığımız otağa bu qədər adam yerləşmirdi. “Leylinin atası” İmran Qasımov  böyük zalı olan öz evini təklif etdi və biz bəzi məşqləri orada təşkil etdik. Lakin İmranın böyük qardaşı, köhnə düşüncəli Hacı Qasımov bu məsələyə şübhə ilə yanaşırdı – bütün bunlar ona yabançı, qəribə görünürdü. O, başını yelləyərək deyirdi: “Bundan heç nə çıxmayacaq”! Ona (təkcə ona yox, çoxlarına)  elə gəlirdi ki, biz əlçatmaz, fantastik, qeyri-təbii, üstəlik adi müsəlman gerçəkliyi ilə bir araya sığmayan, qəbahətli bir fenomen üçün çalışırıq.


Amma hər halda məşqlərimiz gah burada, gah başqa bir yerdə, harada imkan düşsə davam edirdi. Əvvəlcə,  ifaçılar arasında böyük uyğunsuzluq vardı. Hər kəs səhnə intizamının və ifanın dəqiqliyinin ziyanına fərqlənməyə çalışırdı. Xüsusən Mirzə Muxtar özünü lap “Enfantterriblr” (şıltaq uşaq) kimi aparırdı. O, partituradakı tapşırıqlardan daha çox, özünün böyük sənət bilicisi kimi nüfuzunun qayğısına qalırdı. Leylinin atası rolunu ifa edən İmran Qasımova gəldikdə isə, o, Şərq musiqisinin mürəkkəb fortituralarını yetərincə bilmirdi və bu boşluğu qeyri-məhdud səs diapazonu hesabına (o, üç oktava oxuya bilirdi) doldurmağa çalışırdı. Nəticədə o, çox tez-tez detonasiya edirdi. Üzeyir və mən onu belindəki adamın onu dəhmərləməsini gözləmədən yerindən ox kimi qopub, cilovu gəmirə-gəmirə irəli cuman və hər dəqiqə uçuruma yuvarlanmağa risk edən harın ata bənzədirdik. Onu öyrətmək üçün çox əziyyət çəkməli olduq.


Xorda oxuyanlara öz nömrələrini ifa edərkən qayda gözləməyi, döyüşçülərə isə (belələri də vardı) dava zamanı ifrata varmamağı və öz zərbələrini musiqi tempi ilə uyğunlaşdırmağı öyrətmək də çətin idi. Qeyd etmək lazımdır ki, bütün bu gərgin işin çox böyük hissəsini qardaşım Üzeyir yerinə yetirirdi. Bəzən o, gecə saat ikiyə-üçə qədər masa arxasında əyləşir, heyrətamiz səbr və inadkarlıqla musiqili-vokal ifa üçün harmonik səhnə ansamblı yaratmağa çalışırdı. Mən də imkanım daxilində ona kömək edirdim.


Azərbaycan səhnəsinə ilk milli opera gətirmək barədə təşəbbüsümüz “Nicat” maarifçilik cəmiyyəti ətrafında birləşmiş bəzi mütərəqqi elementlərin maraq və rəğbətinə səbəb oldu (Əbdürrəhim bəy Haqverdiyev barədə danışmaq artıqdır). Bu cəmiyyətin bəzi üzvləri bizim niyyətimizin ciddi olmasını yəqin edəndən sonra ilk milli operanın taleyində daha yaxından iştirak etməyə başladılar. 


Bu cəmiyyətin rəhbərlərindənİsabəyAşurbəyov bizim təşəbbüsümüzdə xüsusilə fəal iştirak edirdi. Nüfuzlu və varlı Aşurbəyovlar ailəsinin nümayəndələrindən biri olan İsabəy həm də mesenat idi, redaktoru məşhur Azərbaycan-türk publisisti və siyasi xadim ƏhmədbəyAğaoğlu olan “İrşad” qəzetini maliyyələşdirirdi.


İsabəylə “İrşad” qəzetindən dost idik. Mənim qardaşım Üzeyir həmin qəzetin əsas əməkdaşlarından biri (mən özüm də jurnalist fəaliyyətimə bu qəzetdə başlamışam), İsabəy isə naşir idi. Dostumuz İsabəy hər vasitə ilə bizə kömək etməyə çalışırdı.


Nəhayət, əlamətdar gün, daha doğrusu əlamətdar axşam gəlib yetişdi. Hamı, ən çox da müəlliflər həyəcanlanırdı. Bütün ağırlıq Üzeyirin üstünə düşmüşdü. O, yorulmaq bilmədən bütün məşqləri özü aparırdı.


Bu hadisənin hansı gündə və hətta hansı mövsümdə olması yadımda deyil, təkcə onu xatırlayıram ki, 1908-ci il idi... Üzeyir dirijor çubuğunu qaldırdı və Tağıyev teatrının tamaşaçılarla dolu zalı gərgin maraqla tamaşanı izləməyə başladı.


Adətən teatrda hay-küy salan tamaşaçılar bu dəfə bütün tamaşa boyu susmuşdular, onlar hətta aktyorları alqışlamağa da cəsarət etmirdilər. Yalnız xüsusilə sentimental tamaşaçıların gözlərindən axan yaş və Leylinin atası öz qızını Məcnuna  verməkdən qəti imtina edərkən onların həyəcanlanması görünürdü. Alqış sədaları yalnız tamaşanın sonunda eşidildi və bütün bu müddətdə  özünü təmkinli aparan tamaşaçılar nəhayət, indiyə qədər görünməmiş tamaşadan duyduqları məmnunluq və ləzzət hissini ifadə etdilər.


Müəyyən mənada həvəskarların hazırladığı ilk Azərbaycan operasının tamaşası belə başlandı və başa çatdı.

 


Azərbaycan Respublikası Mərkəzi Dövlət

Ədəbiyyat və İncəsənət arxivi. Fond № 649

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!